SON XƏBƏR

Gömrük Komitəsinin 30 milyonluq yeni binası: "Azərbaycanda tikilməkdən məmnunam!"

Dekabr 24
22:53 2020
Bu gün Dövlət Gömrük Komitəsi (DGK) yeni inzibati binanın tikintisi üçün 30 milyon manat ayırmışdır.
 
Qlobal.az-ın əməkdaşı DGK-nin yeni inzibati binası ilə mövzuya dair söhbətləşib:

- Xoş gördük, hörmətli bina. Dövlət Gömrük Komitəsi bu gün sizin tikintiniz ilə əlaqədar sifarişçi olduğu tenderə yekun vurmuşdur. Sizin tikintinizə 30 milyon manat xərclənəcək. Ayrılan vəsait sizin ümumi xərcinizdir, yoxsa?

- Xoş gördük. Sualınız üçün təşəkkür edirəm. Çox gözəl sualdır. Öncə tribunanızdan istifadə edib Azərbaycan xalqını Qələbə münasibəti ilə təbrik etmək istəyirəm. Azərbaycan xalqı dünyada ən gözəl, qədirbilən xalqdır. Bir daha xalqınızı təbrik edir, eşq olsun deyir və keçirəm sualınızın cavabına. 

Bilirsiniz ki, dünyada hazırda iqtisadi vəziyyət, xüsusən də istehsalat sahəsi stabil axarda deyil. Koronavirus pandemiyası bu sahələrlə yanaşı, daşıma sahəsini də sıradan çıxarmışdır. Gündən-günə iflas edən broker fəaliyyəti ilə məşğul olan şirkətlərin sayı durmadan artır. Tikinti elə bir sahədir ki, hələ stabil iqtisadiyyat zamanı verilən smetalarda 10-30 faiz arası fərqlilik əmələ gəlirdi. Bu baxımdan ola bilsin ki, gələcəkdə mənim tikintimin davam etdirilməsi üçün yeni vəsaitlər ayrılacaq.

- Ümumiyyətlə, koronavirusun tüğyan etdiyi bir zamanda, ölkəmizin müharibədən yeni çıxdığı belə həssas dönəmdə DGK üçün yeni inzibati binanın tikintisi çoxmu önəmli idi?

- Bilirsinizmi, əslində bu sualın ünvanı mən deyiləm. Ancaq bir halda ki, mənə ünvanladınız, gərək cavab verim. Özüm tikilirəm deyə, söyləmirəm. Bəli, vacibdir. Çünki Azərbaycan regionun ən qüdrətli dövlətidir. Nəyə görə DGK-nın inzibati binası 30 ildir, eyni görkəmdə nimdaş bina olmalıdır. Özü də elə bir bina ki, görkəmindən neqativlik yağır. Baxan kimi hiss edilir ki, burada əyri-üyrü işlərin sayı-hesabı yoxdur. Amma mən şəffaf olacağam. İstənilən vətəndaş gəlib mənim qarşımda dayanıb kabinetdə gedən iş prosesini izləyə biləcək...

- Necə yəni mən şəffaf olacağam? 

- Şəffaf də. Şəffaf bilmirsən nədir? Yəni şüşədən. Sakaşvilinin vaxtında Gürcüstanda tikilən dövlət müəssisələri kimi. Yadına gəlmir, o vaxt necə həsəd aparırdınız o binalara. Deyirdiniz kaş bizim də dövlət idarələrimiz belə şəffaf olsun. İndi şəffaflaşırsız da. Nədən narazısınız? 

- Ancaq bizim ölkədə vətəndaşların böyük əksəriyyəti DGK-nin fəaliyyətindən narazıdır. Buna görə də hesab edirlər ki, yeni binanın tikintisi şəffaflıqdan daha çox, pul yeyintisidir. Sizin bu məsələyə münasibətiniz necədir?

- Öncə onu deyim ki, mən çox məmnunam ki, Azərbaycanda tikilirəm. Özü də Bakının ən görkəmli yerində. Tikildiyim yerdən sökülənədək Xəzəri seyr eləmək imkanım olacaq. Pul yeyintisi məsələsinə gəldikdə isə onu söyləyim ki, Azərbaycanda korrupsiyanın olmasını hələ mənim smetam hazırlanarkən qulağım çox eşidirdi. Dəqiq xatırlaya bilmirəm, elə bil kimsə memara tez-tez "rəqəmi şişirt” deyirdi. Mən bu sözü hələ tamamən anlaya bilmirəm. 

- Hansı sözü, rəqəmi, yoxsa şişirtməni?

- İkincini.

- Siz bundan sonra o sözü güman ki, çox eşidəcəksiniz. 

- Bəlkə də... Amma bilirsiniz, mənə elə gəlir ki, mən tikiləndən sonra DGK-da çalışan generalların çoxu mənim heç qapımdan belə içəri girə bilməyəcəklər.
 
- Nə üçün? Yəni içəri daxil olmağa qoymayacaqlar?

- Hə, bəziləri elə köhnə binada qalıb işləyəcəklər. Sədrə gəldikdə isə...

- Sədr də girə bilməyəcək?

- Yox, məsələ sədrin girib-girə bilməməyində deyil. Bunun yuxusunu görmüşəm. Mənim bütün yuxularım çin çıxır. Sənə bir yuxu danışım. Hələ layihəm hazırlananda yuxuda gördüm ki, bir səhralıqda tikilmişəm. Bərk külək əsir. Külək qumları gətirib şüşəmə çırpırdı. Ətrafımda çoxlu qoyunlar mələşirdi. Yanımdakı yamaqlı binadan soruşdum ki, mən haradayam, bura haradır? Dedi ki, Monqolustandasan. Ürəyim şiddətlə çırpınırdı. Qışqırdım ki, mən buranı istəmirəm. Birdən küləyin gətirdiyi qum dalğasının içindən nurani bir kişi çıxdı. Bir əlində yüzlük dollar "paçkası”, o biri əlində isə bir stəkan su. Dedi, al, iç bu suyu. Qorxma, səni qoymaram burada tikiləsən. Sən dünyanın ən gözəl şəhəri Bakıda tikiləcəksən. Amma mən sənin içində otura bilməyəcəyəm. Sən ucalana, tikilənə qədər məni işdən çıxaracaqlar. Yuxudan ayıldım. İki gündən sonra...

- Ay şəffaf bina, axı sənin bu yuxunun DGK-nin sədrinə nə dəxli?
 
- Sözümü kəsmə də. İmkan ver, yuxumu sona qədər danışım. İki gündən sonra yuxumda əlində yüzlük dollar "paçkası” tutan nurani kişinin sizin DGK-nin sədri olduğunu öyrəndim. 

- Haradan öyrəndiniz?
 
- Mənim smetama baxıb gülümsədi, gülümsədi, sonra da yanındakı qalstuklu adamlara dedi ki, allah bərəkətli eləsin, imzalayın getsin. Onlar da "baş üstə, sədr” dedilər. O zaman bildim ki, gülümsəyən kişi DGK-nin sədridir. Yaxşı adama oxşayır, heyf...

- Yaxşı, gəl söhbətimizi pozitiv notlarla yekunlaşdıraq. Azərbaycanda tikilməkdən məmnun olduğunuzu dediniz. Bunu necə izah edərdiniz?

- Əlbəttə, məmnunam. Bakı dünyanın ən gözəl şəhəridir. Düzdür, burada tikilən binaların bəzilərini bir az keçəndən sonra gəlib sökürlər. Amma əminəm ki, mən yaxşı tikildikdən sonra heç kimin məni sökməyəcək.

- Çox sağ olun.

- Siz də sağ olun. 

Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook