İxracdan əldə olunan 92,4 milyon manatın ölkəyə qaytarılması təmin edilib
Yanvar 22
14:24
2025
Kənd təsərrüfatı məhsullarının ixracından əldə olunan pul vəsaitlərinin ölkəyə qaytarılması istiqamətində tədbirlər davam etdirilir.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatında deyilir.
"Xəbər verildiyi kimi, xarici ölkələrə müxtəlif növ məhsulları ixrac edən bəzi sahibkarlıq subyektlərinin müvafiq valyutada olan pul vəsaitlərini Azərbaycan Respublikasına qaytarmamaları ilə bağlı Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlar əsasında prokurorluq orqanlarında cinayət işləri başlanaraq ibtidai istintaq aparılır.
Hazırkı vaxtadək Bakı şəhərinin Nizami, Qaradağ və Binəqədi rayon prokurorluqları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində bəzi sahibkarlıq subyektlərinin xarici ölkələrə ixrac edilmiş kənd təsərrüfatı məhsullarının alqı-satqısından əldə etdikləri pul vəsaitlərinin 54,4 milyon ABŞ dollarından artıq (müvafiq dövrün məzənnəsi ilə 92,4 milyon manatdan artıq) hissəsinin ölkəmizdə müvəkkil edilmiş bank hesabına qaytarılması təmin edilib", məlumatda deyilir.