SON XƏBƏR

AFŞARAN MMC-dən dələduzluq - Sənədləri saxtalaşdırıb, mənzili başqalarına satıb

Fevral 14
16:39 2023
Bakı şəhəri, Binəqədi rayon sakini Seymur Rüstəmov dələduzluq əməli ilə üzləşdiyini deyir.

Qlobal.az məlumatına görə, bu barədə "Qafqazinfo”ya müraciət edən vətəndaş bildirib ki, Xırdalanda bina tikintisi ilə məşğul olan "AFŞARAN-A” MMC-nin rəhbərliyinin ona külli miqdarda borcu var.

S.Rüstəmovun sözlərinə görə, şirkətin rəhbərliyi onun özünə və anasına məxsus mənzilləri dələduzluq yolu ilə satıb: "1 ildən artıqdır faktla bağlı istintaq tədbirləri həyata keçirilsə də, nəticə yoxdur. "AFŞARAN-A” MMC-nin keçmiş direktoru Fəxrəddin Hüseynovla 2016-cı ildə imzaladığımız müqavilə əsasında şirkətin Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində tikdiyi binada 231 nömrəli mənzili pay kimi 54 152 manat əvəzində mənə verməyi öhdəsinə götürüb, lakin təqdim olunmuş arayışa əsasən pulu alsa da, öhdəliklərini icra etmədi. Həmçinin sonradan adı dəyişərək "FAM-88” MMC olan "AFŞARAN-A” MMC-nin yeni direktoru Tağıyev Rafiq Nərçə oğlu vəzifə səlahiyyətlərindən sui-istifadə edərək vəzifə saxtakarlığına yol verib, mənə məxsus mənzili dəyərindən çox aşağı qiymətə, yəni təqdim edilmiş maliyyə arayışına əsasən 30 944 (otuz min doqquz yüz qırx dörd) manata Məmmədov Teymur İldırım oğluna qanunsuz olaraq satıb. Məlum olur ki, bu iki MMC-nin məqsədi bu imiş: əvvəlki ləğv edilir, sonra gələn direktor isə istədiyini edir, şikayətçiyə deyir ki, get mənzili keçmiş MMC-dən istə. Məndə olan həmin mənzilə aid bütün sənədlərin əsilləri müstəntiqə təqdim edilib”.

Şikayətçi deyir ki, yuxarıda qeyd edilən mənzildən başqa onun ailə üzvlərinin adına "AFŞARAN-A” MMC-nin tikdiyi binada daha 2 mənzil də olub: "MMC-nin direktoru Hüseynov Fəxrəddin Balaxan oğlu ilə həyat yoldaşım Əlizadə Şəhla və anam Rüstəmova Raya arasında eynitipli müqavilələr bağlanıb, 339 və 261 nömrəli mənzillər onlara satılıb. Daha sonra Şəhla Əlizadənin adına olan 339 nömrəli mənzilin dəyəri Fəxrəddin Hüseynov tərəfindən məcbur olaraq mən-Rüstəmov Seymur Qəzənfər oğluna qaytarıldığından həmin mənzilin sənədlərini mən Fəxrəddin Hüseynova vermişəm. Rüstəmova Rayanın adına olan 261 nömrəli mənzilin sənədləri isə Fəxrəddin Hüseynov tərəfindən aldadılaraq, dəyərinin qaytarılacağı vədi verilərək məndən geri alınıb, lakin dəyəri qaytarılmayıb və mənzil başqa şəxsə satılaraq pulu Fəxrəddin Hüseynov tərəfindən mənimsənilib. Həmin mənzilin qaytarılması tələbi ilə anam Raya Rüstəmova tərəfindən Abşeron Rayon Məhkəməsinə müraciət edilib. Həmin məhkəmə gedişatında ekspert rəyi əsasında müəyyən edilib ki, anam Raya Rüstəmovanın da imzasını saxtalaşdıraraq, guya mənzilindən imtina etməsi və dəyərini alması göstərilib. Anama məxsus mənzil də qanunsuz olaraq başqasına satılıb”.

S.Rüstəmov əlavə edib ki, F.Hüseynovla arasında armatur satışına görə işgüzar münasibət olub. Lakin qarşı tərəf ona olan borcunu mənzillə əvəzləyəcəyini bildirib. Bütün problemlər də bundan sonra başlayıb: "Dəfələrlə Fəxrəddin Hüseynovun ofisində olmuşam, ondan 73 808 manat, 32 000 manat armaturlara görə olan digər borcunun və qanusuz olaraq başqa şəxslərə satılmış mənzillərimizin dəyərinin qaytarılmasını tələb etmişəm. Lakin mənə qarşı dələduzluq əməli törətmiş Fəxrəddin Hüseynov öz havadarlarına arxayın olduğundan məni aldatmaqda davam edir, İstintaq İdarəsi isə buna göz yumur, açıq şəkildə onu müdafiə edir. İllərlə yığdığm vəsait ələ keçirilib, ailəmə məxsus bütün mülkiyyətlər dələduzluq yolu ilə mənimsənilib”.

Vətəndaş qeyd edib ki, F.Hüseynovun əməlləri ilə bağlı Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4, 178.3.2, 308.1, 313 və 314-2.1-ci maddələri ilə istintaq aparılır, bir neçə digər şəxs zərərçəkmiş qismində tanınıb: "İstintaq dövründə F.Hüseynovun əməllərindən başqa şəxslərin də zərər çəkməsi məlum olub. 2021-ci ildə prokurorluğa şikayət edərək əvvəlki adı "AFŞARAN-A” MMC olan, indiki "FAM-88” MMC-nin keçmiş direktoru Hüseynov Fəxrəddin Balaxan oğlu və hazırkı direktoru Tağıyev Rafiq Nərçə oğlunun qanunsuz əməlləri nəticəsində mənə külli miqdarda maddi zərər dəydiyini bildirmişəm. Şikayətim Baş Prokuror yanında Korrupsiyaya qarşı mübarizə Baş İdarəsinin İstintaq İdarəsində istintaqı aparılan digər cinayət işinə birləşdirildi. Lakin bir il ərzində hər hansı tədbir görülmədiyindən 2022-ci ilin noyabrında Sumqayıtda Baş prokuror Kamran Əliyevin qəbulunda oldum. Baş prokuror bu işin obyektiv araşdırılması ilə bağlı göstəriş versə də, buna əməl edilmir. 16 aydır adları çəkilən şirkət rəhbərlərinə cinayət işi açılıb, lakin hələ də məni zərərçəkən şəxs qismində tanımırlar. Baş İdarənin İstintaq şöbəsinin rəhbəri Fərid Nağıyev mənim zərərçəkən şəxs qismində tanınmağıma, bu işin obyektiv araşdırılmasına mane olur. Hazırda anama məxsus mənzilin başqasına satılması məsələsi üzrə iş Abşeron Rayon Məhkəməsindədir. Mənim üzləşdiyim dələduzluq əməli, həmçinin evimin başqasına satılması ilə bağlı şikayətim isə Korrupsiyaya qarşı Mübarizə İdarəsindəki işə birləşdirilib".

Məsələ ilə bağlı Baş Prokurorluğun Mətbuat xidmətinə sorğu ünvanladıq. Qurumdan "Qafqazinfo”nun müraciətinə cavab olaraq bildirildi ki, Seymur Rüstəmovun şikayəti əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb: "Şikayətdə göstərilən xüsusatların mülki xarakterli olması müəyyən edilib. Seymur Rüstəmov dəfələrlə Baş Prokurorluqda və Baş İdarədə qəbulda olub və ona aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ izah edilib. Hazırda qeyd edilən mübahisə ilə bağlı Abşeron Rayon Məhkəməsində mülki işə baxılır”.

Şikayətlə bağlı adıçəkilən şirkətin rəhbər şəxsləri ilə də əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab verilmədi.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook