Kərəm Həsənovun oğlu və əmisioğlanlarının macəraları- VİDEO
Avqust 09
23:51
2020
Azərbaycanın XX əsrin sonlarında yaşadıqları bütöv bir nəslin yaddaşında yaralı iz buraxdı. Qarabağdan, İrəvandan qaçqın düşən uşaqlar böyüdü, təhsil aldı, ailə qurdu, hətta özlərinin də uşaqları oldu… Aralarında bəlkə də hansısa cinayət törədəni oldu, məişət zəminində kiminsə kimisə bıçaqlaması da baş verdi, inkar etmirik. Amma bu, gözlənilən kimi bir dalğa olmadı, tendensiyaya çevrilmədi. Və cəmiyyət onlardan hər hansı zərbə almadı. Əvəzində isə son illər cəmiyyətin gündəmini varlı məmur balaları zəbt etdilər.
Əlbəttə bu videonu sadəcə dost zarafatı kimi də qəbul etmək olar. Amma kadrlarda "prezidentin köməkçisi” ifadəsinin ironik səslənişi bu zarafatların digər məqamları haqda da ehtimal yaradır. Yəni Kərəm Həsənovun indiki postu bu qədərmi uca sayılır. Axı bu ölkədə ən yüksək vəzifə prezidentdir və ölkə ictimaiyyəti üçün prezidentin öz övladının örnəyi var. Gənc Heydər Əliyevin həm Azərbaycandakı təhsil, həm hərbi xidmət dövrü övladın xarakterinin onun atasının vəzifəsi ilə bağlı olmadığını təsdiqlədi. Yeri gəlmişkən, bu Həsənovlar ailəsində böyüyən uşaqlarla bağlı ilk qalmaqal deyil. Bununla bağlı cumhuriyyet.az xatırladır ki, bir neçə il öncə ölkə mətbuatı Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun qardaşı oğlu, Dövlət Miqrasiya Xidmətinin daxili nəzarət şöbəsinin rəisi Emin Həsənovun dəbdəbəli həyat tərzi keçirtməsi barədə yazılar və onunla bağlı fotolar dərc etmişdi. O zaman mediada yayılan məlumata görə, Emin Həsənov barədə yazılar və fotolar dərc olunandan sonra Kərəm Həsənov qardaşı oğluna görə MTN-nin bir qrup dəstəsi tərəfindən şantaj olunub. Sonradan isə həmin dəstə ilə Həsənovlar məcbur olub barışıblar ki, qardaşoğlu barədə mətbuata materiallar ötürülməsin. Bununla da yekunlaşmır. Prezident köməkçisi Kərəm Həsənovun Kamal Nurməmmədoğlu Həsənov adlı əmisioğlunun qoçuluğu haqda da mətbuatda kifayət qədər materilallar var. Bu məsələlərlə bağlı cumhuriyyet.az olaraq media üzərindən apardığımız araşdırmalar zamanı Kərəm Həsənovun İlqar Həsənov adlı digər əmisioğlu haqda "Cəlilabadda bir qızın evinə basqın edib. Məmurun qohumu evə zorla daxil olub ki, həmin qızdan xoşu gəlir, onun olmalıdır. Kənd camaatı haray-həşirə gəlib, qızı müdafiə ediblər. Amma K.Həsənovun əmisi oğlu İ.Həsənova bata bilməyiblər. Deyilənə görə, komitə sədrinin qohumu qızın yaşadığı ünvana polisləri cəlb edib. Ona görə də gərginlik yaşanıb. Polislərin və İ.Həsənovun fotosu da sosial şəbəkəyə yerləşdirilmişdi”. Yayılan iddialarla bağlı heç bir açıqlama verilməyib. Bu da istər-istəməz Kərəm Həsənovun adının ona aid olmayan hadisədə hallandırılmasıdır.