SON XƏBƏR

Liseylərin gizli metodu – Plan yerlərinin sayı necə azaldılır?

İyun 22
10:30 2023
Bir necə gün əvvəl Bakıda liseylərə qəbul imtahanı keçirildi. İmtahanda iştirak edənlərin çoxluğunu nəzərə alsaq, lisey və gimnaziyalarda təhsil almaq istəyənlərin kifayət qədər olduğu qənaətinə gəlmək olar.

Bu da təsadüfi deyil.

Son illərdə ölkə üzrə keçirilən fənn olimpiadaları, bilik yarışlari və qəbul imtahanlarındakı nəticələrə baxsaq, görərik ki, şəhər liseylərinin şagirdləri ön plana çıxarır. Bu da deməyə əsas verir ki, liseydə digər tədris müəsisələrindən daha yaxşı tədris prosesi həyata keçirilir.

Ancaq liseylərdə oxumaq istəyən bir çox şagirdin də bəzən bu arzusunu reallaşdırmaq imkani olmur. Belə ki, ölkəmizin fərqli rayonlarında da kifayət qədər savadı olan uşaqlar az deyil.

Bəziləri hazırlıqlara belə getmədən qəbul imtahanlarında yüksək nəticə əldə edirlər. Lakin onların rayondan şəhərə lisey üçün gəlmək imkanları olmur. Şəhərdə olan bəzi şagirdlər isə plan yerlərinin az olması səbəbindən qəbul olmaq şansını əldən verirlər.

Bunu da bir növ liseylərin işlətdiyi gizli "priyom” kimi anlamaq olar. Niyəsi isə odur ki, hər bir müəssisə istəyər ki, onun göstəriciləri yüksək olsun, daha prestijli tanınsın. Zəkası yüksək şagirdlə işləmək isə bu məqsədə aparan əsas faktordur.

Bəs liseydə oxumaq istəyən şagirdlərin arzusunu reallaşdırmağa mane olan amillər nələrdir?

Mövzu ilə əlaqədar təhsil eksperti Elmin Nuri Bizim.Media ilə fikirlərini bölüşüb.

Onun sözlərinə görə, mərkəzləşdirilmiş qaydada qəbulun həyata keçirilməsi ilə bir çox yumşalmalar baş vermiş oldu:

"Artıq ikinci ildir ki, lisey və gimnaziyalara qəbul mərkəzləşdirilmiş qaydada həyata keçirildiyi üçün bu istiqamətə maraq xeyli artıb. Əvvəllər liseylərə qəbul olmaq istəyən şagird yalnız bir müəssisəni seçir və ora imtahan verməli olurdu. Bu da işi xeyli çətinləşdirirdi. Xeyli sayda şagird müsabiqədən kənar qalır, lazımi nəticəni göstərə bilmirdi. Hələ qabiliyyətlilik meyarı da həddindən artıq artırılırdı.

İkinci ildir ki, lisey və gimnaziyalara qəbul mərkəzləşdirilmiş şəkildə keçirilir. Yəni eynən ali məktəbdə olduğu kimi burda da şagirdlər ümumi imtahan verə bilər. Lazımi balı toplayaraq siyahıda olan 15 lisey və gimnaziyalardan birini seçə bilir. Yəni topladığı bal hansına uyğundursa, eynən ali məktəb qəbulunda olduğu kimi seçim edilir.

Bu da lisey və gimnaziyalara qəbulu xeyli yumşaldır. İşin müsbət tərəfi budur ki, bir uşaq mərkəzləşdirilmiş qaydada imtahanla yanaşı hər hansı bir siyahıda olmayan 15 lisey və gimnaziyalarin istənilən birinə fərdi şəkildə də müraciət edib, orda da imtahan verə bilər. Burada seçim şagirdin özündən asılıdır”.

Ekspertin sözlərinə görə, plan yerlərinin azlığı, pilot layihədə iştirak edən lisey və gimnaziyalarin azlığı və ümumi olaraq da sayının azlığı bu məsələdə hələ də çətinliklər yaradır:

"Əvvəllər liseylərə bu qədər tələbatın olduğunu görmürdük. Çünki şagird və valideyn özü də çox rəqabət meyarını, ayrılmış yerlərin həddindən artıq savadlı uşaqlar tərəfindən doldurulduğunu görür və istəklərindən daşınırdılar. Məsələn, ixtiyari bir liseydə 4-cü sinifə qəbul üçün cəmi 30 yer ayrılırdı. Amma orda oxumaq istəyənlərin sayı 4-5 min civarında idi. Görün, bir yer üçün neçə şagird mübarizə aparmalı olurdu?

Orta statistik göstəricili usaqlar da buna görə müsabiqəyə qatılmaqdan imtina edirdi. Amma müraciət edənlərin sayı 2 mindən çox idi. Nəticə də həmin şagirdlərin psixologiyasina zərərsiz ötüşmürdü. Statistika aparsaq görərik ki, liseylərdə oxumaq istəyən uşaqlar imtahandan kəsildikdə sonradan məktəbdə oxumağa maraqları qalmır, dərslərində geriləmə yaranır”.

Təhsil eksperti təklif edir ki, hazırda olan çatışmazlıqları aradan qaldırmaq üçün bölgələrdə də filialların açılması məqsədəuyğun olar:

"Ötən il 10449 şagird elektron müraciət etmişdi. Bu il isə onların sayının artacağı gözlənilir. Düzdür, imtahanlar dünən bitdiyinə görə hələki tam ictimailəşdirilməyib. Amma müraciət üçün ilk iki gündə 2 mindən çox uşağın mürəciət etməsi bu ilki sayın daha çox olduğunun sübutudur.

Təklif olaraq, bildirmək istərdim ki, mərkəzləşdirilmiş qaydada imtahanlara pilot olaraq cəlb olunan 15 lisey və gimnaziyaların sayı ən azı 30-40-a çatdırılsın. Plan yerlərinin sayı da artırılmalıdır. Həmçinin də önəmli bir məsələ lisey və gimnaziyaların filiallarının rayonlarda da yaradılmasıdır.

Bu gün bölgələrimizdə oxuyan istedadlı şagirdlər daha yaxşı təhsil üçün paytaxta gəlmək məcburiyyətində qalırlar. Müəyyən səbəblərə görə isə təhsillərini liseydə davam etdirmək arzularını gerçəkləşdirə bilmirlər. Ona görə böyük lisey və gimnaziyalarin bölgələrdə filiallarının açılması bu sahədə müsbət dəyişikliyə səbəb olacaq”.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook