SON XƏBƏR

"Muğan Bank"ın Mingəçevir filialının direktoru zavod rəhbərinin ailəsini necə aldadıb? - Foto

Aprel 05
14:17 2024
Ləğv edilmiş "Muğan Bank" ASC-nin Mingəçevir şəhər filialının direktoru Vüqar Əsgərova görə hökm oxunub. 

Qaynarinfo-nun ələ etdiyi məlumata görə, Vüqar Əsgərov 2009-2022-ci illər ərzində filialın rəhbəri olduğu dönəmdə Mingəçevir Dəmir-Beton Məmulatları zavodunun direktoru, məşhur mühəndis, iş adamı Rafiq Xammət oglu Paşayevin ailəsinin xəbəri olmadan adlarına kredit götürübmüş. 

Belə ki, bankın Mingəçevir filialında Rafiq Paşayevin ailəsinə məxsus 21.967,00 ABŞ dollar (37.343,90 manat) və a 36.900,00 manat məbləğində depozit hesabı olub. Vüqar Əsgərov iş adamının ailəsinin xəbəri olmadan, kreditin verilməsində heç bir problem olmayacağını bilərək həmin əmanəti girov qoymaqla 29 aprel 2020-ci ildə 11 min dollar pul götürüb. 
 



Rafiq Paşayev

O, 1 sentyabr 2022-ci il tarixdə rəhbərlik etdiyi filialda Rafiq Paşayevin ailəsinin xəbəri olmadan 36.900,00 manat məbləğində depoziti girov qoyaraq adlarına daha 29 min manat məbləğində kredit götürüb. 

İşin üstü açıldıqdan sonra Mingəçevir Şəhər Prokurorluğunda Vüqar Əsgərova Cinayət Məcəlləsinin 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla mənimsəmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə cinayət işi açılıb. Sabiq bank direktoru 14 mart 2023-cü il tarixdən 16 mart 2023-cü il tarixədək həbsdə saxlanılıb.

Cinayət işi tamamlanaraq məhkəməyə göndərilib. Məhkəmə müddətinə kimi sabiq direktorun Rafiq Paşayevin ailəsinə dəyən zərəri ödədiyi də məlum olub. 

Məhkəmənin qərarı ilə Vüqar Əsgərova 1 il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifələri tutma hüququndan məhrum edilməklə 2 il 2 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. 

Qeyd edək ki, hazırda Vüqar Əsgərov "İnternational" Bank Olmayan Kredit Təşkilatı Açıq Səhmdar Cəmiyyətinin Mingəçevir şəhər filialının müdiri vəzifəsində çalışır.

Qeyd edək ki, "Muğanbank" ASC 1992-ci ildə dövlət qeydiyyatına alınıb və 19 oktyabr 2023-cü ildə Mərkəzi Bankın (AMB) İdarə Heyətinin qərarı ilə lisenziyası ləğv edilib. Bankın əsl sahibi sabiq millət vəkili, Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyevdir. 
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook