Moldova kommunist inqilabı ərəfəsində
Yanvar 26
09:13
2016
Kişinyov mitinqləri Azərbaycana da sıçraya bilərmi...
Artıq bir həftədir Moldovanın paytaxtı Kişinyovda müxalifətin mitinqləri keçirilir. Vəziyyət həddən artıq gərgindir. Ruspərəst müxalifət artıq hökumət binalarını mühasirəyə alıb. Ölkə başçısının yanvarın 20-də qərbpərəst, Demokrat Partiyasının nümayəndəsi Pavla Filipi baş nazir postuna təqdim etməsi və parlamentin onu dəstəkləməsi Moskvanı ciddi narahat edib.
Elə həmin gün ruspərəst qüvvələr parlament binası qarşısında aksiya keçirib və bu qərara etiraz olaraq parlament binasına hücum ediblər. Aksiya iştirakçılarının parlament binasına hücumu nəticəsində xeyli sayda insan yaralanıb. Yanvarın 20-dən başlayaraq Kişinyovda davamlı aksiya keçirirlər.
Ruspərəst müxalifət artıq yanvarın 24-də keçirdiyi mitinqdə hakimiyyətə ultimatum göndərib. Hakimiyyətə müxalifətdə olan Sosialist Partiyasının lideri İqor Dodon bəyan edib ki, əgər hakimiyyət onların tələbini yanvarın 28-dək yerinə yetirməzsə, o zaman onlar beynəlxalq və digər əhəmiyyəti yolları, aeroport, dəmiryollarını bağlayacaqlar. Onlar Pavla Filipin formalaşdırdığı hökumətə etiraz edərək parlamentin buraxılaraq növbədənkənar seçkilərin keçirilməsini tələb edirlər.
Keçmiş SSRİ respublikalarından olan Moldovada yaşananların arxasında nələrin dayandığı barədə fikirlərini "Yeni Müsavat”a açıqlayan politoloq Qabil Hüseynli bildirdi ki, Moldova kasıb bir ölkədir, əhalinin maddi rifah səviyyəsi həddən artıq aşağıdır. Ona görə də Moldovada əhali daim ayaq üstədir, hakimiyyətlə xalq arasında uzunmüddətli körpü qurula bilmir. Bu səbəbdən də postsovet dövründə bu ölkədə dəfələrlə hakimiyyət dəyişikliyi baş verib.
Hökumətlər müddətlərini sona qədər sürdürə bilmirlər.
Moldovada Kommunist Partiyasının nümayəndəsi olan prezident Vladimir Voronin devrildikdən sonra qərbpərəst demokratlar hakimiyyətdədir. İndi isə kommunistlər qüvvələrini səfərbər edib və səfərbəretmədə Moskvanın barmağının olduğunu söyləyənlər az deyil: "Buna da inanmaq lazım gəlir. Çünki Rusiya NATO-nun sərhədlərinin genişlənməsindən çox narahatdır, Ukrayna hadisələrindən sonra Denstryanı bölgənin izolyasiyada qalması Moskvanı ciddi şəkildə narahat edir. Ona görə də Rusiya kommunistlərin Moldovada yenidən hakimiyyətə gəlməsi üçün maksimum qüvvə sərf eləyir. Yaranmış durumda isə Qərbin mövqeyi passivdir. Qərb Ukrayna hadisələrindən sonra postsovet məkanındakı ayaqlanmalara o qədər də qarışmaq fikrində deyil. Bununla yanaşı, Moldova Qərb üçün strateji cəhətdən çox önəmlidir.
Ona görə də hesab edirəm ki, Qərb Moldovanın itirilməsinə, Rusiyanın təsiri altına düşməsinə imkan verməməyə çalışacaq. Moldovanın Rusiyanın təsiri altına düşməsi Ukraynanın da işini xeyli çətinləşdirə bilər. Üstəlik, Dnestryanı bölgə də bura əlavə olunanda yeni güc əldə edilir. Bu isə yenidən Rusiyanın strateji mövqelərinin Qərbə doğru dəyişməsi demək olur. Bu baxımdan da güman edirəm ki, hansısa formada Qərb vəziyyətə müdaxilə eləyəcək. Sadəcə olaraq, hələlik Qərb belə hesab edir ki, hadisələr güc tətbiq edilməsi zəmininə gəlib çatmayacaq. Çünki qərbpərəst hakimiyyət hələ ki mitinqçilərə qarşı güc tətbiq etmək fikrində deyil. Bu səbəbdən də məsələlər uzanır”.
Moldovada böyük miqyaslı davamlı mitinqlərin Azərbaycana da sıçraması ehtimalının olub-olmadığına gəlincə, politoloq dedi ki, oradakı hadisələrin xarakteri ilə Azərbaycandakı situasiyanın və hadisələrin xarakteri ilə o qədər də üst-üstə düşmür: "Moldovada pis-yaxşı oturuşmuş bir demokratiya var. Bu demokratiya əhalinin etiraz hüquqlarından istifadə etməsinə, ayağa qalxmasına, hakimiyyətlə qarşı-qarşıya gəlməsinə şərait yaradır. Azərbaycanda isə əhali Moldovadakı kimi aktiv deyil, passivdir. Siyasi partiyalar da Azərbaycanda passivdir. Hakimiyyətin mövqeləri isə güclüdür. Bir də ki, Azərbaycanda maddi durum Moldovadakından yaxşıdır. Son vaxtlar müəyyən islahatlara başlanması da əhali arasında müsbət rezonans doğurmaqdadır. Düzdür, ayrı-ayrı bölgələrdə əhalinin etirazları ara-sıra baş versə də həmin etirazları lokallaşdırmaq və aradan qaldırmaq çətin olmur. Ona görə də hələ ki Azərbaycanda Moldova tipli qarşıdurma üçün ciddi imkan və şərait görünmür”.
musavat.com



