SON XƏBƏR

Bakıda anti-Türkiyə filmi fitnəsi - Məqsədləri nə idi?

Dekabr 02
12:12 2022
Bakı kinoteatrları Türkiyəyə qarşı çəkilmiş "Odda - İki bacı” ("İm Feurer” və ya "Sisters apart”) filmini nümayiş etdirməkdən imtina edib. Anti-Türkiyə mövzusunda lentə alınmış film ölkəmizdə narazılığa səbəb olub. Bu səbəbdən də kinoteatrlar filmin nümayişindən birmənalı şəkildə imtina edib.

Kinoteatrlar Şəbəkəsinin Müşahidə Şurasının sədri Zaur Darabzadə məsələ ilə bağlı qeyd edib: "Hər bir halda, türk millətinin, o cümlədən Azərbaycan türklərinin şərəf və ləyaqətinə, türk birliyinə, qardaşlığına, türk dövlətlərinin ərazi bütövlüyünə birbaşa və ya dolayı yolla zərər vermək məqsədi daşıyan filmin yayımına qarşıyıq və buna dəstək olanları qətiyyətlə qınayırıq. Bu baxımdan filmi Azərbaycan kinoteatrlarında yayımlamadıq”.

Filmdə Almaniya bundesverinin hərbçisi olan Rojda Xani İraqda kürd hərbçilərə İŞİD-ə qarşı döyüşmək üçün təlim keçir. Fəqət, kimsə bilmir ki, o, əslində itkin bacısı Bərivanı axtarır. Filmdə Türkiyə hərbçiləri qəddar, qaniçən, məkrli "potensial düşmən” kimi göstərilib. Ssenari müəllifi və rejissoru Dafne Çarizani olan filmdə baş rollarda Almila Bagiracıq, Zübeydə Bulud və Məryəm Bubani çəkiliblər.

Ümumiyyətlə, lent açıq-aşkar şəkildə Türkiyəyə düşmənçilik, antipatiya ruhundadır və bu hissləri təbliğ edir. Beləliklə, kinoteatrlar filmin nümayişindən imtina etsələr də Almaniyanın Bakıdakı səfirliyi və Aİ-nin Azərbaycandakı nümayəndəliyi başqa bir yol taparaq, filmi gələn həftə, dekabrın 5-də "Landmark”da nümayiş etdirəcəklərini açıqladılar. Bununla bağlı səfirlik sosial şəbəkədə elan da yaydı və filmə baxış üçün girişin sərbəst olduğu xüsusi vurğulandı. Halbuki Azərbaycanla qardaşlıq münasibətlərində olan ölkəyə qarşı hazırlanmış bir filmin Bakıda hansı məkanda olursa-olsun nümayişi yolverilməzdir.

Məsələyə dərhal Mədəniyyət Nazirliyindən də reaksiya gəldi. Bildirildi ki, mövcud qanunvericiliyə əsasən, ölkə ərazisində kütləvi nümayiş üçün nəzərdə tutulan yerli və xarici filmlər Mədəniyyət Nazirliyi tərəfindən Dövlət Reyestrində qeydiyyata alınaraq yayım vəsiqəsi ilə təmin edildikdən sonra kino nümayişi müəssisələrində tamaşaçılara təqdim olunur: "”Odda - İki bacı" filmi ilə bağlı bildiririk ki, sözügedən filmə nazirlik tərəfindən yayım vəsiqəsi verilməyib və istər nazirliyin tabeliyində fəaliyyət göstərən "Nizami” Kino Mərkəzində, istərsə də ölkədəki özəl kinoteatrlarda həmin filmin nümayişi nəzərdə tutulmayıb. Filmin qeyri-kino profilli hansısa məkanda nümayişinə gəldikdə isə bildiririk ki, bu kimi məsələlərin həlli Mədəniyyət Nazirliyinin səlahiyyətlərinə daxil deyil. Bununla belə, nazirlik sözügedən filmin qeyri-kino profilli müəssisədə nümayişini məqbul hesab etmədiyini bildirir".

Bütün bunlardan sonra Almaniya səfirliyi geri çəkilərək, filmi nümayiş etdirmək fikrindən daşındı. Bununla bağlı səfirliyin "Facebook” səhifəsində qeyd edildi: "Təəssüf ki, film haqqında yanlış təəssürat yaranıb. Filmdə uzun illərdir bir-birindən ayrı düşmüş iki miqrasiya keçmişi olan bacının şəxsi hekayəsindən bəhs edilir. Almaniyada insanların təxminən dörddə biri miqrasiya keçmişinə malikdir, öz ailələrinin mənşəyi və şəxsiyyət sualları ilə maraqlanırlar. Bu səbəbdən də filmin alman cəmiyyəti üçün xüsusi aktuallığı var. Filmin məqsədi məhz bu idi və buna görə də Azərbaycanda nümayişi planlaşdırılırdı. "Landmark" kinoteatrı son həftələr Aİ Film Festivalı çərçivəsində dəfələrlə filmlər nümayiş etdirib və buna görə də "Odda-İki bacı” filminin nümayişi üçün də nəzərdə tutulmuşdu. Nəzərinizə çatdırmaq istəyirik ki, "Landmark” kinoteatrı bu film nümayişinin təşkilatçısı deyil".

