İnsan alverinə qarşı mübarizə: Zəif durumda olanlara necə kömək edək? – Ekspert
May 22
00:41
2024
"İnsan alveri ilə məşğul olanlar Yaxın Şərq ölkələrinə qadın daşıyırlar. Əvvəlki illərdə onlar Rusiya, Türkiyə, Dubayı seçirdilərsə, indi daha çox Bəhreynə üz tuturlar”.
Bunu Qaynarinfo-ya açıqlamasında "Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova insan alveri ilə bağlı statistikdan danışarkən deyib.
Sədr insan alveri qurbanlarının daha çox sosial şəbəkələr üzərindən aparılan danışıqlar nəticəsində aldandıqlarını açıqlayıb:
"Bu proses əsasən "WhatsApp” üzərindən aparılıb. 2008-2018-ci il ilə kimi ABŞ Dövlət Departamentinin hesabatında göstərilirdi ki, dünyada sosial şəbəkələr vasitəsi ilə fahişəliyə cəlbetmələr 80-90% təşkil edir. Müxtəlif sosial şəbəkələr üzərindən kodlaşmış sözlərlə insan alveri təşkil edilir. Bizdə daha çox "danışıqlar” "WhatsApp” üzərindən aparılır. Orada tanış olurlar, yazışmalar, təkliflər və şirinlikləşmələrin hər biri bi şəbəkə üzərindən baş verir”.
Mehriban Zeynalova bununla bağlı sosial şəbəkələr üzərindən monitorinqlərin aparıldığını vurğulayıb:
"Mən insan alveri qurbanları ilə bağlı tədqiqat apardım. Həmin vaxt orada insan alveri qurbanları və cinayət edən şəxslərlə görüşdüm. Əksəriyyəti də sosial, həssas qruplardan olanlar, zorakılığa məruz qalan, baxımsız uşaqlardı. Hətta bir nəfərin banka borcu vardı və həmin borcu vermək üçün bu yolu seçmişdi. Bu alverin qurbanları daha çox qadınlardır. İnsan alverçiləri daima yeni marşurutlar axtarırlar. Kimi evlənmək, kimi iş təklifi aldadılır və beləcə müxtəlif yollarla qadınları bu işə cəlb edirlər”.