Ekologiya nazirliyi "Lənkəran Yol Tikinti" ASC-nin sədrinin qarşısında aciz qalıb?
Fevral 16
12:53
2024
"Haftonidən ümidverici və eyni zamanda narahatedici xəbərlər var".
Bununla bağlı "Ecofront" adından informasiya yayılıb.
Məlumatda deyilir ki, ETS naziri Muxtar Babayevin razılığı ilə "Lənkəran Yol Tikinti" ASC-nin sədri Raqub Həsənov tərəfindən məhv edilmiş bu meşə ilə bağlı "Ecofront"un müraciətinə güc strukturları qarışıb.
Bu ümidverici tərəfidir. Narahatedici tərəfi odur ki, Muxtar Babayev güc strukturlarını aldatmaq üçün dəridən-qabıqdan çıxır.
"Ecofront" nümayəndəsinin açıqlamasını tədqim edirik:
"Bir neçə gün öncə Lənkəran Rayon Polisindən bu mövzuda bizə aidiyyatı üzrə suallar ünvanlandı. Əldə etdiyimiz başqa məlumata görə isə Lənkəran polisi (hər halda öz nazirliklərindən aldıqları təlimat üzrə) ETSN-ə sözügedən meşənin əvvəlki vəziyyəti ilə bağlı sorğu göndərib. ETSN hələ də sorğuya cavab verməyib. Mən təxmin edə bilərəm ki, necə fırlada biləcəklərini düşünürlər.
Meşənin əvvəlki vəziyyətinin peyk görüntüləri ortadadır. ETSN-dən yox "Azərkosmos"dan soruşa bilərsiz.
ETSN-ə gəldikdə isə hansısa direktorun tavana baxıb imzaladığı bir sənəd əsas ola bilməz. Əsas həmin meşə dolaylarının meşə quruluşu-taksasiya sənədləridir. O sənədlərdə isə ora meşə ilə örtülü ərazidir. Daha texniki detallar da var orda növ tərkibi, doluluğu, sıxlığı və s. Bu sənədlər, bu göstəricilər olmadan ETSN-in istənilən açıqlaması Muxtar Babayevin şəxsi göstərişindən başqa bir şey deyil".