“Mossad”ın Tehranda tapdığı gizli anbar
Sentyabr 09
10:04
2019
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin müfəttişləri Tehrandakı gizli anbarda uran izlərini aşkar ediblər. Hansı ki, həmin anbar barədə ötən il İsrailin baş naziri Benyamin Netanyahu BMT Baş Assambleyasında çıxışı zamanı danışmışdı. Anbarın yerini "Mossad” keçirdiyi məxfi əməliyyat nəticəsində müəyyən edib. Bu əməliyyatın nəticəsi olaraq "Mossad" İranın nüvə arxivini oğurlayaraq İsrailə aparmışdı.
Beynəlxalq müfəttişlər anbardan 2019-cu ilin aprel ayında nümunələr götürüblər.
Həmin anbarın fotosunu BMT-dəki çıxışı zamanı nümayiş etdirən Benyamin Netanyahu habelə onun ünvanını və xəritədəki yerini də göstərmişdi. İsrail baş naziri demişdi ki, göstərilən obyektdə radioaktiv materiallar və avadanlıqlar saxlanılır. Onların daşınması üçün 20 ton tutumu olan 15 yük konteyneri lazımdır.
Xatırladaq ki, "Mossad” ötən ilin əvvəllərində İran ərazisində məxfi əməliyyat həyata keçirərək nüvə arxivini oğurlayıb. Və qonşu ölkələrdən birinin ərazisindən keçirərək İsrailə aparıb. Söhbət tonlarla ağırlığında sənədlərdən gedir. Həmin arxivin yerini İranda çox az sayda səlahiyyətli şəxs bilirdi. "Mossad”ın ələ keçirdiyi arxivlə tanışlıqdan sonra ABŞ prezidenti Donald Tramp İranla nüvə sövdələşməsindən çıxmaq və bu ölkəyə qarşı sanksiyaları bərpa etmək haqda ötən ilin mayında fərman imzaladı.