SON XƏBƏR

"Neft pulları hakimiyyətdə çox böyük arxayınçılıq yaratdı" - Qubad İbadoğlu

Yanvar 25
10:14 2016
2015-ci ildə manatın devalvasiyası və neftin qiymətinin rekord aşağı səviyyəyə çatması ilə əlaqədar yaranmış iqtisadi durum həm Azərbaycan hökuməti, həm də müstəqil ekspertlərin diqqət mərkəzində olub. Milli Məclisin növbədənkənar sessiyasında "Əmanətlərin sığortalanması haqqında” və "Valyuta tənzimi haqqında qanunlara dəyişikliklər müzakirə edilib. "Demokratiya və rifah hərəkatının rəhbəri, iqtisad elmləri doktoru Qubad İbadoğlu Amerikanın Səsinin "Amerika icmalı” proqramında müsahibədə qəbul edilmiş qanunvericilik aktları və iqtisadi böhranın təsirlərini şərh edib.
 
Problemlərin kompleks həlli üçün proqrama ehtiyac var
 
Qubad İbadoğlu Milli Məclisin Azərbaycanda iqtisadi durumun müzakirəyə çıxarılmasını təqdirəlayiq hal adlandırıb, lakin o qeyd edib ki, müzakirələr hökumətin yaranmış iqtisadi durumda problemlərin həlli üçün kompleks tədbirlər proqramına malik olmadığını göstərib. "Əmanətlərin sığortalanması haqqında” və "Valyuta tənzimi haqqdında qanunlara təklif olunan dəyişikliklərə gəldikdə, mən əmanətlərin sığortalanması haqqında qanundakı dəyişiklikləri müsbət qiymətləndirirəm, çünki həqiqətən də Azərbaycanda bütün əmanətlərin sığortalanmasına ehtiyac var idi və dövlət buna təminat verməli idi, xüsusilə də indiki həssas dövrdə. Nəzərə alsaq ki, bankların əmanətçilərlə, eyni zamanda kreditorlarla müəyyən problemləri var və bu problemlər əmanətçilərdə həqiqi mənada inamsızlıq yaradır. Banklara olan inamı artırmaq üçün belə bir təşəbbüs müsbət dəyərləndirilməlidir. Ancaq "Valyuta tənzimi haqqında” qanuna gəlincə, çox təəssüflər olsun ki, Azərbaycan hökuməti yenə də valyutanın hərəkətinə nəzarət etmək istəyi ilə çıxış etdi və bu, bir növ inzibati tənzimləmə mexanizmlərinə üstünlük verilməsinin göstəricisidir. Və onlar təklif elədilər ki, Azərbaycandan çıxarılan valyutaya 20 faiz həcmində vergi tətbiq olunsun. Bu, 50 mindən çox olan valyutalar üçündür və kapitala belə nəzarətin olunması son nəticədə Azərbaycana xarici sərmayələrin gəlinməsində müəyyən əngəllər yarada bilər. Bu baxımdan mən hesab edirəm ki, kapitalın sərbəst hərəkətinə Azərbyacan hökuməti təminat verməlidir. Kapitalın ölkəyə daxil olması, ölkədaxili hərəkəti və eyni zamanda, ölkədən kənara çıxarılması təbii ki qanun çərçivəsində tənzimlənməlidir. Ancaq bununla bağlı qəbul edilən 20 faizlik vergi hesab edirəm ki, bəzi şirkətlərin Azərbaycanın daxili bazarında fəliyyat göstərmək istəklərinə müəyyən mənada çətinliklik yaradacaq".
 
Azad sahibkarlığın inkişafı işsizlik probleminin həllinə kömək edə bilər
 
Devalvasiya və bahalaşmaya etiraz olaraq Azərbaycanın bir sıra rayonlarda əhalinin keçirdiyi aksiyalar işsizlik probleminin səviyyəsi və miqyasını nümayiş etdirdi. Qubad İbadoğlu yaranmış iqtisadi durumda işsizlik probleminin həlli yolları ilə bağlı fikirlərini bölüşüb: "Bu problemi bir gündə həll etmək mümkün deyil və Azərbaycan hökuməti əvvəldən ölkədə yeni iş yerlərinin açılması ilə bağlı əhəmiyyətli tədbirlər keçirməli idi. Düzdür, müəyyən statistik göstəricilər açıqlanırdı və yeni iş yerlərinin açılması istiqamətində müzakirələr gedirdi. Amma sonradan bəlli oldu ki, yaradılan müəssisələr, açılan iş yerləri çox qısa bir müddətdən sonra bağlanır. Məsələ bundan ibarətdir ki, bu gün Azərbaycanda dövlətin iqtisadiyyatda iştirakı kifayət qədər yüksəkdir və dövlətin iqtisadiyyatda iştirakının azaldılması istiqamətində dəyişikliklər baş verməlidir ki, yeni iş yerləri açılsın. Bunun üçün ilk növbədə, azad sahibkarlıq, bu dövr üçün iqtisadiyyatın aparıcı lokomotivinə çevrilməlidir. Yəni azad sahibkar üçün lazım olan sərbəst qiymət qoymadır, rəqabətdir, mülkiyyət üzərində öz hüquqlarını həyata keçirmək istəkləridir, bütün bunların hamısına təminat verliməlidir. Hesab edirəm ki, Azərbaycanın hazırkı dövrdə əsas fəaliyyəti məhz azad sahibkarlığın inkişafını dəstəkləməklə, ixracatı stimullaşdırmaqla, eyni zamanda qeyri-neft sektoruna əlavə sərmayələr cəlb etməklə yeni iş yerlərinin açılması hədəfdə durmalıdır. Təbii ki, bununla yanaşı, inflasiya da tənzimlənməlidir, amma əsas göstəricilərdən biri, xüsusilə də sosial baxımdan əhəmiyyətli məsələlərdən biri- Azərbaycanda yeni iş yerlərinin açılması məsələsini yalnız azad sahibkar həll edə bilər və bunun üçün dövlətin özünün iqtisadiyyatda rolunu genişləndirməsi əlavə problemlər yaradacaq".
 
Post-neft dövrünün siyasəti insitusional reformalar tələb edir
 
Qubad İbadoğlu Azərbaycanda post-neft dövrünün qısa sürdüyünü qeyd edib və deyib ki, iqtisadiyyatın post-neft dövrünə uyğunlaşdırılması siyasəti institusional dəyişiklər tələb edir: "Azərbaycanın neft dövrü çox qısa müddətdə oldu, təxminən 10-15 il sürdü və bu, dünya ölkələri ilə müqayisədə böyük dövr deyil və ona görə də bu 10-15 illik dövrdə gələn neft pulları Azərbaycan hakimiyyətində çox böyük arxayınçılıq yaratdı. Çox təəssüf ki, heç kəs post-neft dövrü haqda fikirləşmirdi, yalnız ekspertlər bu barədə danışırdılar. İndiki halda isə post-neft dövrünə keçidin əsas siyasəti institusional reformaların aparılması olmalıdır. Yəni yeni qaydalar qəbul olmalıdır, yeni institutlar yaradılmalıdır və bu, bazar institutları olmalıdır. Bu, dövlətin iqtisadiyyata müdaxiləsi yolu ilə həyata keçirilməli deyil. Təəssüflər olsun ki, bu keçid dövrü Azərbaycan hökuməti yenə də inzibati tənzimləmə metodlarına üstünlük verir. Qiymətin süni şəkildə qaldırılmasına qarşı mübarizəni mən təbii ki dəstəkləyirəm, amma bütövlükdə bu adla qiytmətlər üzərində total nəzarət həyata keçirməyi isə düzgün hesab etmirəm. Bu, gələcəkdə Azərbaycanın istehlak bazarında müəyyən mənsubların çatışmazlığına gətirib çıxara bilər. Eyni zamanda, bu keçid dövründə inzibati qaydada həyata keçirilən valyuta tənzimlənməsi Azərbaycanda elan olunmuş üzən məzənnə siyasətinin fəlsəfəsinə ziddir. O baxımdan indiki dövr üçün mənim əsas hesab elədiyim əsas məsələlər institusional reformalardır və eyni zamanda, iqtisadiyyatın liberallaşdırılmmasıdır. Hesab edirəm ki, dövlət rəqabəti dəstəkləməlidir ki, biz post-neft dövrünə daha tez keçə bilək”.
 
İran neftinin dünya bazarına çıxması regionda iqtisadi qüvvələr nisbətini dəyişəcək
 
Bu həftə dünya qüdrətləri və İran arasında əldə edilmiş razılığın şərlərinə əsasən, Tehrana qarşı tətbiq edilmiş sanksiyalar aradan qaldırılıb. Bu, İranın iqtisadi arenaya yenidən qayıtması deməkdir. Qubad İbadoğlu bunun regionda iqtisadi proseslərə təsirindən danışıb: "Təbii ki bu regionda iqtisadi qüvvələr nisbətini dəyişəcək. İran son illər nə Avropa, nə də Birləşmiş Ştatlarla, nə də Avropa ilə yaxın ölkələrlə ticari-iqtisadi əlaqələrini həyata keçirə bilmirdi. İndi isə İran neftini dünya bazarına çıxarmaq, Avropa bazarına çatdırmaq üçün bütün baryerlər aradan qaldırılıb və bu, İranın dünya bazarında həm neft satışı, həm də qaz satışı ilə bağlı mövqelərini möhkəmlədəcək. Regiona gəldikdə artıq Xəzərə giriş yalnız Azərbaycandan mümkün deyil və Avropa bunu İran vasitəsilə həyata keçirə bilər. Bu, İranın rolunun artması, Azərbaycanınsa rolunu aşağı düşməsinə gətirib çıxara bilər. Nəzərə alsaq ki, İran regoinda Rusiya və Ermənistanla tərəfdaşlıq edir, bu da bizim maraqlarımıza o qədər cavab vermir. Daha bir istiqamət İranın əmlakının müsadirəsi və eyni zamanda onun üzərində həbsin aradan qaldırılması İranın digər bazarlarda rolunu artıracaq. Bu baxımdan, region üçün yeni bir müstəvi formalaşır və çox təəssüflər olsun ki, bu müstəvidə İran daha çox önə çıxmaq imkanları qazanır. Çünki regionda Azərbaycanın da, Gürcüstnın da, hətta Rusiyanın da sərmayələrə ehtiyacı var. Amma İran bazarı yeni bazardır, cəlbedici bazardır və regiona gələn sərmayələrin İrana daxil olması Azərbaycanın maraqlarına cavab verməyəcək. İran sanksiyalardan sonra bu istiqamətdə müəyyən nəticələr əldə edə bilər. Amma düşünürəm ki, bu sanksiyaların aradan qaldırılması İran daxilindəki proseslərin bizim istədiyimiz kimi baş verməsinə gətirib çıxarmayacaq. Çünki İran adətən, belə hallarda daxili repressiyaları gücləndirməklə, eyni zamanda İranda yaşayan azərbaycanlıların hüquqlarını məhdudlaşdırmaqla məşğul olacaq və bu istiqamətdə indiyə qədərki siyasətini daha gücləndirəcək".
 
Qaynar.info



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook