SON XƏBƏR

Bakıda ölən dustaq şairin oğlu imiş

Fevral 13
13:03 2016
Bakıdakı 6 saylı cəzaçəkmə müəssisəsində müəmmalı şəkildə dünyasını dəyişən 25 yaşlı Nurani Fuad oğlu İbrahimovla bağlı yeni məlumatlar üzə çıxıb.
 
Musavat.com-un məlumatına görə, 7 il müddətinə azadlıqdan məhrum edilmiş Nurani İbrahimov cəzasının 4 ildən çoxunu Bakının Binə qəsəbəsindəki 2 saylı cəzaçəkmə müəssisəsində çəkib. Bu yaxınlarda həmin müəssisəyə yeni rəis təyin edilib. Yeni rəisin gəlişi ilə Nurani İbrahimov və daha bir neçə məhkum Bakının Nizami rayonu ərazisindəki 6 saylı cəzaçəkmə müəssisəsinə göndərilib.
 
Maraqlıdır ki, Nurani İbrahimov yeni həbsxanaya çatan kimi karserə salınıb. Orada 2-3 gün qaldıqdan sonra məhkumun ailəsinə ölüm xəbəri verib. Yaxınları sonuncu dəfə cəzaçəkmə müəssisəsində fevralın 11-də olublar.
 
Onlara Nuraninin karserdə olduğu bildirilsə də, onun intizam pozuntusu barədə məlumat verilməyib. Bir neçə saat sonra isə Nurani İbrahimov dünyasını dəyişib. Fevralın 12-də atasına onun ölüm xəbəri verilib, meyitin təhvil alınması üçün Nizami Rayon Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə çağırılıb. Ata oğlunun başında və bədəninin müxtəlif yerlərində qançırlar aşkarlayıb.
 
Qeyd edək ki, Nurani İbrahimovun atası Fuad İbrahimov şairdir. Onun Heydər Əliyevə həsr etdiyi "Ölməz prezident” şeirinin sözlərinə bəstələnmiş eyniadlı mahnını Gülyaz və Gülyanaq Məmmədova bacıları ifa ediblər. O ki qaldı, Nurani İbrahimovun 7 il müddətinə azadlıqdan məhrum edilməsinin səbəbinə, o, Cinayət Məcəlləsinin 126-cı (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirli bilinib. Nurani İbrahimov söyüş üstündə bir nəfəri bıçaqlayıb. Zərərçəkənin həyatını xilas etmək mümkün olub və o, sağ qalıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook