SON XƏBƏR

Həsən Ruhani: ABŞ-ın dünya neft bazarına nəzarət edəcək gücü yoxdur

Aprel 24
21:22 2019
Birləşmiş Ştatların dünya neft bazarına nəzarət edəcək gücü yoxdur.

Bunu İran Prezidenti Həsən Ruhani ABŞ-ın İrandan neft alan ölkələrə tətbiq edilən güzəştin müddətini artırmamasına münasibət bildirərkən deyib.

ABŞ-ın İranın neft ixracını sıfıra endirməklə bağlı planının reallaşmayacağını və İranın müxtəlif yollarla neft satışını davam etdirəcəyini vurğulayan Həsən Ruhani bildirib: "ABŞ-ın dünya neft bazarına nəzarət edəcək gücü yoxdur. Amerikalılar bu barədə yanılırlar. Bu təşəbbüslərlə müxtəlif xalqlara, neft şirkətlərinə, hətta öz vətəndaşlarına zülm edirlər”.

O, ABŞ-ın təzyiqlərə son verəcəyi və üzr istəyəcəyi təqdirdə danışıqlar masasına otura biləcəklərini deyib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp İrandan neft alan ölkələrə tətbiq edilən və mayın 2-də başa çatacaq güzəştin müddətini artırmayıb. Ağ Evin məlumatında deyilir ki, D.Tramp İrandan neft alan ölkələrə tətbiq olunan güzəştin müddətini uzatmamaq barədə qərar qəbul edib. Açıqlamada ABŞ, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və digər müttəfiqlərin qlobal neft bazarında tədarükün lazımi səviyyədə təmin edilməsində qərarlı olduqları bildirilir.

Xatırladaq ki, ABŞ-ın İrana qarşı sanksiyalarının ikinci mərhələsi ötən il noyabrın 5-də qüvvəyə minib. Sanksiyalar çərçivəsində İrandan neft idxalını azaldan 8 ölkəyə - Türkiyə, Çin, Hindistan, Koreya Respublikası, İtaliya, Yunanıstan, Yaponiya və Tayvana 180 günlük müvəqqəti güzəşt tətbiq olunurdu.(AzərTAc)



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook