SON XƏBƏR

Dövlət komitəsi evlərə hansı üsulla qiymət qoyur? – “Bu real dəyər deyil”

Fevral 09
23:33 2024
Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən mənzillərə çıxarış verilərkən eyni zamanda onların əmlak qiymətləndirilməsi də aparılır. Bu qiymətləndirmə təkcə mənzillərdə deyil, fərdi yaşayış evləri və torpaqlara çıxarış verildikdə də tətbiq olunur. 

Bir çox vətəndaşlarda qiymətləndirmənin bazar qiymətinə uyğun aparılması və əmlakın dəyərinin düzgün hesablanması ilə bağlı müəyyən suallar yaranır. Görəsən həqiqətən Əmlak Komitəsinin apardığı qiymətləndirmə real bazar dəyərinə uyğundurmu? 

Mövzu ilə bağlı Yenisabah.az-a danışan Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin sədri Vüqar Oruc Əmlak Komitəsi tərəfindən aparılan qiymətləndirmənin mövcud bazar qiymətinə uyğun olmadığını deyib:

"Mənzilə qiymət qoymaq üçün müəyyən peşəkar biliklər malik olmaq şərtdir. Hər hansı bir qurumun bu istiqamətdə qərar qəbul etməsi üçün müəyyən standartlara əsasən qiymətləndirmə işini həyata keçirməlidir. 

Əgər söhbət Əmlak Komitəsi tərəfindən aparılan qiymətləndirmələrdən gedirsə, məndə olan məlumatlara görə həmin qurum sadəcə işləri qiymətləndirir və bu beynəlxalq standartlara uyğun, mövcud bazar qiymətinə əsaslanan qiymətləndirmə deyil. Bu sadəcə ümumi qiymətin formalaşması üçün aparılır və alqı-satqı zamanı qiymətləndirmənin nəticələri əsas götürülmür. 

Digər tərəfdən əmlakın qiymətləndiriməsi barədə sifariş məcburi deyil və vətəndaş tərəfindən istənilə bilər. Təkcə mənzillərin deyil, fərdi yaşayış evləri və torpaq sahələrinin hardasa 1 səhifə həcmində olan qiymətləndirməsi həyata keçirilir. 

Bu baxımdan "Qiymətləndiricilər Palatası” yaradılıb və "Qiymətləndirmə fəaliyyəti haqqında” qanun qəbul olunub. Bu qanuna əsasən qiymətləndirici şəxs mütləq şəkildə bu palatanın üzvü olmalıdır. Belə olduqda qiymətləndirmə prosesi vahid mərkəzdən idarə olunacaq və daha düzgün formada aparılacaq”. 

Vüqar Oruc peşəkar qiymətləndirmənin aşağıdakı formalarda aparılmalı olduğunu vurğulayıb:

"Əmlak Komitəsinin apardığı qiymətləndirmə kütləvi xarakter daşıyır və onun əsasında hər hansı obyektə kredit ayırmaq və ya alqı-satqı həyata keçirmək məqsədəuyğun deyil. Bu sadəcə əmlak sahibinə bilgi vermək üçün nəzərdə tutulmuş qiymətləndirmədir. 

Amma real və peşəkar qiymətləndirmə tamamilə fərqli formada həyata keçirilir. Bunun üçün müəyyən kriteriyalar tələb olunur və həmin qiymətləndirmə 1 səhifədən ibarət olmur. Ciddi şəkildə mənzilin təhlili, onun yerləşdiyi ərazinin inkişaf perspektivləri həmin hesabatda təhlil olunmalıdır. Üstünlükləri və çatışmazlıqları qeyd edilməlidir. Əgər geniş hesabat aparılmırsa, həmin qiymətləndirmə real qiymətləndirmə deyil. Mənzilin dəyəri mütləq şəkildə bazar qiymətinə uyğun formada müəyyənləşdirilməlidir”.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook