Ehtiram Quliyev köhnə işıq dirəyi axtarır
Fevral 12
00:49
2024
Ötən ilin dekabrın 23-də Azərbaycan Premyer Liqasının 18-ci turunun "Turan Tovuz” – "Araz-Naxçıvan” oyununda ölkə futbolunda nadir, amma bir o qədər də xoşagəlməz hadisə yaşanmışdı. Tovuz şəhər stadionda keçirilən matçın 81-ci dəqiqəsində arenanın işıq dirəklərindən biri aşdı.
Xoşbəxtlikdən hadisə nəticəsində ölən və xəsarət alan olmadı.
Nəticədə oyun yarımçıq dayandırılmış, matçın qalan hissəsi səhəri gün keçirilmişdi. Bu hadisənin üstündən bir aydan artıq vaxt keçib. Aşan işıq dirəyinin yaxın zamanda yenisi ilə əvəzlənəcəyi bildirilir. Amma necə?
Publika.az bununla bağlı məlumat əldə edib. "Turan Tovuz” rəhbərliyi mövsümün əvvəlində quraşdırılan işıq dirəklərini artıq fəaliyyətdə olmayan "Bakı”nın Biləcəri qəsəbəsindəki bazasından almışdılar. Yəni köhnə, işlənmiş projektor quraşdırmışdılar arenaya.
"Boz qurdlar” bu dəfə də eyni addımı atmağı planlaşdırır. Artıq işlənmiş işıq dirəyinin axtarışlarına çıxıblar. Bununla bağlı bir neçə yerə müraciət də olub, o cümlədən "Neftçi”yə də. "Neftçi”nin Bakıxanov qəsəbəsindəki təlim-məşq bazasında istifadə edilmiş köhnə işıq dirəklərini almaq istəyən "Turan” rəsmiləri rədd cavabı alıb. Tovuz təmsilçisinin bununla bağlı başqa qapıları da döydüyü güman edilir.