Azərbaycan Türkiyəyə qaz ixracını 35%-dən çox artırıb
Noyabr 04
13:00
2019
Bu ilin avqust ayında Azərbaycan Türkiyəyə 734,97 mln. kubmetr təbii qaz ixrac edib.
"Report” xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu – EPDK) hesabatında qeyd olunub.
Məlumata görə, bu, ötən ilin avqust ayı ilə müqayisədə 15,57% çoxdur. Avqustda Türkiyəyə nəql edilən təbii qazın ümumi həcmində Azərbaycanın payı 23,35% olub.
Bu ilin yanvar-avqust ayları ərzində isə Azərbaycandan Türkiyəyə 6 044,65 mln. kubmetr təbii qaz ixrac edilib. Bu, 2018-ci ilin yanvar-avqust ayları ilə müqayisədə 35,5% çoxdur. Bununla da Azərbaycan Türkiyəyə təbii qaz ixrac edən ikinci ölkədir.
Qeyd edək ki, Rusiya Türkiyəyə qaz ixracına görə liderdir. Bu ilin avqust ayında Rusiyadan Türkiyəyə 1 450,74 mln. kubmetr təbii qaz ixrac olunub. Üçüncü yerdə qərarlaşan Əlcəzair isə bu ilin avqust ayı ərzində Türkiyəyə 352,59 mln. kubmetr qaz nəql edib. Belə ki, Rusiyanın Türkiyəyə nəql edilən təbii qazın ümumi həcmindəki payı 46,08%, Əlcəzairin payı isə 11,20% olub.
Xatırladaq ki, ümumilikdə, bu ilin avqust ayında Türkiyə 3 148,09 mln. kubmetr qaz idxal edib ki, bu da 2018-ci ilin eyni ayına nisbətən 3,74% çoxdur.