Elçin Rəhimov seçicilərinə səsləndi: “Sizi həmişə aldadanları, bu dəfə siz aldadın” (VİDEO)
Fevral 06
13:36
2020
29 saylı Səbail seçki dairəsindən deputatlığa namizəd, jurnalist Elçin Rəhimov seçicilərinə müraciət edib.
Müraciəti olduğu kimi təqdim edirik:
"Salam əziz seçicilərim. Bu mənim sizə bu növbədənkənar seçkilər dövründə son müraciətimdir. Bu müraciətimlə mən təkcə 29 saylı Səbail seçki dairəsindən olan seçicilərimə yox bütün Azərbaycan xalqına səslənirəm. Bilirəm ki, dövlət işində işləyən hər birinizə işlədiyiniz idarənin rəhbərliyi tərəfindən, icra orqanları tərəfindən, hətta el içində JEK adlanan Mənzil İstismar Sahələrinin rəisləri tərəfindən təzyiqlər olur, hədə qorxu gəlinir və sizi işdən azad edəcəkləri ilə şantaj edirlər ki, siz onların dediyi namizədə gedib səs verəsiz. Sizi çox yaxşı başa düşürəm. Heç kim evinə apardığı bir tikə çörəkdən məhrum olmaq istəmir.Amma əminəm ki, kiminsə qulu olmaq da istəmirsiz. Onlarla razılaşın və seçkiyə mütləq gedin.Sözə qulaq asın amma öz bildiyinizi edin. İllərlə sizi istər seçkidə istərsə də gündəlik həyatınızda aldadan hakimiyyəti bir dəfə də siz aldadın. Seçki məntəqələrində səs verdiyiniz kabinələrdə kamera yoxdur və sizin kimə səs verəcəyinizi bir Allahınız, bir də siz bilirsiz. İçəri onların dediyi şəxsə səs vermək üçün girin, amma içəridə güvəndiyiniz, sizə və xalqımıza layiq olan, sizlərin dərdinə şərik olan qısacası sizdən olan azərbaycanlılara səs verin. Bəli damarında erməni yox azərbaycanlı qanı axan Azərbaycanlılara səs verin. Əks halda növbəti 5 ili də, bəlkə də növbəti 10 illəri də sizə qul kimi yanaşan millət vəkillərinin basqısı altında yaşayacaqsız. Növbəti illəri Qarabağsız keçirəcəksiz. 29 saylı Səbail seçki dairəsinin dəyərli seçiciləri, qonşularım seçki məntəqələrinə gedib mənə səs verməyinizi xahiş edirəm. Əlbətdə ki, məni buna layiq bilirisizsə. Təzyiqlərə, hədələrə, sizə verilən rüşvətə, 100 minlər xərcləyən guya ki, sizi düşünən dırnağarası müstəqil namizədlərin hiylələrinə, keçmişdə təyin olunmuş deputatların nağıllarına yox deyin. Özümüzü xalq olaraq sübut etməyin vaxtıdır, kimlərinsə əlində oyuncaq olmadığımızın, heç kimdən qorxmadığımızı sübut etməyin vaxtıdır. Əminəm ki, buna
hazırsız. Odur ki, qürurlu, qeyrətli,qəhrəman xalqım sizi illərdir aldadan hakimiyyəti bir dəfə də siz aldadın. Əmin olun ki, buna peşman olmayacaqsız”.