SON XƏBƏR

İcra Hakimiyyətində Ulu Öndərin məşhur kəlamını unudan kimlərdir? - VİDEO

Aprel 17
00:33 2021
Son zamanlar Bakı şəhərində yaşıllıqların məhv edilməsi geniş vüsət alıb. Paytaxtda işbazlar tərəfindən təbiətə qarşı həyata keçirilən bu vandal aktına əksər hallarda Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq qurumları da dolayısı ilə dəstək verirlər.
 
Qlobal.az xəbər verir ki, təbiətə qarşı həyata keçirilən növbəti vəhşilik bu gün Bakı şəhəri Yasamal rayonu Şərifzadə-192 ünvanında qeydə alınıb.
 
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin məsələ ilə əlaqədar əraziyə keçirdiyi baxış zamanı sözügedən ünvanda Bakı şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən ağacların vegetasiya dövrü olmasına baxmayaraq ərazidə budama işlərinin aparıldığı müəyyən olunub.
 
Məsələ ilə bağlı ATV kanalı geniş reportaj hazırlayıb. 
 
ATV-nin hazırladığı reportajda ünvanda təbiətə qarşı baş verən vandal aktının əsl səbəbkarları aydın olub. Belə ki, Bakı Şəhər İcra Hakimiyyətinin "budama apardığı" ərazidə inşaat işləri aparılacaq. 
 
Şikayətçi olan sakinlər tv-yə bildiriblər ki, ərazidə "budama" adı altında ağaclar qəsdən kəsilir. 
 
Məlum olub ki, ərazidəki ağaclar bina inşa etmək istəyən "Smartdom" Məhdud Məsuliyətli Cəmiyyəti ərazidən köçüb gedən sakinlərin adından BŞİH-nə müraciət ünvanlayıb. Yaşıllaşan vaxtı ağacların budanmasının arxasında ciddi mətləblərin olduğunu deyən sakinlər "Smartdom" MMC -nin onların adından aidiyyatı qurumlara saxta müraciətlər yazdığını bildiriblər.
 
"Smartdom" MMC-nin nümayəndəsi isə ərazidə bina inşa edilməsi üçün sakinlərlə danışıqların aparıldığını qeyd edib. 
 
Bakı şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyi isə ağacların sakinlərin müraciəti əsasında kəsildiyini vurğulayıb.
 
Maraqlıdır ki, son günlər Bakı Şəhər İcra Hakimiyyətinin adı ətrafında baş verən neqativ hadisələr (Hesablama Palatası Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinə dövlət büdcəsindən ayrılan vəsaitlərin icrasına dair auditində 2 milyon manata qədər yeyinti olduğunu bildirib) Eldar Əzizovun vəzifəsinin öhdəsindən gələ bilmədiyini göstərir. 
 
Eldar Əzizov 2018-ci ildə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edildikdən sonra qanunsuz hallara qarşı ciddi mübarizə aparacağını qeyd etdi. Lakin Eldar Əzizovun Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunması 3-cü ilinə adlamasına baxmayaraq, indiyədək heç bir uğurlu işə imza atılmayıb. Bu illər ərzində nəinki qanunsuzluqlara qarşı mübarizə aparılıb, əksinə, paytaxtda neqativ hallar daha da çoxalıb.
 
Bakı Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Hacıbala Abutalıbovun zamanında adı korrupsiyada hallanan şəxslərin əksəriyyəti bu gün də meriyada mühüm postlardadırlar. Paytaxtda qanunsuz ağac kəsimləri, qanunsuz tikililərin sayı daha da artıb. 
 
Baş verənləri ciddi müşahidə və təhlil etdikdə iki nəticəyə gəlinir: Ya Eldar Əzizov "gözəgörünməz qüvvələrlər", uzun illərdən bəri Bakıda kök salmış "tikinti mafiyası" ilə bacara bilmir, ya da daha dərin "oynayaraq" baş verənlərin arxasında özü dayanır. 
 
Hansı versiyanın daha doğru olduğunu zamanın ixtiyarına buraxıb çox da uzaq olmayan tarimizdən bir misal gətirək. Ulu Öndər Heydər Əliyevin Bakıda ağac kəsənlər barədə məşhur tarixi çıxışı var. Həmin çıxışında Bakıda geniş yaşıllıq zolaqların, parkların salınmasının tarixindən danışan Ulu Öndər qanunsuz ağac kəsənlər barədə sərt ifadələr işlədir.
 
Görünür, daim qəlblərdə yaşayacaq Ulu Öndərin bu kəlamlarını Bakı Şəhər İcra Hakimiyyətində kimlərsə unudub...
 
Qlobal.az
 





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook