SON XƏBƏR

Güney Azərbaycanda etirazlar səngimir- VİDEO

Noyabr 12
11:49 2015
ETTELAAT soydaşlarımıza qarşı repressiyalar həyata keçirir; evlərindən, iş yerlərindən naməlum istiqamətə aparılan fəalların yeri məlum deyil İran parlamentinin deputatı Azərbaycan türklərini təhqir edənlərin sərt cəzalandırılmasını tələb etdi İran telekanalında Azərbaycan türklərinin təhqir olunmasına güneyli soydaşlarımızın etirazları dünən də davam edib.
 
"Gunaz.tv”nin məlumatına görə, noyabrın 11-də küçələr, eniversitetlərlə yanaşı, idman meydanlarında da etirazlar təşkil edilib. Voleybol oyununda bir araya gələn 6000 fəal, oyunun gedişi zamanı şüarlar səsləndirib, günahkarların cəzalandırılmasını tələb ediblər.
 
Oyundan sonra Urmiyə şəhər mərkəzinə yürüş edən fəallarla polis arasında toqquşma baş verib. Polis etirazçılara qarşı rezin güllələrdən və gözyaşardıcı qazdan istifadə edib.
 
Bu arada, İranda Azərbaycan milli kimliyi uğrunda dinc mübarizə aparan fəal soydaşlarımıza qarşı repressiyalar davam edir.
 
İran Kəşfiyyat Nazirliyinin (ETTELAAT) Urmiya şöbəsinin əməkdaşları azərbaycanlı tələbələr Seyid Əli Əbdi və Rza Bərzigəri noyabrın 9-u axşam saatlarında şəhərin mərkəzi meydanında yerləşən "Əta” tələbə yataqxanasında tutub naməlum istiqamətə aparıblar. Rza Bərzigəri Xoy şəhərindəndir. Hər iki azərbaycanlı tələbənin həbsi Tran telekanalında azərbaycanlıların təhqir olunmasına etiraz olaraq Urmiyədə keçirilən dinc aksiyanın başa çatmasından bir neçə saat sonraya təsadüf edib. Onların hazırda harada saxlandığı və konkret nədə günahlandırıldığı bilinmir.
 
Culfalı fəal Səid Sultani da tutulanlar sırasındadır. ETTELAAT-ın Culfa şöbəsinin əməkdaşları Səid Sultanini dünən günorta saatlarında iş yerindən aparıblar. İş yerində yoxlama aparılıb, fəala məxsus bir sıra şəxsi əşyalar götürülüb. Azərbaycanlı fəalın konkret nədə günahlandırılması barədə hər hansı məlumat verilməyib. Qeyd edək ki, Səid Sultani milli zəmində apardığı dinc fəaliyyətinə görə bundan əvvəl də bir neçə dəfə tutulub və həbsdə saxlanıldığı müddətdə müxtəlif psixoloji və fiziki işgəncələrə məruz qoyulduqdan az sonra mülk girovu qarşılığında azadlığa buraxılıb.
 
Azərbaycanlıların İranın dövlət televiziyasında yayımlanan "Fitilə” adlı proqramda təhqir olunmasına qarşı Məlikanda dinc etiraz aksiyası keçirilməsinə rəsmi icazə almaq üçün hökumət qurumlarına müraciət etmiş fəal soydaşımız Maqsud Bəsirpur da həbs olunub. ETTELAAT-ın Məlikan (Məlik kəndi) şöbəsinin əməkdaşları azərbaycanlı fəalı dünən onun şəxsi mənzilində tutub naməlum istiqamətə aparıblar. ETTELAAT məmurları dinc fəalı tutarkən, onu həyat yoldaşının gözləri qarşısında vəhşicəsinə döyüb təhqir ediblər. Təhlükəsizlik məmurlarının kobud rəftarına etiraz bildirən fəalın yoldaşı isə təhdid və təhqir olunub. Azərbaycanlı fəalın hazırda harada saxlandığı və konkret nədə günahlandırıldığı məlum deyil.
 
"Üzrxahlıq kifayət deyil, bu şəxslər cəzalandırılmalıdır”
 
İran parlamentinin Qərbi Azərbaycan əyalətindən seçilmiş deputatı Mehdi İsazadə Azərbaycan türklərinin dövlət televiziyasında yayımlanan "Fitilə” adlı proqramda təhqir olunmasına münasibət bildirib. Deyib ki, "Fitilə” proqramı əməkdaşlarının etdiyi əmələ görə azərbaycanlılardan üzr istəməsi qəbul olunmur: "Mən ölkənin məhkəmə sistemindən bu şəxslərə ən ağır cəza verilməsini istəyirəm. Sırf üzrxahlıq etmək kifayət deyil. Hesab edirəm ki, bu şəxslər cəzalandırılmalıdır. Həmişə Həzrət Əbülfəzl və İmam Hüseyn adları dilində gəzən və onların ətrinin iyini verən azərbaycanlıların ağzı üfunət qoxuya bilməz. Mən Azəridilli bir şəxs kimi, bu cənabların üzrxahlığını qəbul etmirəm və hesab edirəm ki, "Fitilə”çilərə ən ağır cəza nəzərdə tutulmalıdır. Axı biz nə qədər gedib millətə izah edib deməliyik ki, kimsə bir qələtdi eləyib, siz bağışlayın. "Fitilə”çilər bacarırlarsa indi çıxıb türkdilli əhaliyə cavab versinlər”.
 
Xatırladaq ki, noyabrın 6-da İran Dövlət Televiziyasının 2-ci kanalından yayımlanan "Fitilə” adlı proqramda Azərbaycan türkləri açıq-aşkar təhqir edilib, alçaldılıb. Noyabrın 9-da isə İranın azərbaycanlılar yaşayan əyalətlərində yüz minlərlə əhali küçələrə axışaraq, etiraz aksiyası və yürüşlər keçiriblər.
 
Təbriz və Urmiyədə polislə qarşıdurmada yüzlərlə azərbaycanlı tutulub, bir neçə nəfər bədən xəsarəti alıb.
 
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook