11 ildən sonra onunla Moskvada görüşdülər - Akarın Rusiyadakı müzakirələrinin detalları
Dekabr 30
09:24
2022
Görüşdə Rusiya müdafiə naziri Sergey Şoyqu ilə yanaşı, Suriya MN başçısı Ali Mahmud Abbas və xüsusi xidmət orqanının rəhbəri də iştirak edib
"Vnukovo” hava limanında Rusiya rəsmiləri tərəfindən qarşılanan Akar və Fidanın Rusiya Müdafiə Nazirliyində keçirdiyi görüşün detallarını nazir özü açıqlayıb. Akar görüşdə Rusiya müdafiə naziri Sergey Şoyqu ilə yanaşı, Suriya MN başçısı Ali Mahmud Abbasın da iştirak etdiyini, eləcə də Rusiya və Suriya xüsusi xidmət orqanlarının rəhbərlərinin müzakirələrə qatıldığını açıqlayıb.
"Toplantıda Suriyada və bütövlükdə regionda vəziyyətin tezliklə müsbətə doğru dəyişməsi, sülh və sabitliyin bərqərar olması üçün edə biləcəyimiz işləri müzakirə etdik. Türkiyənin mövqeyini çatdırdıq, digər tərəflərin də mövqelərini dinlədik. Bizim dilə gətirdiyimiz ən vacib məsələ terrorla mübarizə oldu. Suriya və İraq başda olmaqla, bütün qonşularımızın ərazi bütövlüyünü dəstəklədiyimizi, terrorla mübarizədən başqa heç bir məqsədimizin olmadığını diqqətə çatdırdıq”, - o qeyd edib.
Akar bildirib ki, digər məsələ isə Türkiyə sərhədlərinin təhlükəsizliyi və Suriyadan qaçqın axınının qarşısının alınması olub. Nazir əlavə edib ki, üçtərəfli təmasların davam etdirilməsi ilə bağlı razılıq əldə olunub.
Qeyd edək ki, Türkiyənin Suriyada yerüstü əməliyyatlar keçirməyə hazırlaşdığı barədə iddialar vardı. Amma danışıqlarda Suriya tərəfinin də iştirakı onu deməyə əsas verir ki, tərəflər anlaşa bilərlər...
"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Əsədlə əlaqələr qurmağı vacib hesab edir: "Ankaranın Dəməşqlə dialoqa başlamasını müsbət qiymətləndirirəm. Vaxtilə Türkiyə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan və Bəşər Əsəd arasında müəyyən dialoq, təmas var idi. Sonradan Suriyada vətəndaş müharibəsi başladı. Bəşər Əsəd öz vətəndaşlarına qarşı qətliamlar həyata keçirdi. Obyektiv olaraq da, Türkiyə onu kəskin tənqid etdi. Bununla münasibətlər də korlandı. Məsələ burasındadır ki, Türkiyə hakimiyyətinin müəyyən ümidləri var idi ki, Əsəd devriləcək. Amma o devrilmədi. İran və Rusiyadan aldığı dəstəklə yenidən hakimiyyətini möhkəmləndirməyə nail oldu. Hesab edirəm ki, nə qədər Əsəd insanlara qarşı qətliamlara getsə də, onunla əlaqələr qurmaq vacibdir. Əsas odur ki, Türkiyə Suriyanın ərazi bütövlüyünü dəstəkləyir. Bu məsələdə Bəşər Əsədlə, Suriya rejimi ilə Türkiyənin maraqları üst-üstə düşür. Rusiya da burada uzun müddət vasitəçi olmaq niyyətini ortaya qoydu. Türkiyə də bunu qəbul etdi. 11 ildən sonra ilk dəfə bu cür təmaslar həyata keçirildi. Hesab edirəm ki, gələcəkdə hətta Bəşər Əsədlə Ərdoğan arasında da təmas baş verə bilər. Çünki Türkiyə üçün ən böyük təhlükə Suriya ərazisində PKK və onun törəmə qruplaşmalarının varlığıdır. Bu məsədə də əslində Bəşər Əsədlə müəyyən razılığa gəlmək olar ki, Suriyanın ərazi bütövlüyünün təmin olunması məqsədilə hər iki tərəf birgə hərəkət edə bilər. Bu da Türkiyə və Suriyanın əslində təhlükəsizlik maraqlarına cavab verir”.
Tanınmış siyasət yazarı Kənan Rövşənoğlu Türkiyə-Suriya münasibətləri barədə bir qədər nikbindir: "Türkiyə və Suriya prezidentləri arasında görüş planlaşdırılır, bu artıq məlumdur. O da məlumdur ki, MİT sədri Hakan Fidan artıq bir neçə dəfə Suriya kəşfiyyat rəisi və vitse-prezident - o da keçmiş kəşfiyyat rəisi olub - Əli Məmlüklə görüşüb. Budəfəki görüşün bir əsas fərqi var ki, bu dəfə müdafiə nazirləri ilk dəfə olaraq görüşüblər. Bu görüşlər, dediyim kimi, prezidentlərin görüşünə hazırlıq məqsədi daşıyır. Bilindiyi kimi, Türkiyə Suriyanın şimalında növbəti hərbi əməliyyata hazırlaşır, ancaq hələlik ABŞ və Rusiya buna mane olur. Bu əməliyyatın əsas məqsədi kürd separatizmini sıradan çıxarmaqdır. Bu mövzuda Dəməşq və Ankaranın mövqeləri üst-üstə düşür. Ancaq əlbəttə, Dəməşq Türkiyə ordusunun Suriya ərazisində qalmasını, üstəlik, islamçı müxalifətə, ümumiyyətlə, müxalifətə dəstək verməsinə görə istəmir. Digər bir mövzu Suriya ərazisində silahlı terrorçu qruplara qarşı mübarizədir. Bu mövzuda da ölkələrin prioritetləri fərqlidir. Ancaq düşünürəm ki, indiki mərhələdə qaçqınlar, kürd separatizmi kimi mövzular Dəməşq və Ankaranı yaxınlaşdırır. Rusiyanın vasitəçiliyi ilə yaxın aylarda Ərdoğan-Əsəd görüşü olacaq. Bu görüş Suriyada müharibənin başa çatmasında mühüm rol oynaya bilər”.
Asif Nərimanlı
Siyasi analitik Asif Nərimanlı deyib ki, Əsəd rejimi bundan sonra da məğlub olmayacaq: "Ankaranın Suriya siyasətində dəyişiklik müşahidə edilir. Suriyada vətəndaş müharibəsinin başlanmasından 11 il keçsə də, Əsəd rejimi Rusiya və İranın dəstəyi ilə hələ də məğlub olmayıb. Belə görünür ki, olmayacaq da. Türkiyə üçün də hazırda vacib məqam Suriyada PKK/PYD terrorçuları üzərindən qurulan planların qarşısını almaqdır. Bundan öncə keçirilən əməliyyatlarla Suriyanın şimalında, Türkiyənin cənub sərhədlərində yaradılması planlaşdırılan "terror dəhlizi"nin qarşısı böyük ölçüdə alındı. Lakin xüsusilə ABŞ-ın dəstəyi ilə bu plan hələ də qüvvədədir. Ankara yeni əməliyyatla terrorçuları tamamilə sıradan çıxarmaq istəyir, ABŞ-ın timsalında Qərb bunu dəstəkləmir. Bu baxımdan da Rusiya və İranla anlaşmalıdır. Lakin Ərdoğan, Putin və Rəisinin sonuncu dəfə Tehran görüşündə İran buna qarşı çıxdı. İranın neytral qalmaması əməliyyat zamanı Ankara və Tehranın hərbi müstəvidə üz-üzə gəlməsi ilə nəticələnə bilər. Bunun fonunda Türkiyə Əsədlə problemləri həll etmək, yenidən münasibətlər qurmaq xəttini inkişaf etdirir və bunu Rusiyanın üzərindən etməklə həm İranı neytrallaşdırmağı, həm də Qərbin dəstəkləmədiyi yeni əməliyyatı həyata keçirməyi planlaşdırır. Hazırda İranda baş verənlər bu ölkənin Yaxın Şərq siyasətinin gələcəyini də sual altına salıb, Əsədin rusların vasitəçiliyi ilə masaya əyləşmək istəyi də bundan qaynaqlanır. Fikrimcə, tərəflərin bu dəfə anlaşması imkanları daha yüksəkdir. Ankara eyni zamanda Suriyada "təhlükəsiz bölgə” yaratmaqla suriyalıları geri qaytarmaq niyyətindədir. Əsəd rejimi ilə anlaşmaq istədiyi əsas məsələlərdən biri də qayıdacaq suriyalılara problemin yaradılmaması, miqrant axınına zəmin yaratmamasıdır".
Mənbə: musavat.com