Əli Həsənov: “BMT-yə olan inam getdikcə azalır” – VİDEO
Mart 17
02:09
2017
"Başda BMT olmaqla, dünya siyasətində aparıcı mövqe tutan qurumların beynəlxalq münasibətlər sistemindəki rolu və mövqeyi ilə bağlı yeni yanaşmalar ortaya çıxır”.
Bunu Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov V Bakı Qlobal Forumunda "Müasir dövrdə terrorizmlə mübarizədə necə qalib gəlmək olar? Hansı vasitə, üsul və strategiya tətbiq edilməlidir?” panelində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, müasir dövrdə beynəlxalq münasibətlərin formalaşmasında, geosiyasi proseslərin tənzimlənməsində beynəlxalq təşkilatların üzərinə mühüm vəzifə düşür: "BMT-nin əksər halda qəbul etdiyi qətnamə və qərarların imperativ xarakter daşımaması, dünyanın müxtəlif regionlarında münaqişələrin alovlanmasına səbəb olan təcavüzkar dövlətlərin cəzalandırılmasına ikili standartlar mövqeyindən yanaşması təəssüf doğurur. Bu gün hamıya aydındır ki, bəzi Qərb dövlətlərinin təsiri altında BMT qəbul etdiyi qətnamə və qərarların yerinə yetirilməsinə eyni münasibəti göstərmir ki, bu da onun nüfuzuna ciddi zərbə vurur. Həmin sənədlərin icra mexanizmlərinin siyasiləşməsi nəticəsində Cənubi Qafqazda, Şərqi Avropada, Afrikanın bir sıra bölgəsində, Uzaq Şərqdə münaqişədən əziyyət çəkən dövlətlərin BMT-yə olan inamı getdikcə azalır”.
Ə.Həsənov qeyd edib ki, dövlətlərin daxili işlərinə qarışmayan, yalnız beynəlxalq hüquqi norma və prinsiplərindən çıxış edən Azərbaycan dünyanın müxtəlif ölkələrində mövcud olan münaqişələrin aradan qaldırılması üçün BMT-nin qəbul etdiyi qətnamələri və onların tez bir vaxtda yerinə yetirilməsini dəstəkləyir. Lakin BMT vaxtilə İraqın dərhal cazalandırılmasına rəvac verdiyi kimi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi qətnamələrin də təxirə salınmadan yerinə yetirilməsi üçün prinsipial mövqe nümayiş etdirmir:
"Liviya ilə bağlı BMT Təhlükəsizlik Şurasının çıxardığı qətnamə dərhal icra olunduğu halda, BMT-nin Ermənistanla bağlı ayrı-ayrı vaxtlarda qəbul etdiyi dörd qətnamə 20 ildən artıqdır, yerinə yetirilmir. Baxmayaraq ki, BMT-nin bu qətnamələrində Azərbaycanın ərazi bütövlüyünün toxunulmazlığı bir daha vurğulanıb, hərbi əməliyyatlara son qoyulması və Ermənistanın işğal etdiyi ərazilərdən çıxarılması tələbləri irəli sürülüb. Bütün bunların nəticəsidir ki, hazırda BMT-nin ikili standartlardan kənar, müstəqil bir qurum kimi fəaliyyət göstərməsi üçün təşkilatda ciddi islahatların aparılması, onun yenidən strukturlaşması və fəaliyyət strategiyasında köklü dəyişikliklərin edilməsi zərurəti ortaya çıxıb”.
O, vurğulayıb ki, XXI əsrin başlanğıcında Minilliyin Bəyannaməsinin qəbul edilməsindən sonra BMT-də islahatların aparılması məsələsi daha aktuallaşıb: "Azərbaycan da dünyanın bütün regionlarında münaqişələrin aradan qaldırılması, sülhün və sabitliyin etibarlı şəkildə təmin olunması üçün BMT-də islahatların aparılması ideyasını dəstəkləyir. SSRİ-nin dağılması ilə NATO dünyanın yeni geosiyasi mənzərəsini müəyyənləşdirməyə çalışan əsas hərbi-siyasi güc mərkəzinə çevrilib. Beynəlxalq münasibətlərdə "birqütblülük” yarandı ki, bu da dünya nizamında yeni oyun qaydalarının əmələ gəlməsinə səbəb oldu. Lakin son 25 ilin təcrübəsi göstərir ki, "birqütblü” sistem və "yeni dünya nizamı” konsepsiyası bütün dövlətlər tərəfindən birmənalı şəkildə qarşılanmır.
"Çoxqütblülüyün” aradan qalxmasına baxmayaraq, yenidən onun bərpa edilməsində maraqlı olan dövlətlər var və onlar müxtəlif hərbi-siyasi ittifaqların yaranmasında maraqlıdır. Azərbaycan 2011-ci ildə üzv olduğu Qoşulmama Hərəkatı isə dünya nizamının yeni arxitekturasının bərabərhüquqlu tərəfdaşlıq üzərində qurulmasını istəyir. Hesab edirik ki, bu gün beynəlxalq hüquq və güc arasında balansın tapılması dünyanın xilasıdır”. (xəzərxəbər)
Qlobal.az