“İslahatlar gömrükdən başlamalıdır...”
Yanvar 05
09:59
2016
"Utandırıcı haldır ki, qonşu ölkələrdə plastik kartlarla ən ucqar kəndlərdə belə alış veriş etmək mümkündür, ancaq bizdə..."
Yanvarın 1 - dən inhisarçılığa, vergidə və gömrükdə ikili deyil, beşli standartlara "stop" verildiyinə söz veriblər. Sizcə hökumət heç olmasa bu dəfə verdiyi vədə əməl edəcəkmi? Siqaret və spirtli içkilərin kartla satışında qüvvəyə minən məhdudiyyətlərdən on minlərlə kiçik sahibkar, xüsusilə rayonlarda və kəndlərdə xırda köşklərdən ailəsini dolandıranlar əziyyət çəkəcək. Vəziyyətdən çıxış yolu kimi nə təklif edirdiniz?
Moderator.az - ın əməkdaşı bu suallarla keçmiş millət vəkili, iqtisadçı ekspert Nazim Məmmədova müraciət edərək aşağıdakı cavabı alıb:
"Yaxın günlərdə cənab prezident tərəfindən çox ciddi institusional, struktur və idarəetmə islahatlarının aparılmasının şahidi olacağıq. Bu islahatları vacib edən həm xarici, həm də daxili faktorlar var.
Təsadüfi deyil ki, 2015 - ci ilin 9 ayının yekunlarına həsr olunmuş müşavirədə dövlət başçısı həm istehsalda, həm də idxalda inhisarçılığın olması haqqında, sahibkarlığa olan təzyiqlərdən danışmışdı. İdxal monopoliyası haqqında mətbuatda çox yazılıb və əsas qiymət artımı demək olar ki, bu sahədə şəffaflığın olmamasından irəli gəlir. Əgər hökumət azad sahibkarlığın inkişafında maraqlıdırsa, islahatlar gömrükdən başlamalıdır, çünki əsas qida və gündəlik təlabat malları xaricdən gətirilir, onların yerli bazarda qiymətləri də monopolistlər tərəfindən müəyyən edilir, nəticədə yüksək qiymətlər vətəndaşların real gəlirlərinə mənfi təsir göstərir.
Hesab edirəm ki, Gömrük Komitəsinin statusu dəyişdirilməli və o Vergilər Nazirliyinin və ya Maliyyə Nazirliyinin departamenti kimi fəaliyyət göstərməlidir, çünki onun indiki vəziyyətdə saxlanılması heç nəyi dəyişdirməyəcək.
İkinci suala gəldikdə onu deyə bilərəm ki, Azərbaycanda elə ailə yoxdur ki, kredit kartından istifadə etməsin. Nəğdsiz ödənişləri stimullaşdırmaq lazımdır, Kiçik sahibkarlar daha çox maraqlı olmalıdırlar ki, alış-veriş nəğdsiz aparılsın və heç bir yoxlayıcı orqanların əməkdaşlarına rüşvət verməsinlər.
Utandırıcı haldır ki, qonşu ölkələrdə plastik kartlarla ən ucqar kəndlərdə belə alış veriş etmək mümkündür, ancaq bizdə 2009 - cu ildə cənab prezident nəğdiz ödənişlərin stimullaşdırılması haqqında verdiyi məlum sərəncamdan sonra vəziyyət çox az dəyişib. Ümid edək ki, aksiz vergisi tətbiq olunan mallara belə tələb qoyulması həm istehsalda, həm də ticarətdə ciddi vergidənyayınmanın qarşısını alacaq".