Ərdoğanın xilas etdiyi şəxs danışdı: “Mənə başa saldı ki...”
Dekabr 27
14:21
2015
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müdaxiləsindən sonra intihar fikrindən daşınan Vəzir Çatraş hadisə ilə bağlı fikirlərini bölüşüb.
Axar.az xəbər verir ki, Çatraş şəkər xəstəsi olan qızına kömək edə bilmədiyi üçün bu yolu seçdiyini deyib:
"5 il əvvəl ailə həyatı qurmuşam. 5 yaşında Yağmursu, 3 yaşında Dəniz və Yaqız adlı uşaqlarım var. Tekstil sahəsində çalışıram. Ötən seçkilərdə dirəyə bayraq asarkən xəsarət aldım, ayağımın diz qapağı qırıldı. 5 ay çalışa bilmədim. Bankdan 10 min TL kredit çəkdim. 14 min TL ödəməli idim. Vaxt keçdikcə ödəniş etməkdə çətinlik çəkirdim. Ailədə narazılıq yaranmağa başladı. Qayınanam ailəmdə söz-söhbət yaradırdı. Kiçik mübahisədən sonra həyat yoldaşım polisə şikayət etdi. Polis mənə 3 ay evdən uzaqlaşdırma cəzası verdi. Qayınanamın planı ilə həyat yoldaşım və uşaqlarım evdən köçmüşdü.
20 gün ərzində hər yolu sınadım. Qızım 40 gün xəstəxanada yatdı, onunla maraqlandım. Həyatım alt-üst olmuşdu. Yaşamağın mənası qalmamışdı. Artıq dözə bilmirdim”.
Bu hadisələrdən sonra intihar yolu seçən Çatraş Prezident Ərdoğanın sayəsində ölümdən qurtulduğunu möcüzə adlandırıb: "Biz ailə olaraq AKP-yə səs verərik. Həyat yoldaşım isə CHP-çidir. Heç bir təşkilatın, partiyanın üzvü deyiləm. Mən körpüdə olduğum zaman həyat yoldaşım və uşaqlarımın ora gətirilməsini tələb edirdim. Sonra prezidentinin dayandığını və məni çağırdığını dedilər. İnanmadım. Elə bilirdim ki, məni aldadırlar. Prezidentin avtomobildən enməsini istədim. Təhlükəsizlik səbəbindən enməyəcəyini dedilər. Sonra onu görüb yanına getdim. Məndən haralı olduğumu soruşdu. Siirtli olduğumu dedim. Prezident bizim bölgənin insanlarının dinə bağlı olduğunu dedi. Sonra başa saldı ki, intihar etmək böyük günahdır. Problemlərimin həlli üçün tapşırıq verdi”.



