SON XƏBƏR

Evrovision təmsilçimizin klipi etiraza səbəb oldu

Mart 15
00:53 2016
Azərbaycanı bu il Avroviziya Mahnı Müsabiqəsində təmsil edəcək Səmra Rəhimlinin mahnısı və klipi geniş ictimaiyyətə təqdim edildikdən sonra təbii olaraq tamaşaçılar və peşəkarlar arasında müxtəlif müzakirələr başladı.
 
ANS PRESS-in məlumatına görə, Səmranın mahnısından çox onun obrazı, xarici görünüşü daha diqqət çəkən olub. Daha dəqiq desək, iştirakçının görünüşü o qədər də müsbət qarşılanmayıb.
 
Ukraynalı nümayəndə heyəti tərəfindən hazırlanan geyim, saç düzümü və makiyaj yerli dəb mütəxəssislərinin narazılığına səbəb olub. Onlar Səmranın geyim və görünüşünü olduqca sadə və ucuz hesab ediblər. Yerli modelyer və stilistlərin azərbaycanlı iştirakçının görünüşünə belə reaksiya vermələri hətta bəzi məqamlarda qısqanclıq kimi də diqqət çəkir.
 
"Avroviziya həm də "siyasi musiqili meydan” olduğu üçün ifaçının hər bir şeyi təmtəraqlı olmalıdır".
 
Ənənəyə çevrilmiş qaydaya əsasən yenə də Avroviziya təmsilçimizin xarici görünüşü üzərində yerli deyil, əcnəbi mütəxəssislər çalışır. Olduqca məsuliyyətli bir çıxışa hazırlaşan və ölkəsini Avropada təmsil edəcək gənc müğənninin sadə görünüşü haqqında indidən mənfi fikirlər səsləndirib rəy formalaşdırmaq nə qədər doğrudur? Axı, bu cür fikirlər Səmranın psixoloji hazırlığına zərbə də vura bilər. Həm də onu nəzərə alaq ki, sözügedən müsabiqədə əksər hallarda sadə görünüşlü iştirakçılar qalib gəlir. Məsələn, Mərakeş əsilli İsveç müğənnisi Lorin 2012-ci ildə Bakıda keçirilən Avroviziya mahnı müsabiqəsində sadə görünüşü ilə səhnəyə çıxsa da, müsabiqənin qalibi olmağı bacarıb. O, "Euphoria" adlı mahnını ifa ederək və 372 balla turnirin qalibi olmuşdu. 2011-ci ildə Almaniyada keçirilən Avroviziya mahnı müsabiqəsinin qalibi Nigar Camal da görünüşü ilə digər yarışmaçılardan fərqlənməsə də, qalib gəlib.
 


Xalq artisti Faiq Ağayevin fikrincə, Səmraya hazırda uğurlar arzu etmək lazımdır, onun geyimini və makiajını müzakirə etmək yox: "Artistin geyimi də, makiyajı da, səhnə hərəkəti də çox vacibdir. Bütün bunlar səhnədə tamamlanmış obraz yaradır. Bu, radio müsabiqəsi deyil ki, artistin üzünü, geyimini görə bilməyək. Azərbaycan hal-hazırda müsabiqəyə yaxşı, keyfiyyətli gənc bir müğənni göndərir”.
 
Xalq artisti Tünzalə Ağayevanın sözlərinə görə, Avroviziya həm də "siyasi musiqili meydan” olduğu üçün ifaçının hər bir şeyi təmtəraqlı olmalıdır: "Orada bizi təmsil edən adam ingilis dilini bilməsindən tutmuş, geyiminə, makiyajına və mahnısına qədər hər şey bir-birini tamamlamalıdır. Mahnı müsabiqəsi olsa da, hamımız bilirik ki, orada bəzi ölkələrin siyasi maraqları güdülür. Onun üçün də ölkəmizi təmsil edən müğənni hərtərəfli hazır olmalıdır”.
 
Əlbəttə, bütün səslənən fikirlər Səmraya dəstək xarakteri daşımalıdır. İştirakçımız üçün hazırkı həssas məqamda səslənən tənqidlər belə, onun iştirakına mənfi yox, müsbət təsir etməlidir. Onun üçün də iştirakçımız haqqında fikir səsləndirərkən şəxsi hisslərimizi kənara qoyub, ölkəmizin maraqlarını düşünməliyik.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook