SON XƏBƏR

İsrail vətəndaşlarına çağırış etdi: “İstanbuldan uzaq durun”

İyun 14
01:43 2022
Ölkə XİN-i İranın israilliləri öldürmək və ya qaçırmaq cəhdləri ilə təhdid etdiyini deyir

İsrail hazırda Türkiyədə olan vətəndaşlarına çağırış edib. 

Bu ölkənin Xarici İşlər Nazirliyi öz vətəndaşlarına İstanbuldan uzaq durmalarını, iyunun 13-də şəhəri tərk edib, ölkələrinə qayıtmalarını istəyib.

Eyni zamanda, İran İslam Respublikasına xəbərdarlıq göndərərək, vətəndaşlarına zərər verməməyi söyləyib.

Mayın 30-dan etibarən İsrail Türkiyəyə səyahət edən vətəndaşlarına tövsiyələrini kəskinləşdirib. Bildirib ki, İran Türkiyədə istirahət edən israilliləri öldürmək və ya qaçırmaq cəhdləri ilə təhdid edib.

İsrailin xarici işlər naziri Yair Lapid deyib ki, ölkəsinin təhlükəsizlik qüvvələrinin böyük səyi nəticəsində son həftələr vətəndaşlarının həyatları xilas edilib. Nazir bu istiqamətdəki töhfəsinə görə Türkiyə hökumətinə təşəkkür edib.

İsrailin təhlükəsizlik rəsmisi "Reuters” Agentliyinə bildirib ki, Türkiyə İran İnqilabı Keşikçiləri Korpusunun bir neçə şübhəli "əməliyyatçısını” həbs edib.

"Biz israilliləri İstanbula uçmamağa çağırırıq. Əgər hər hansı həyati səbəbiniz yoxdursa, Türkiyəyə getməyin. Əgər artıq İstanbuldasınızsa, mümkün qədər tez İsrailə qayıdın”, – Lapid bildirib.

Nazir həmçinin israilliləri incidə biləcək şəxslərə də mesaj verib: "Mən buradan iranlılara da mesaj vermək istəyirəm. Kim israilliləri incitsə, cavab verəcək. Bunu etmiş şəxslər harada olurlar-olsunlar, İsrailin uzun qolu onlara çatacaq”.

Tehran mayın 22-də motosikletdə olan iki nəfər tərəfindən avtomobilinin sükanı arxasında güllələnərək öldürülən İran İnqilab Keşikçiləri Korpusunun polkovniki Həsən Sayad Xodainin öldürülməsində İsraili günahkar sayıb. 

Yaydığı bəyanatda İsraildən qisas alacağını bildirib.

İsrail isə sui-qəsd ittihamları ilə bağlı deyilənləri təsdiq və ya təkzib etməyib. 

Əvəzində Xodaini bütün dünyada öz vətəndaşlarına qarşı hücumlar hazırlamaqda ittiham edib.

Türkiyə israillilər üçün məşhur turizm məkanıdır. 

İki ölkə on ildən çox davam edən gərgin münasibətlərdən sonra əlaqələrini bərpa edib.

İsrailin xəbərdarlığı ilə bağlı hələlik İran və Türkiyədən hər hansı açıqlama gəlməyib.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook