SON XƏBƏR

Azərbaycanda xüsusi həbsxana tikiləcək

Mart 05
10:23 2024
Təhlükə törətməyən və az ağır cinayət törətmiş 18-24 yaş arası məhkumlar üçün xüsusi cəzaçəkmə müəssisəsinin yaradılması təklif edilir. Xəbər verildiyi kimi, bu, Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2023-cü il üzrə məruzəsində əksini tapıb.

Ombudsman cəza-icra qanunvericiliyində və digər qanunvericilik aktlarında xüsusi ictimai təhlükə törətməyən və az ağır cinayət törətmiş 18-24 yaş arası məhkumların fərqli rejimdə cəza çəkməsinə imkan verən dəyişikliklərin edilməsi və belə məhkumların cəzasını çəkməsi üçün xüsusi cəzaçəkmə müəssisəsinin yaradılmasını məqbul hesab edib.

Söhbət hansı "xüsusi ictimai təhlükə törətməyən və az ağır cinayətlər”dən gedir? Belə həbsxananın inşası hansı zərurətdən doğub və məhbusların islahı məsələsinə onun hansı pozitiv təsirləri mümkündür? 

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, Hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə "Yeni Müsavat”a deyib ki, hazırda Azərbaycanda qarışıq tipli cəzaçəkmə müəssisələri tikilməkdədir: 

"Azərbaycan yetkinlik yaşına çatmayanların saxlanılması üçün cəzaçəkmə müəssisəsi mövcuddur. Ölkəmizdə 18 yaşına qədər cinayət törətmiş uşaqlar orada saxlanılır. İndi isə təkliflər var ki, təhlükə törətməyən cinayətlərə yol vermiş  18-24 yaş kateqoriyasında olan şəxslərin cəza çəkməsi üçün ayrıca bir cəzaçəkmə müəssisəsi yaradılsın. 18-24 yaş arası olan, təhlükə törətməyən və az ağır cinayət törətmiş məhkumların digər yaş kateqoriyasından olan məhkumlardan ayrı saxlanılması üçün xüsusi cəzaçəkmə müəssisəsinin yaradılması təklif edilir. Bu məsələ gündəmə gəlibsə, müzakirə olunmalıdır. Hesab edirəm ki, bu yaş kateqoriyasına aid məhkumların sayı o qədər çox deyil və qarışıq tipli cəzaçəkmə müəssisələrindən birinin hansısa bir korpusunu məhz təklif olunan yaş kateqoriyasına aid məhkumları saxlamaq üçün ayrıla bilər”.

Çingiz Qənizadə yeni bir cəzaçəkmə müəssisəsinin tikilməsinin böyük vəsaitlər hesabına başa gəldiyini xatırladıb: 

"Cəzaçəkmə müəssisəsinin tikintisi, saxlanması, presonalının gündəlik gediş-gəlişi məsrəflərini nəzərə almaq lazımdır. Buna dövlət kifayət qədər məbləğ ayırmalı olacaq. İndiki dönəmdə, dövlət Qarabağda quruculuq və abadlıq işləri həyata keçirdiyi bir vaxtda büdcədən bu məqsədə vəsait ayrılması məqbul deyil. Bundansa, qarışıq tipli cəzaçəkmə müəssisələrindən birinin blokunu qeyd olunan yaş kateqoriyasına aid məhbuslara ayırmaq daha səmərəli olar”.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook