SON XƏBƏR

İranda azərbaycanlılar ayağa qalxdı, həbs olunanlar var -VİDEO

İyul 26
20:33 2016
Bu dəqiqələrdə Güney Azərbaycanın Urmiya və Təbriz şəhərlərində azərbaycanlılar izdihamlı aksiyalar keçirir. Musavat.com bildirir ki, sosial şəbəkələrdə yayılan məlumatlara əsasən bir neçə gün əvvəldən gözlənilən etiraz aksiyaları artıq bir neçə saatdır ki, baş tutub və bu dəqiqələrdə davam etməkdədir.

Aksiyalarda "Haray, haray, mən türkəm", "Ölüm olsun farsizmə", "Azərbaycan milləti, çəkənməz bu zilləti" kimi şüarlar səsləndirirlər. Aksiyaçılar bu günlərdə, İranın "Tərh-i No” adlı qəzetinin 20 iyul tarixli buraxılışında Firdovsinin Şahnamə əsərinin qəhrəmanlarının dili ilə türklərin "bədbəxt”, "irqi pis” kimi təqdim olunmasına etiraz edirlər. Belə ki, adı çəkilən qəzetin Süleyman Əfşar Tikabi adlı azərbaycanlı müxbiri Firdovsinin əsərindən bir hekayə nəşr edərək bildirib:

 "Ey tanınmaz və bədbəxt türk, iranlı pəhləvanların qüdrətindən xəbərin varmı?! Biz turanlıları kişi kimi tanımırıq, onlar hamısı qadındılar. Ey irqi pis olan türk sən kişilərlə savaşmaq üçün yaranmayıbsan, get qadınlar kimi əlinə pambıq və mil götür”.

Qəzetin müdiri, əslən azərbaycanlı olan Amir Əlizadə təxribatçı yazı ilə əlaqədar hər kəsdən üzr istəyib və açıqlama verərək bildirib ki, müxbir yanlışlıqla həmin məqaləni dərc edib. Lakin yazının müəllifi Süleyman Əfşar Tikabi əməlindən peşman olmadığını, yazısının türklərə aid olduğunu bildirib. 

O, xüsusi ilə vurğulayıb ki, azərbaycanlılar türk sayılmır. Müxbirin xüsusi əlaqəsi olduğu, ETTELAAT-a (İran Kəşfiyyat Nazirliyi) bağlı olan "Azəriha” saytının Teleqram səhifəsi S.Ə.Tikabinin açıqlamasını bu şəkildə qeyd edib: "Araşdırmalardan sonra qalmaqallı mətləbin qəzetin müxbiri Süleyman Əfşar Tikabi tərəfindən yazıldığı məlum olub. O Tikab şəhərinin vətənsevər bir sakinidir və elan etdiyi bir mesajda etdiyi işdən peşman olmadığını bildirib. O həmçinin turanlılarla azərbaycanlılar və İran millətinin heç bir əlaqəsinin olmadığına təkid edib.”

Məlumata görə Süleyman Əfşar Tikabi məsələni xidmət etdiyi orqanlara belə izah edib: 
""Tərh-i No” qəzeti İslam ölkəsi olan İranın qanunları çərçivəsində işləyir, bu mətbuatın Təbriz və Urmiya şəhərlərində də ofisi var. Mən Süleyman Əfşar Tikabi bu məqaləni əsasən buna görə yazdım ki, pantürklər bilsinlər ki, biz Şərqi Azərbaycan, Qərbi Azərbaycan və Ərdəbil vilayətinin azərbaycanlıları pantürkizmə və türkçülüyə qarşıyıq. Prinsipcə biz azərbaycanlıların irqi türklər və turanlılarla heç bir əlaqəsi yoxdur. Müasir dövrdə isə əslində heç bir təmiz irqin olmadığı sübut olub. Belə olan halda, irqçilik etmək və ya hər hansı bir irqə təsibkeşlik etməyin nə mənası var? Ona görə də, biz azərbaycanlılar yalnız İran üzərində dayanırıq və hər bir irqçiliyə və ya müəyyən bir irqi müdafiə etməyə qarşı çıxırıq”.

Musavat.com-da daxil olan məlumata görə etirazları dəf etmək üçün Urmiya və Təbizdə çoxlu sayda təhlükəsizlik qüvvələri cəlb olunub, saxlanılanlar var. Lakin etirazçılar təhlükəsizlik qüvvələrinə əhəmiyyət vermədən etirazlarına davam edirlər. 

Qeyd edək ki, İranda azərbaycanlıların, türklərin təhqir olunması ilk dəfə deyil. Təkcə sonuncu dəfə ötən ilin noyabrın əvvəlində İran televiziyasının 2-ci kanalında yayımlanan "Fitilə” adlı televiziya komediyasında diş fırçası ilə tualet fırçası arasındakı fərqi bilməyən, dişlərini tualet fırçası ilə fırçaladığı üçün ağzı qoxuyan bir türk uşağı təsvir edilmişdi. Verilişin yayılmasından az sonra Güney Azərbaycan vilayətlərində geniş şəkildə etirazlar keçirilmişdi. Aksiyalar zamanı çoxlu sayda etirazçı saxlanılıb, həbs edilmişdi. Bu günədək həmin etirazlarda iştirak edənlərin həbsi davam etdirilir.
 
 
 
 
Qlobal.az 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook