SON XƏBƏR

Elnur Rzayevin "yol əməliyyatı": Ötən 1,1 milyon, indi də 1,3 milyon...

Oktyabr 30
18:20 2024
Xaçmaz Rayon İcra Hakimiyyəti Xaçmaz və Xudat şəhərlərində avtomoibil yollarının əsaslı təmiri ilə bağlı keçiridyi tenderə yekun vurub. 

Qaynarinfo-nun məlumatına görə, tenderin qalibi "İS.M.M." MMC seçilib. Avtomobil yollarının təmirinə 1 351 385,25 manat xərclənəcək. 

"İS.M.M." MMC 2 aprel 2004-cü ildə qeydiyyata alınıb. Şirkət yaradılarkən nizamnamə kapitalı 10 manat olub. 2020-ci ildə şirkətin nizamnamə kapitalı 2 897 170 manata qədər artırılıb. "İS.M.M." MMC-nin hüquqi ünvanı Bakı şəhəri Yasamal Rayonu, Əlövsət Quliyev küçəsi, ev 98, mənzil 15-də yerləşir. Şirkətin qanuni təmsilçisi Xudiyev Nadir Bilman oğludur.

Maraqlıdır ki, 2,8 milyonluq şirkət və qanuni təmsilçisi haqqında açıq mənbələrdə heç bir məlumat yoxdur. MMC-nin adicə veb-səhifəsi də fəaliyyət göstərmir. 

Bununla belə, dövlət satınalmalarının vahid internet potalına yerləşdirilən elanlardan görünür ki, "İS.M.M." MMC tenderlərdə fəal iştirak edir və adətən iri məbləğli müsabiqələrinin qalibi seçilir. Şirkətin qalib gəldiyi tenderlər adətən yol təmiri ilə bağlı olur. 

"İS.M.M." MMC Xaçmaz Rayon İcra Hakimiyyətinin tenderində qalib seçilməzdən az əvvəl Salyan Rayon İcra Hakimiyyətinin yolların əsaslı təmiri ilə bağlı keçirdiyi müsabiqənin qalibi olub. Bu tender üzrə satınalma müqaviləsinin maliyyə dəyəri  766 767,3 manatdır. 

Sentyabrın əvvəllərində isə şirkət Şabran İcra Hakimiyyəti Başçısının Şabran şəhər İcra Nümayəndəliyinin keçirdiyi tenderin qalibi seçilib. Bu tender üzrə də satınalma predmeti yolların əsaslı təmiri olub. Satınalma müqaviləsinin maliyyə dəyəri isə 350 384,76 manat təşkil edib.

Göründüyü kimi üç tender arasında zaman fərqi o qədər böyük deyil. Belə anlaşılır ki, şirkət təxminən eyni vaxtda üç rayonda yol təmir etməlidir. "İS.M.M." MMC-nin texniki bazası haqqında heç bir məlumat olmadığından şirkətin bu işlərin öhdəsindən gələcəyini söyləmək bir qədər çətindir. 

Xaçmaz Rayon İcra Hakimiyyəti ötən il də yolların əsaslı təmiri ilə bağlı tender keçirib. Bu tenderin qalibi "Topxana Layihə İnşaat" şirkəti seçilib. Şirkətin qiymət təklifi 1 154 482,26 manat olub. Ötən il 1,1 milyon xərclənərək əsaslı şəkildə təmir edilən Xaçmaz yollarında yenidən təmirə ehtiyac yaranması anlaşılan deyil. 

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayevdir. O, 2019-cu ildən rayona rəhbərlik edir. 


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook