SON XƏBƏR

Evlərin sənədləşdirilməsi ilə bağlı yenilik

Fevral 02
22:20 2024
"Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 2022-ci il 20 dekabr tarixli Qanunun icrasını təmin etmək məqsədilə Azərbaycan Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilib.

Bu barədə Baş nazir Əli Əsədov müvafiq Qərar imzalayıb.

Qərara əsasən, "Avtomobil yollarının və yol təsərrüfatının digər daşınmaz əmlakının qeydiyyatı Qaydası”na 2.1-1-ci bənd əlavə edilib.

Yeni bəndə əsasən, yol təsərrüfatının əmlakı üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün tələb olunan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir.

Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.

Həmçinin, "Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları” üzrə aşağıdakı məzmunda 1.6-cı bənd əlavə edilib.

Yeni bəndə görə, hüquqların dövlət qeydiyyatı üçün tələb olunan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir.

Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.

Bundan başqa, "Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”a 2.1-1-ci bənd əlavə edilir.

Əlavəyə görə, arayışın alınması üçün zəruri olan sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər ərizəçidən tələb edilmir.

Belə sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook