SON XƏBƏR

Mənzil bazarında bahalaşma - Mart ayında qiymətlər kəskin qalxacaq (SƏBƏB)

Fevral 23
11:24 2024
"2024-cü ildə tikinti şirkətləri tərəfindən açıq satışa çıxarılan mənzillərin sayı əvvəlki illərlə müqayisədə azalacaq. Rəqabət yüksək olmadığından, təklif sayı az olduğundan, tikinti şirkətləri qiymətləri artırmaq marağında olacaqlar".
 
Bunu Qaynarinfo-ya açıqlamasında əmlak ekspert Elnur Əsədov deyib.

Elnur Əsədov qeyd edib ki, 2022-ci ildən başlayaraq daşınmaz əmlak bazarı olduqca aktiv olub:

"Bu illərdə ciddi qiymət dəyişikliyinin şahidi olmuşuq. Buna səbəb armatur kimi inşaat materialının bahalaşması olub. Bənzər vəziyyət 2006-cı ildə də baş vermişdi. Həmin ildə armaturun qiyməti 600 manatdan 1000 manat kimi bahalaşmışdı. İndi də armaturun qiyməti 800 manatdan 1200 manata kimi bahalaşıb. Bu hal daşınmaz əmlak bazarına təsirini göstərib. Qiymətlər iki il ərzində 25% bahalaşıb. Ümumilikdə isə pandemiyadan sonrakı dövrdə Azərbaycanda daşınmaz əmlakın orta artım indeksi 30% civarındadır".
 
Ekspert hesab edir ki, vətəndaşların yığım kapitalı qiymət artımına uyğun olmadığına görə daha çox ipotekalara üstünlük verirlər:

"Bu da normal haldır. İpoteka şərtləri son illər ərzində əlverişli olub, bazarda təkliflər çoxalıb, hətta kirayə mənzillərin də satışı təşkil edilməyə başlanılıb, buna baxmayaraq ipotekaya təlabat yüksəlir. Son 3 il ərzində ipotekaya müraciətlərin sayı da çoxalıb". 

Elnur Əsədov 2023-cü ildə ipotekaya müraciətlərin sayının kəskin artmasının müşahidə olunduğunu vurğulayıb:

"Banklar üçün ayrılan limitlərin hamısı istifadə olunub. Hazırda 2024-cü ilin  əvvəlidir, hələ aktivlik başlamayıb. Ona görə ki, ipoteka kreditləri fevral ayının axırından elan edilir. Bunların təsiri mart ayında bazarda hiss olunacaq. Mart ayının sonunda daşınmaz əmlak bazarında vəziyyət aktivləşəcək. Mən proqnoz verirəm ki, 2024-cü ildə tikinti şirkətləri tərəfindən açıq satışa çıxarılan mənzillərin sayı əvvəlki illərlə müqayisədə azalacaq. Rəqabət yüksək olmadığından, təklif sayı az olduğundan tikinti şirkətləri qiymətləri artırmaq marağında olacaqlar".


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook