Eynulla Fətullayev Moskvada Azərbaycanla Rusiya arasında münasibətlərin sirri barədə
Noyabr 29
08:41
2016
"Rusiya ilə Türkiyənin münasibətlərinin yaxşılaşması Azərbaycanın maraqlarına cavab verir. Azərbaycan həm Ankara, həm də Moskva ilə strateji münasibətlərini qoruyur. İki dost ölkə arasında münasibətlərin soyuması dövründə Azərbaycan bunun normallaşması üçün olduqca çox şey edib”.
Bu sözləri Rusiyanın "Tsarqrad” telekanalının efirində çıxış edən virtualaz.org və haqqin.az informasiya-analitik portallarının rəhbəri Eynulla Fətullayev deyib.
Avrasiya İttifaqının inkişafı məsələsinə münasibət bildirən Eynulla Fətullayev qeyd edib ki, Azərbaycan Avrasiya siyasi məkanının genişlənməsində həlledici rol oynaya bilər.
"Şəxsi fikrimcə, dövlətlərarası münasibətlərin inkişafı və müxtəlif bloklara münasibət məsələlərində Azərbaycan hökuməti ilk növbədə iqtisadi maraqlardan çıxış edir. Son 15 il ərzində Azərbaycan postsovet məkanında ən inkişaf etmiş ölkəyə çevrilib və Rusiya ilə iqtisadi münasibətləri fəal şəkildə genişləndirir. Azərbaycan Rusiyanı özünün strateji tərəfdaşı elan edib”, - Eynulla Fətullayev bildirib.
Azərbaycanın qonşu dövlətlərlə münasibətləri barədə suala cavab verən jurnalist qeyd edib ki, bu münasibətlər yüksək səviyyədədir. Bu mənada Eynulla Fətullayev Azərbaycan torpaqlarını işğal etmiş Ermənistanı istisna adlandırıb. Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair öz mövqeyi ilə bölüşmək xahişinə jurnalist cavab verib ki, Ermənistan işğal etdiyi rayonları qeyd-şərtsiz azad etməlidir.
Jurnalist həmçinin gülənçilər və onların Azərbaycanda təsir dairəsi ilə bağlı vəziyyəti şərh edib.
"Şübhəsiz ki, gülənçilərin Azərbaycanda heç bir təsir imkanı qalmayıb. 2012-ci ildən başlayaraq, Azərbaycan hökuməti və hüquq-mühafizə orqanları bu sektanın həm siyasi, həm də dini qanadlarına qarşı genişmiqyaslı mübarizəyə başlayıb. Bu sektanın davamçıları Azərbaycanın hökumətində və iqtisadi sekrotunda dərin kök salmışdılar. Göründüyü qədəri ilə onların ölkədə uzaq perspektivə köklənmiş planları vardı. Özünün geosiyasi mövqeyi səbəbindən Azərbaycan gülənçilər üçün strateji əhəmiyyətə malikdir. Lakin Azərbaycan hökumətinin gördüyü uğurlu tədbirlər gülənçilərin bütün planlarının üzərindən xətt çəkdi”, - jurnalist deyib.
Azərbaycanla Rusiya arasında harmonik münasibətlərin sirri barədə danışan Eynulla Fətullayev qeyd edib ki, bu, ölkələr arasında bərabərhüquqlu münasibətlərin inkişafı ilə bağlıdır. Jurnalist bildirib ki, həmin münasibətlərdə iki ölkənin liderlərinin şəxsi münasibətləri və dostluğu böyük rol oynayır.
"Bilirsiniz, burada praqmatik yanaşma vacibdir. Bir çox ölkələr var ki, indiyə qədər özlərini, SSRİ dövründə olduğu kimi, dotasiya olunan respublika hesab edirlər. Onlar Rusiyadan pulsuz qaz və digər güzəştlər tələb edirlər. Bu, dövlətlərarası münasibətlərdə düzgün yanaşma deyil. İndi 1976-cı deyil, 2016-cı ildir. İstənilən şəxsi və dövlətlərarası münasibətlər qarşılıqlı mənfəət əsasında qurulmalıdır. Hesab edirəm ki, Azərbaycanla Rusiya arasında möhkəm iqtisadi və siyasi münasibətlərin sirri məhz bundadır”, - Eynulla Fətullayev deyib.