SON XƏBƏR

Ermənipərəst senator vəzifəsindən getdi: korrupsiya, rüşvət...

Sentyabr 23
10:46 2023
Nyu-Cersi ştatından olan demokrat senator Robert Menendez və həyat yoldaşı Nadine ABŞ-ın Misirə hərbi yardımına təsir etmək və halal məhsulların ixracı işini asanlaşdırmaq üçün yüz minlərlə dollar rüşvət alıblar.

Qaynarinfo "Financial Times”a istinadən xəbər verir ki, bu barədə Manhetten Prokurorluğunun ittiham aktında deyilir.

Cütlük və üç Nyu-Cersili iş adamı nağd pul hədiyyələri, qızıl külçələr, ipoteka ödənişləri və kabriolet Mercedes-Benz də daxil olmaqla dörd illik "korrupsiya münasibətləri"nə görə ittiham olunublar.

ABŞ-ın Nyu Yorkun Cənub Dairəsi üzrə prokuroru Damian Uilyams bildirib ki, senator səlahiyyət və nüfuzundan, o cümlədən Senatın Xarici Əlaqələr Komitəsindəki liderlik rolundan Misir hökumətinə müxtəlif yollarla fayda vermək üçün istifadə edib. Senator "ABŞ hökumətinin məxfi məlumatlarını da Misir rəsmilərinə təqdim edib".

Menendez ittihamları rədd edib və bunu "qarayaxma kampaniyası” adlandırıb. 

Demokratların Senatdakı çoxluğun lideri Çak Şumer daha sonra Menendezin Nümayəndələr Palatasının nüfuzlu Xarici Əlaqələr Komitəsinin rəhbəri vəzifəsini tərk etdiyini təsdiqləyib. 

Menendezin Senatdakı bir çox həmkarı ittiham aktını şərh etməkdən imtina edib. Lakin Nyu-Cersi ştatının demokrat qubernatoru Fil Mörfi onu dərhal istefaya çağırıb və bildirib ki, ittihamlar "o qədər ciddidir ki" senator "ştatımızın xalqını effektiv şəkildə təmsil etmək" qabiliyyətini "təhlükə altına salıb".  

Mörfinin çağırışlarını Nyu-Cersidən olan Nümayəndələr Palatasının demokrat üzvləri Miki Şerrill və Endi Kim dəstəkləyib.

Prokurorlar daha sonra bildiriblər ki, Nyu-Cersidən olan senator ştat  prokurorluğu tərəfindən təqsirlərndirilən şəxslərdən birinə qarşı qaldırılan cinayət təhqiqatını pozmaq məqsədilə "öz təsirindən və səlahiyyətindən istifadə edib və öz rəsmi vəzifələrini pozub".

İddia edilən rüşvətdən əldə edilən bəzi gəlirlər keçən ilin yayında Menendezin evinə və seyfinə axtarış zamanı aşkar edilib. Orada 480.000 dollardan çox nağd pul olub – "bunun çoxu zərflərə doldurulub və paltarda, şkafda və seyfdə gizlədilib”. İttihama görə, Menendezin həyat yoldaşına məxsus qutuda da 70 min dollardan çox pul aşkar edilib. 

Prokurorlar pulların bir hissəsinin üzərində təqsirləndirilən şəxslərdən birinin barmaq izlərinin və DNT-nin tapıldığını bildiriblər.

İttiham aktında deyilir ki, axtarış zamanı, həmçinin seriya nömrələri təqsirləndirilən şəxslərdən birinin bir il əvvəl satın aldığı ilə uyğun gələn iki ədəd bir unsiyalıq qızıl külçə aşkar edilib.

Menendez bu il sentyabrın sonunda məhkəmə qarşısına çıxacaq.

Cümə günü brifinq zamanı Ağ Evin mətbuat katibi Karin Jan-Pyer jurnalistlərə bildirib ki, Ağ Ev Menendezə qarşı ittihamlar və ya onun istefa verib-verməməsi ilə bağlı şərh verməyəcək. O, Menendezin "növbəti addımları" ilə bağlı "müzakirələrin davam etdiyini" əlavə edib və "bunu Senatın rəhbərliyinə buraxacağını" söyləyib.

Qeyd edək ki, senator Menendez ABŞ-da ən qatı erməni lobbiçilərindən biri kimi reputasiyaya malikdir. Bu, daha çox onun həyat yoldaşı Nadin Arslanyanın erməni əsilli olması ilə bağlıdır.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook