SON XƏBƏR

""041" seriyalı ağ maşını ilə hər gün 5-10 dəqiqəlik gəlib işə dəyir, sonra yoxa çıxırdı"- "Uğur-2"-nin sakinləri

Sentyabr 26
23:01 2016
Ötən il Binəqədi rayonundakı yaşayış binasında baş verən dəhşətli yanğın hadisəsindən sonra məlum oldu ki, Bakı şəhərində fasadları təhlükə mənbəyi olan kifayət qədər yaşayış binaları var. Faciə daşıyıcısı olan yanğına həssas poliüretan üzlüklər sökülsə də problem yenə də qalmaqdadır. Belə ki, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində Akkord şirkəti tərəfindən inşa olunmuş "Uğur-2" yaşayış kompleksində insanlar hər gün ölümlə üz-üzədirlər.
 
Yaşayış kompleksinin sakinləri tərəfindən Qlobal.az-a verilən məlumata görə, sakinlər kompleksin həyətinə qorxularından çıxa bilmirlər. Bir az küləkli hava olan kimi isə ümumiyyətlə burada dəhşətli anlar yaşanır. Bu kompleksdəki binaların hamısının fasadı alkopan deyilən üzlüklə montaj olunub. Çin istehsalı olan bu materiallar həddindən artıq keyfiyyətsiz olmaqları ilə yanaşı həm də qaydalara uyğun olmayaraq montaj edilib. Adi bir küləkdə yuxarıdan aşağı dəmir parçaları tökülür. Sakinlər bildirirlər ki, dəfərlərlə burada maşınların, insanların üzərinə üzlüklər düşərək zədə yetiriblər. Akkord rəhbərliyi isə yaranmış problemə görə şirkətin əvvəlki rəhbərliyini günahkar bilir.
 
Sakinlərin sözlərinə görə alkopan üzlüklərdən əlavə bu binaların fasad hissələrindəki şüşə üzlüklər də keyfiyyətsiz montaj olunub. Dəfələrlə şirkət rəhbərliyinə, FHN-ə və digər əlaqədar qurumlara yazılı müraciət olunsa da ciddi bir tədbir görülməyib. Sakinlərin bəziləri isə əlacı buradakı evlərini dəyər-dəyməzinə satıb qaçmaqda görürlər.
 
Qlobal.az-a danışan sakinlər vurğulayırlar ki, Akkord rəhbərliyi ilə uzun çək-çevirdən sonra şirkət 2014-cü ildə nəhayət ki, binaların fasadını təmir etmək qərarına gəldi. 
 
"O zaman bu işi Akkordun Təhmasib adlı rəsmisi aparırdı. "041" seriyalı ağ maşını ilə hər gün 5-10 dəqiqəlik gəlib işə dəyir, sonra yoxa çıxırdı. 3-4 fəhlə gətirdilər, başladılar binaların qopub tökülən yerlərini yenidən həmin "kitayski" alkopanlarla üzləməyə. Nə qədər desək də ki, bu alkopanları ümumiyyətlə sökün, istəmirik, Təhmasib müəllim razılaşmadı. Dedik ki, Akkordun müdirinə deyəcəyik. Dedi müdir mənəm, nə istəyirsiniz mənə deyin. 1 aydan sonra isə ümumiyyətlə yoxa çıxdılar. Təmir adı ilə sökdükləri yerlər isə yarımçıq qaldı"- deyə, sakinlər bildirir. 
 
Qeyd edək ki, buradakı problemlərlə bağlı FHN-nin əməkdaşları protokol tərtib etsələr də nəticə yoxdur.
 
Məsələ ilə bağlı Akkorda etdiyimiz zəngə cavab verən xanım isə şirkət rəhbərliyi problemlərdən xəbərdar olduğunu deməklə kifayətləndi.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook