SON XƏBƏR

Ana südü, süni qida, yoxsa biznes? - Yenidoğulmuşlar hansı təhlükəyə məruz qalırlar?

Fevral 10
11:37 2024
Azərbaycanda uşaq qidalarının bahalaşması müşahidə edilir. Bu da valideynlərin narazılığına səbəb olub.

Körpə uşaqları olan valideynlər iddia edirlər ki, uşaq qidalarının qiyməti nə az, nə çox - iki dəfə bahalaşıb. Onların sözlərinə görə, 0-6 aylıq körpələr üçün 800 qramlıq "Kabrita Gold-1” süni uşaq qidasının qiyməti 98 manatdan 120 manata qalxıb.

Artıma səbəb kimi isə məhsulun tərkibi və xaricdə istehsal olunması göstərilir. Bu süni uşaq qidası beşaylıq uşağın bir həftə qidalanmasına ancaq çatır. 

Bəs bazarda yerli istehsal uşaq qidaları kifayət etmirmi? Tərkib və keyfiyyət baxımından yerli istehsal idxal olunan uşaq qidaları ilə rəqabətdə niyə geridə qalır?

"Doğum evləri beynəlxalq konvensiyaları pozur”

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Oxu.Az-ın sualına cavab olaraq bildirib ki, rəhbərlik etdiyi qurum ana südü ilə bağlı Beynəlxalq Uşaq Qidaları Fəaliyyət Şəbəkəsinin (IBFAN) üzvüdür:

"Biz bu təşkilat vasitəsilə bütün dünyada uşaq qidalarının qiymətini, keyfiyyətini izləyirik. Təəssüf ki, Azərbaycanda uşaq qidalarının qiymətində həddən artıq yüksəlmə var. Buna da səbəb odur ki, uşaq qidalarının şərikləri çoxdur. On il əvvəl "Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Həmin qanunda uşaq qidalarının reklamı, yayılması və birmənalı şəkildə bu qidaların doğum evlərinə verilməsi qadağan edilib. Pediatrlarla uşaq qidası distribütorlarının əlaqələri qadağandır. Lakin biz doğum evlərinə getsək, görərik ki, pediatrlar bu qadağaya məhəl qoymurlar. İllərdir bu istiqamətdə bizə şikayətlər daxil olur. Azərbaycanda uşaq doğulan kimi anadan ayırırlar və ilk olaraq süni qida verirlər. Bu, beynəlxalq konvensiyalara, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyələrinə ziddir. Uşaq anadan olan kimi həmin an ananın sinəsi üzərinə qoyulmalıdır, belə olanda hətta südü olmayan ananın südü yaranır. 

Amma uşaq ilk dəfə süni qida alıbsa, anaya yaxın durmur. Tibb işçiləri də bunu yaxşı bilirlər. Təəssüf ki, bundan sonra uşaq pediatrların, valideyn isə süni qida distribütorlarının əlinə düşür. Azərbaycanda körpələrin ana südü ilə əmizdirilməsi üzrə göstərici heç 44 faizə çatmır. Bu göstəricilərlə biz Avropa ölkələrindən çox geri qalırıq.

İndiyədək bu istiqamətdə gizli işlər aparan pediatrları və uşaq qidalarının lobbisini aparan distribütorları cəzalandıra bilmirik. Onlar əlbirdirlər, bu səbəbdən də ölkədə uşaq qidalarının qiyməti kəllə-çarxdadır və ailələrin cibinə ziyandır. Körpələrə ən azı iki il ana südü verilməlidir. Çox təəssüf ki, buna riayət edilmir”.

E.Hüseynov onu da qeyd edib ki, uşaq qidalarının hamısı xarici ölkələrdən gətirilir:
 
"Yerli istehsal yoxdur, uşaq qidaları xaricdən gətirilir. Çox həssas qidadır”.

"Süni qidalar keçi südü deyil, bəzən quru süddən hazırlanır”

Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova oxu.az-a açıqlamasında bildirib ki, körpə üçün ən sağlam qida ana südü olmalıdır və bu, ilk altı ay ərzində onun bütün lazımi ehtiyaclarını ödəyir:

"Təəssüf ki, xəstəxanalarda bu sahədə maarifləndirmə zəifdir. Yeni ana olan xanımlara körpələri üçün süni qidalardan istifadə etmələri tövsiyə olunur. Bu qidalar, təəssüf hissi ilə qeyd edirəm ki, bəzən heç də keçi südündən yox, quru süddən hazırlanır. Eyni zamanda, onların tərkibinə kimyəvi maddələr, qatqılar əlavə olunur ki, məhsul uzun müddət yaxşı halda qalsın. Belə süni qidalar yenidoğulmuş üçün təbii qidanı heç vaxt tam əvəz edə bilməz.

Ancaq ananın müəyyən xəstəliklərdən əziyyət çəkdiyi hallar nəzərə alınır və bu zaman ana südünün verilməsi mümkün olmadıqda məcburiyyətdən süni qida istifadəsi tövsiyə edilir”.

Yenidoğulmuşa ana südünün tərkibindəki karbohidrat önəmlidir, yoxsa zülallarla zəngin heyvan südü?

M.Hüseynova süni uşaq qidalarının qiymət fərqini onların inqrediyentlərinin miqdarının az-çox olması ilə əlaqələndirib:

"Markalara, ölkələrə görə fərq yarana bilər. Eləcə də, allergik uşaqlar üçün məhsulun tərkibində müəyyən dəyişikliklər ola bilər ki, bu da qiymətə cüzi surətdə təsir edə bilər. Digər hallarda uşaq qidalarının qiymət artımı biznes maraqları çərçivəsində və ya bir əldən idarə edilən məhsullar olduğu üçün mümkün ola bilər.

Ana südünün tərkibində olan karbohidrat mərkəzi beyin sisteminin inkişafına kömək edir. Amma keçi, inək südünün tərkibində daha çox zülal var. Bu isə əzələ kütləsinin daha tez böyüməsinə xidmət edir. Ümumiyyətlə, insan orqanizminin normal inkişafından danışırıqsa, istisna hallar olmadığı təqdirdə ana südünə üstünlük verilməlidir. Bu zaman süni şəkildə qiyməti qaldırılan, markalarına görə qiyməti dəyişən məhsullara ehtiyac qalmayacaq. Süni qidaların tərkibi, adından da göründüyü kimi, müəyyən süni qatqı maddələri ilə zəngin olur. Hər yeni istehsal zamanı hər hansı xoşagəlməz qatqılar ola bilir ki, uşaqlarda allergik reaksiya ilə müşahidə edilə bilir. Yaxşı olar ki, anaların maarifləndirilməsinə ciddi diqqət ayrılsın, bu zaman süni qidalara bu qədər ehtiyac qalmayacaq”.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook