"İST Petrol"un yağı vətəndaşı 5 min ziyana saldı - VİDEO
Dekabr 30
15:33
2020
"İST Petrol” yanacaqdoldurma məntəqəsində Dilavər Əliyev adlı vətəndaşın avtomobilinin mühərrikinə vurulan yağ və antifiriz mühərrikin sıradan çıxmasına səbəb olub.
Qlobal.az xəbər verir ki, axar.az-a şikayət məktubu ünvanlayan Dilavər Əliyev bildirib ki, "İST Petrol”a bununla bağlı müraciəti cavabsız qalıb.
"Dekabrın 18-də "Mitsubişi Pajero” markalı avtomobilimin antifrizini dəyişdirmək üçün Tiflis prospektində yerləşən "İST Petrol”un yağdəyişmə mərkəzinə apardım. Ağa adlı usta yağın son dəyişmə müddətinə 1000 km qalmasına baxmayaraq, mühərrikdən səs gəldiyini, yağın da az olduğunu deyərək, mühərrikin yağını da dəyişdi. Bunun müqabilində 125 manat ödəyərək oradan ayrıldım. Təxminən 6-7 kilometr yol getdikdən sonra maşında yağın xəbərdarlıq nişanı yandı və mühərrikdən əlavə səslər gəlməyə başladı. Yenidən həmin yağdəyişmə mərkəzinə gəldim və filteri yenidən dəyişdilər, amma avtomobil düzəlmədi. Evakuatorla dörd ayrı ustaya apardım, hər biri yağın keyfiyyətsizliyindən və filterin bu maşın üçün olmadığından mühərrikin bərbad vəziyyətə düşdüyünü dedi”, - vətəndaş bildirib.
"Səlahiyyətli şəxslə danışmaq istədim, mənə Ağa adlı ustanın cavabdeh olduğunu, "İST Petrol” və onun ətrafındakı obyektlərin sahibinin Seymur və Teymur qardaşlarının olduğunu dedilər. Yağın keyfiyyətsizliyi və filterin uyğunsuzluğu nəticəsində avtomobilin mühərriki sıradan çıxmaq üzrədir. Həmin filterləri və yağ nümunəsini özümdə saxlayıram. Avtomobilimin heç bir problemi olmadığı halda yağ dəyişəndən sonra bu vəziyyətə qalmasının səbəbkarı həmin yağdəyişmə mərkəzinin olduğunu düşünürəm. Digər ustalar da 7 ilin avtomobilinin mühərrikinin bu günə düşməsinə təəccüb edirlər. Mənə 4-5 min manat məbləğində maddi ziyan dəyib”.
Məsələ ilə bağlı saytımıza açıqlama verən İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndəsi Günel Bəhramqızı bildirib ki, vətəndaşın şikayəti ilə bağlı araşdırma başlayıb:
"Vətəndaş tərəfindən bizə rəsmi müraciət daxil olub və məsələ araşdırılır. Araşdırmanın nəticəsi barədə vətəndaşa məlumat veriləcək”.