Azərbaycan əhalisinin 50,2 faizi qadınlardır
Mart 06
10:12
2024
2024-cü ilin əvvəlinə ölkə əhalisinin ümumi sayının 50,2 faizini qadınlar təşkil edib.
"Report" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bildirilib ki, ötən ildə doğulmuş 112,6 min körpədən 46,9 faizi qız uşaqları olub.
Ölkənin ümumi təhsil müəssisələrində müəllimlərin 82,7 faizi, orta ixtisas təhsil müəssisələrində 79,4 faizi, ali təhsil müəssisələrində 58,7 faizi, həkimlərin isə üçdən ikisi qadınlardır. Ümumi təhsil müəssisələrində təhsilalanların 46,6 faizini, orta ixtisas təhsili müəssisələri tələbələrinin 62,5 faizini, ali təhsil müəssisələri tələbələrinin isə yarısını qızlar təşkil edir.
Azərbaycan qadınları ölkənin sosial-iqtisadi həyatında fəal iştirak edir və onların məşğul əhalinin ümumi sayındakı xüsusi çəkisi ilkin məlumatlara əsasən 47,9 faiz təşkil edir. Dövlət qulluğunda çalışanlar arasında qadınların xüsusi çəkisi 29,4 faiz, fərdi sahibkarlar arasında isə 22,7 faizdir.
Milli Məclisdə 1990-cı ildə bütün deputatların 4,3 faizini, 2000-ci ildə 10,7 faizini qadınlar təşkil edirdisə, bu gün ölkədə qadın deputatların xüsusi çəkisi 17,9 faizə çatıb.