SON XƏBƏR

İzabel Santos niyə yalan danışır?

Oktyabr 28
13:22 2015
Bu gün ATƏT Parlament Assambleyasının Demokratiya və insan haqları komitəsinin sədri İzabel Santos noyabrın 1-də ölkəmizdə keçiriləcək parlament seçkiləri ilə bağlı bəyanat yayıb.
 
Bəyanatında Azərbaycan hökumətini müxalif fikrə dözümsüz yanaşmaqda ittiham edən İ.Santos hazırda həbsdə olan müxalifət fəallarının seçkiləri müşahidə edə bilməməsindən təəssüfünü dilə gətirib. "Ölkə rəhbərlərini vətəndaşlar və beynəlxalq ictimaiyyətlə işləməyə, açıq və səmimi dialoq aparmağa, nəticə etibarilə ölkədə insan haqları və hüququn aliliyini bərpa etməyə çağırıram”, - deyən ATƏT rəsmisi bildirib ki, hakimiyyət ölkədə insan haqlarının pozulması ilə bağlı beynəlxalq tənqidləri qəbul etmir.
 
ATƏT PA-nın komitə sədrinin bəyanatından aydın görünür ki, obyektiv və müstəqil siyasət yürütməyə borclu olan təşkilat son dövrlərdə ölkəmizə qarşı məqsədyönlü şəkildə aparılan qərəzli təbliğat kampaniyasının tərkib hissəsinə çevrilib.
 
Əgər belə olmasaydı, İ.Santosun bəyanatında seçkilərlə bağlı heç olmasa bircə məqam öz əksini tapardı. Seçkiləri bir kənara qoyub, həbsdə yatan məhbusların seçkiləri müşahidə edə bilməməsindən danışmazdı. Baş verənlər göstərir ki, ATƏT rəsmisinin, ümumiyyətlə, Azərbaycanda keçiriləcək seçkilərdən xəbəri yoxdur. Ya da xəbəri var, lakin ortada olan müsbət məqamları qeyd etmək istəmir. Birinci haldırsa, çox pis. Bu halda məlum olur ki, ATƏT PA-da demokratiya və insan haqları məsələsinə məsul və cavabdeh şəxs işləmir.
 
Demək, Azərbaycandakı seçkilərlə bağlı bəyanatı havadan götürərək verib. Yox əgər ikincidirsə, deməli, onun rəhbərliyində təmsil olunduğu təşkilat, yəni ATƏT konkret siyasi sifarişlə işləyir.
 
İ.Santosun nəzərinə çatdırmaq istərdik ki, parlament seçkilərinə qatılan bütün müxalifət partiyalarının namizədləri qeydə alınıb. Seçki qanunvericiliyinə uyğun olaraq, tələb olunan imzaları dairə seçki komissiyalarına təqdim edənlər artıq təbliğat kampaniyasını başa vurmaq üzrədirlər. Bu gün təkcə Müsavat Partiyasından 30-a yaxın namizəd qeydiyyata alınıb və onlar heç bir təzyiq olmadan, seçki qanunvericiliyinin tələbələrinə uyğun olaraq, təbliğat kampaniyasını davam etdirirlər.
 
İ.Santos, ilk növbədə, özünə hörmət qoymalıdır, əgər bunu bacarmırsa, təmsil olunduğu təşkilata, demokratik dəyərlərə hörmət etməlidir. Bunları da edə bilmirsə, nüfuzlu təşkilatda rəhbər şəxs kimi, heç olmasa, yalan danışmamalıdır.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook