SON XƏBƏR

Çinlə 25 illik gizli müqavilə İranın keçmiş prezidentini niyə qorxudub?

İyul 01
00:56 2020
"Çinin İranda əsas iqtisadi gücə çevrilməsi perspektivi Azərbaycan üçün də müəyyən çağırışlara yol açır".

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib. Onun fikrincə, İranın sabiq prezidenti Mahmud Əhmədinejad ölkəsinin Çinlə 25 illik müqavilə imzalamasına dair yayılan xəbərlərə kəskin reaksiya verib:

"Bu haqda günaz.tv saytı xəbər yayıb. Mahmud Əhmədinejad Çinin adını çəkmədən İran rəsmilərinin xarici ölkələrdən biri ilə 25 illik müqavilə imzalamalarının "millətin xeyrinə olmadığını” deyib. Əhmədinejad danışıqların aparılmasının gizli saxlanmasını tənqid edərək, müqavilədə nəzərdə tutulan müddəaları "İran xalqının mənafeyinə zidd” kimi dəyərləndirib. Gizli şəkildə, eləcə də İran millətinin istək və iradəsini nəzərə almadan, ölkə və millətin maraqlarına zidd olan xarici ölkələrlə imzalanmış heç bir müqavilə mötəbər deyil və İran xalqı onu rəsmi olaraq tanımayacaq”, - deyə sabiq prezident əlavə edib. Sözügedən müqaviləni 2015-ci ildə İranla 5+1 ölkələri arasında imzalanmış nüvə razılaşması ilə müqayisə edən Əhmədinejad bildirib ki, hətta deputatlar da həmin razılaşmanı təsdiqləyən zaman onun məzmunu barədə dəqiq məlumata sahib deyildilər. "Bu gün isə eşitmişəm ki, hazırda müzakirə aparırlar və xarici ölkələrdən biri ilə 25 illik müqavilə imzalamaq istəyirlər, amma heç kimin bundan xəbəri yoxdur. Məgər siz ölkənin sahibisiniz ki, xalqın xəbəri olmadan onun cibindən götürüb, digərlərinə bağışlayasınız?” - deyə Əhmədinejad fikrini tamamlayıb". 

Elxan Şahinoğlu qeyd edib ki, İranın keçmiş prezidenti hazırki dövlət başçısı Həsən Ruhaninin bostanına iki daş atıb: 

"O, həm nüvə anlaşmasını, həm də Çinlə 25 illk müqaviləni tənqid edib. Mahmud Əhmədinejad 8 il İranın prezidenti olub və elə Amerika ilə münasibətlərin gərginləşməsi onun hakimiyyəti dövrünə təsadüf edib. O, prezident olduğu illərdə nüvə çalşmalarını davam etdirməyə qərar verib ki, bu, Vaşinqtonun İrana qarşı siyasətini sərtləşdirməsinə gətirib çıxardıb. Ən maraqlısı odur ki, həmin illərdən başlayaraq Amerikanın İrana qarşı təzyiqlərini nisbətən neytrallaşdıra biləcək və BMT Təhlükəsizlik Şurasında Vaşinqtonun planlarını pozacaq iki dövlət var idi – Rusiya və Çin. Hər iki dövlət İrana qarşı sanksiyaların əleyhinə idi, bu gün onlar eyni siyasəti aparırlar. Ancaq nədənsə Mahmud Əhmədinejad İranın tərəfdaşı olan Çinlə 25 illik müqavilənin əleyhinə çıxır. Bununla Mahmud Əhmədinejad dolayısıyla ali dini lider Əli Xameneyinin də əleyhinə çıxıb. Çünki Çinlə məlum razılaşmaya İranın ali dini lideri xeyir-dua verib. Əli Xameneyi 26 yanvar 2016-cı ildə Çinin lideri Si Szinpini iqamətgahında qəbul edərkən iki ölkə arasında 25 illik müqavilənin hazırlanmasından razılığını bu cümlə ilə ifadə edib: "Çinlə 25 illik müqavilə doğru qərardır".

Politoloq qeyd edib ki, Çin lideri İrana 4 il əvvəlki səfəri zamanı bu ölkə ilə nə az, nə çox 17 sazişə imza atmışdı: 

"Bu sazişlər əməkdaşlığın bütün sahələrini əhatə edirdi. 25 illk müqaviləyə görə isə Çin İrana mərhələli şəkildə 400 milyard dollar yatırım qoymağa boyun olub. Çin bu məbləğin 280 milyard dollarını İranın neft, qaz və neft-kimya sənayesinə yönəldəcək. Bu ümumi rəqəmlərdir və sazişin mətni üzərində iş yekunlaşmaq üzrədir. Digər tərəfdən İranın keçmiş prezidenti haqlıdır, hər iki tərəf müqavilənin detallarını gizli saxlamağa üstünlük verir. 

Dünyanın əsas iqtisadi gücünə çevrilən Çin əldə etdiyi yüz milyardlarla dollar gəliri müxtəlif ölkələrdə yatırımlara yönəldir. Çinin yatırımları Avropadan tutmuş uzaq Afrikaya qədər uzanıb. Ancaq Çinin yatırımları cəlbedici olduğu qədər qorxulu hesab edilir. Həmin yatırımların iqtisadi və siyasi riskləri az deyil. Çin yatırım qoyduğu ölkələrə şərtlərini də gətirir. Bu şərtlər içərisində yatırımların idarəedilməsindən tutmuş çinli mütəxəssislərin həmin ölkələrdə yerləşdirilməsinə qədər bəndlər yer alır. Təsadüfi deyil ki, vaxtilə Çin yatırımlarına maraq göstərən Mərkəzi Asiya ölkələri bu gün həmin şərtlərin çətinliklərini yaşayırlar. Eyni ilə Mahmud Əhmədinejad da ondan ehtiyat edir ki, Çin İrana qoyduğu yatırımları öz bildiyi kimi idarə edəcək və bu zaman İranın enerji və insan resursları Pekinin nəzarəti altına keçəcək. Başqa sözlə, keçmiş prezident demək istəyir ki, 25 illik müqavilə İranın müstəqilliyinə xələl gətirəcək. Ancaq İranın başqa alternativi də qalmayıb. ABŞ sanksiyaları və koronavirus epidemiyasının geniş yayılması İran iqtisadiyyatını taqətdən salıb, iş yerləri qapanıb, sosial gərginlik artıb. Belə vəziyyətdə İranın Çinin yüzmilyardla dollar yatırımına qapılarını açmaqdan başqa çarəsi yoxdur". 

Elxan Şahinoğlu Çinin İranda əsas iqtisadi gücə çevrilməsi perspektivinin Azərbaycan üçün də müəyyən çağırışlara yol açdığını deyib: 

"Mümkündür ki, İranın Azərbaycanla birgə həyata keçirdiyi regional layihələrə Çinin marağı artsın". 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook