AŞPA Gürcüstana faktaraşdırıcı missiya göndərəcək
Yanvar 10
16:47
2025
Avropa Şurası Parlament Assambleyası tərəfindən davam edən monitorinq proseduru çərçivəsində həmməruzəçilər Klod Kern (Fransa, "Liberal Demokratlar Alyansı”) və Edit Estrella (Portuqaliya, "Sosial Demokrat Partiyası”) faktaraşdırıcı missiya üzrə 14-16 yanvar tarixlərində Gürcüstana səfər edəcəklər.
"Səfərin məqsədi xüsusilə də oktyabr seçkilərindən sonra yaranmış siyasi böhran və Aİ-yə üzvlük danışıqlarının dayandırılması fonunda Gürcüstanın Avropa Şurasının üzvü kimi üzərinə götürdüyü öhdəliklərin yerinə yetirməsini qiymətləndirməkdir. Səfər zamanı həmməruzəçilər bütün əsas siyasi partiyaların rəhbərliyi, müvafiq dövlət rəsmiləri və institutları, həmçinin vətəndaş cəmiyyəti ilə görüşəcəklər. Bu, müntəzəm monitorinq səfəridir və həmməruzəçilərin görüşdüyü həmsöhbətlərin legitimliyinin və ya fikirlərinin siyasi təsdiqi kimi qəbul edilməməlidir” - deyə press-relizdə bildirilir.
Məlumata əsasən, həmməruzəçilər həbsləri və ittihamları narahatlıq doğuran bəzi nümayişçilərə baş çəkməyi planlaşdırır.