 

Almaniya səfirliyinin geri addım atmasına baxmayaraq, ötən gecə bir qrup şəxs "Landmark” hotelinin qarşısına toplaşaraq, filmlə bağlı öz etirazını bildirib. Aksiya iştirakçıları əllərində tutduqları plakatlarla Türkiyəyə dəstək nümayiş etdirib, "Terrora son!”, "Yaşasın Azərbaycan, Türkiyə!” şüarlarını səsləndiriblər. Qeyd edək ki, aksiyada ictimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması hallarına yol verilməyib.

Mövzu ilə bağlı millət vəkili Aqil Abbas "Yeni Müsavat”a danışıb: "Əslində Xarici İşlər Nazirliyi Almaniyanın səfirini çağırıb, soruşmalıdır ki, bu cür filmi Bakıya niyə gətirib? Soruşmalıdır ki, bununla məqsəd nə olub? O ki qaldı Almaniyanın, Avropa İttifaqının Bakıda bu cür antitürk filmini nümayiş etdirmək istəyinə, Almaniya, Fransa kimi ölkələr həmişə türklərə qarşı nifrətlə yaşayırlar. Bilmirəm, vaxtında onların analarının, nənələrinin pulunu verməmişik, ya necə, amma hər halda, bu fitnənin qarşısı alındı. Millət sübut etdi ki, Azərbaycanda bu cür fitnələrə yol vermək olmaz”.



Yücel Karauz

Ehtiyatda olan Türkiyə generalı Yücel Karauz isə filmə sərt reaksiya verdiyi üçün Azərbaycan xalqına təşəkkür edib: "Günümüzdə müharibələr hibrit müharibələr şəklində davam edir. Hibrit müharibənin bir qismi meydanda tankla, topla, bir qismi mədəniyyət yolu ilə, bir qismi isə dezinformasiya, insanların beyinlərini zəhərləməklə həyata keçirilir.

Yunanıstan və Almaniyanın PKK terror qrupunun təbliğatını aparan bir film istehsal edib, guya ortada heç bir şey yoxmuş kimi onu israrla Bakıda nümayiş etmək istəməsinin əlbəttə ki, arxasında düşünülmüş məqsədlər var. Bu məqsədlər azərbaycanlıların bu məsələdə həssaslığını yoxlamaq, Azərbaycan-Türkiyə münasibətlərini baltalamaqdan ibarətdir. Lakin gözlənildiyi kimi, Azərbaycan xalqının haqlı sərt, Şuşa ruhlu təpkisi, sevincdə və kədərdə bir olmaq hissi bu cür filmin nümayişə çıxarılmasının qarşısını aldı. 83 milyonluq Anadolu insanı olaraq Azərbaycan xalqının bu cür göstərdiyi həssaslığa, bilgi kirliliyinə, dezinformasiyaya qarşı çıxmasına görə minnətdarıq! Şuşa ruhu daim var olsun!"
 


Zaur Məmmədov

Politoloq Zaur Məmmədov da qeyd etdi ki, Bakı kinoteatrlarının bu cür filmi nümayiş etdirməyəcəyi, dərhal öz mövqelərini bildirməsindən sonra filmin "Landmark” kinoteatrında nümayiş olunması üçün icazə alınması bir daha sübut etdi ki, Almaniya və Avropa İttifaqı məqsədli şəkildə, nə yolla olursa-olsun onun nümayişinə çalışıb: "Söhbət terrorçu PKK-nın təbliğindən, hansısa üsulda dövlətlərin maraqlarının aşağılanmasından gedirsə, təbii ki, bu qətiyyən yolverilməzdir. Məlum məsələdir ki, indiki halda Qərb ölkələri və bugünkü müasir texnologiyaların əsas istiqamətləri nədən ibarətdir. Bu istiqamətlər ondan ibarətdir ki, cəmiyyətin ayrı-ayrı təbəqələrinə təsir etmək üçün onlar guya humanitar yollardan, bədii, sənədli filmlərdən, mədəni tədbirlərdən istifadə edir, öz təbliğatları ilə məşğul olurlar. Və kənarda olan şəxs gələrək oradakı baş qərargahın taleyinə acıyır, kədərlənir, amma düşünmür ki, həmin o baş qərargah əslində nəyi təbliğ edir. Biz bunu bir neçə kitabda da görmüşük, hətta bir neçə dəfə həmin kitabları Azərbaycana gətirmək istəmişdilər. Ermənilər xarici ölkələrdə, xüsusən də Fransada bestellər yazıb, uydurma, guya Sumqayıtda, Bakıdakı əhvalatlarını qeyd edir, bununla da başqa xalqlara təsir etməyə çalışır, öz mənfur siyasətlərini təbliğ edirlər. "Odda - İki bacı" filmi də bu qəbildəndir. Burada məqsədyönlü şəkildə guya kürd "kədərini” göstərirlər, əslində isə açıq-aşkar antitürk təbliğatıdır. Ona görə də bu cür filmin nümayişi əlbəttə ki, ölkəmizdə yolverilməzdir".



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook