SON XƏBƏR

Qatili Masallıya Məmişov göndərib? Şok qətliam sirri – Video

Dekabr 22
11:20 2016
Piter Elçinin kiçik qardaşının ötən gün Masallıda avtomat silahla güllələnməsi 6 ay əvvəl Rusiyanın Sankt-Peterburq şəhərində hamının gözü qarşısında sifarişlə öldürülən böyük qardaşın qətlini göz önünə gətirdi. Hər iki qardaş sifarişlə, güllələnərək qətlə yetirilib. Piter Elçinin kriminal aləmdəki nüfuz savaşı qardaşlarına niyə şamil olundu? Azərbaycan kimi kriminal durumun sabit olduğu bir ölkədə sifarişlə adam öldürməyə qədər cəsarət edən nüfuz sahibi kimdir?
 
Qlobal.az Axar.az-a istinadən xəbər verir ki, kriminal avtoritet, kifayət qədər böyük nüfuz sahibi olan Piter Elçinin – Elçin Maşallah oğlu İsmayılovun qardaşı, Rusiya vətəndaşı, əslən Lənkəranın Boladi kəndindən olan 1979-cu il təvəllüdlü Fariz Maşallah oğlu İsmayılov Masallı rayonu ərazisində, Türkoba kəndi yaxınlığında naməlum şəxs tərəfindən ötən gün odlu silahla qətlə yetirildi. Qətl axşamüstü, 90 HV 110 dövlət qeydiyyat nömrə nişanlı "Folksvaqen-Passat" markalı avtomobildə olan şəxs tərəfindən, həm də avtomat silahla icra edildi. Məlumata görə, artıq qətldə iştirak edənlərdən biri könüllü olaraq polisə təslim olub.
 
Azərbaycanda avtomat silahın kimdəsə mövcudluğu bir sensasiya, qətlin məhz avtomatla törədilməsi növbəti sensasiyadır. Üstəlik, qatilin könüllü surətdə təslim olması bu qətlin arxasında böyük qüvvənin durduğuna dəlalət edir.
 
Maarif İsmayılov necə öldürülmüşdü?
 
Düz 6 ay əvvəl, iyunun 20-də iş adamı Maarif İsmayılov Sankt-Peterburqun Sofiysk meyvə-tərəvəz bazarının qarşısında qətlə yetirilmişdi. Qatil də azərbaycanlı idi – Emil Hüseynov.
 
Hadisədən dərhal sonra Sant-Peterburqda fəaliyyət göstərən "Fontanka” saytı "etibarlı mənbələrə” istinadla guya 27 yaşlı Emil Hüseynovla 60 yaşlı Maarif İsmayılov arasında borca görə münaqişə yaşandığı, borcunu ala bilmədiyi üçün E.Hüseynovun pnevmatik tapança ilə M.İsmayılovu vurduğu və ikincinin öldüyü barədə xəbər tirajladı. Ancaq az keçmədən yayılan iki ardıcıl video qətlin motivini aşkara çıxardı və Sankt-Peterburqdakı kriminal xəbərlər yazan medianın imkanlı şəxslərin sifarişi ilə rəy yaratmağa girişdiyi barədə şübhə yarandı.
Peterburq saytlarına müdaxilə edə bilən nüfuz sahibi kim ola bilərdi?
 
Qətl görüntüləri: Birinci video
 
Bu görüntüdə qətl anbaan qeydə alınmışdı. Qatilin uzaqda olduğu, onlar arasında heç bir mübahisənin baş vermədiyi, E.Hüseynovun gizləndiyi yerdən çıxaraq ilk gülləni uzaqdan vurması və daha sonra qaçıb yaxınlaşaraq, "kontrol atəşlə” M.İsmayılovu qətlə yetirdiyi aydın görünürdü. Tapança isə heç də pnevmatik deyildi.
 
İkinci video
 
Digər görüntüdə isə bazarda çalışan azərbaycanlıların qaçıb aradan çıxmaq istəyən E.Hüseynovu yaxaladıqları və al-qana boyanmış qatilin qətli sifarişlə törətdiyini etiraf etməsi əksini tapıb. Gözü qızan kütləyə Vaqif adlı şəxsdən sifariş aldığını deyən E.Hüseynov bu qətli 150 min dollar müqabilində icra etdiyini də bildirir.
 
21 dekabrda iki hadisə
 
Vaqifin kimliyini istintaq "hələ də araşdırır”. Ehtimallardan biri əlbəttə ki, Sankt-Peterburqda məskunlaşan məşhur azərbaycanlı milyarder Vaqif Məmişovun üzərində cəmləşir.
 
Sankt-Peterburqda böyük imkanlara malik olan Vaqif Məmişovu Azərbaycan ictimaiyyəti diaspor və azərbaycanlılara qayğısından daha çox, Sankt-Peterburqda vaxtilə baş konsul olan Qüdsi Osmanovla (hazırda Moldovadakı səfirimizdir) çəkişmələri və diplomatı şantaj cəhdləri ilə xatırlayır.
 
Yəqin ki, 2011-ci ilin Novruz bayramı ilə bağlı bu şəhərdə təşkil edilən bayram tədbirində Mirzə Baxışovun Peterburqdakı baş konsulumuzu qıza qarşı təcavüzdə ittiham etməsi və təcavüz olunduğu deyilən qızın da qalxıb, deyilənləri təsdiqləməsi çoxlarının yadındadır. Uzun müzakirə və istintaqla bərabər, media açıqlamalarından sonra qızın tərəddüdlü cavabları şübhələrə yol açdı, həmçinin Mirzə Baxışovun çıxışı zamanı yanında dayananların Vaqif Məmişovun qardaşı oğlanları olduğu üzə çıxdı. Təcavüz təxribatı ifşa olundu və bu təxribatın arxasında Vaqif Məmişovun dayandığı bilinəndən sonra ara sakitləşdi...
 
Maraqlı burasıdır ki, milyonçu Məmişov Gürcüstanda doğulmasına rəğmən, Masallıdan olduğunu bildirir və ətrafındakı şəxslər də əsasən Masallı və Lənkəran rayonundan olanlardır.
 
Məhz Maarif İsmayılovun qətli ilə bağlı Sankt-Peterburqda başlayan istintaqa dekabrın 21-də Vaqif Məmişov ifadə vermək üçün dəvət edilib. Vaqif Məmişov istintaqa ifadə verərkən isə Masallıda M.İsmayılovun gənc qardaşı qətlə yetirildi.
 
Piter Elçin kimdir?
 
Sankt-Peterburqda kriminal aləmdə böyük nüfuz sahibi olan Piter Elçinin məşhur qanuni oğru Rövşən Lənkəranskinin klanına daxil olduğu barədə məlumatlar var. Bildirilir ki, Rövşən Lənkəranski Ded Xasan qətlindən sonra Rusiyadan qaçmağa məcbur olanda onun kurasiyasında olan bazarlara tərəfdarları nəzarət edib.
 
Bu bazarlardan biri də Sankt-Peterburqdakı Sofiysk meyvə-tərəvəz bazarıdır. Maarif İsmayılov bu bazarın işlədilməsinə nəzarət edib, Piter Elçin isə Rövşən Lənkəranskinin xeyir-duası ilə onun kriminal təminatçısı rolunda çıxış edib.
 
R.Lənkəranskinin Rusiyadan uzaq olması, kriminal aləmdəki rəqib klanın aktivləşməsi onun bu ölkədəki tərəfdarlarının da sıxışdırılmasını şərtləndirirdi. Redaksiyamıza bilgi verən mənbənin sözlərinə görə, M.İsmayılovun qətli də Lənkəranski tərəfdarlarına hücumun tərkib hissəsi və onun təsir dairəsindəki biznesinə sahib olma istəyindən irəli gəlirdi.
 
Ancaq iyunun 20-də qardaşı Maarif İsmayılovun Peterburqda, avqustun 18-də isə klanın lideri Rövşən Lənkəranskinin Türkiyədə qətlə yetirilməsindən sonra belə Piter Elçin rəqiblərinin gözləntilərini gözündə qoyub. Belə ki, nəinki öz nüfuz dairəsində olan obyektləri qorumaqda israrlı görünüb, üstəlik, Rövşən Lənkəranskinin mövqeyinə iddialı əsas namizədlərdən biri kimi çıxış etməyə başlayıb.
 
Kriminal aləmdə nüfuz sahibi olan və qarşısında imkanlı rəqiblərini görən Elçinin qardaşının təhlükəsizliyini təmin etmək niyyəti ilə 1979-cu il təvəllüdlü Fariz
İsmayılovu Azərbaycana göndərdiyi iddia edilir. Azərbaycanın "qırmızı zona” olduğu və kriminal aləmin bura nüfuz edə bilmədiyi faktı Elçini bu addımı atmağa həvəsləndirib.
 
Lakin gözlənilmədən Masallıda Piter Elçin növbəti qardaşını itirdi. Həm də məhz milyarder Vaqif Məmişovun Sankt-Peterburqda Maarif İsmayılovun qətli ilə bağlı aparılan istintaqda dindirildiyi gün.
 
Qisas olacaq?
 
Piter Elçinin bundan sonra atacağı addımlar və rəqiblərinin kimliyi barədə "qisas seriyası ilə” ictimaiyyətə və kriminal aləmə mesaj ötürəcəyi iddia edilir. Yalnız bundan sonra sifarişçilərin əsl kimliyi üzə çıxacaq.
 
Hələlik isə Vaqif Məmişovun bu cinayətlə əlaqəsi yalnız M.İsmayılovun qatilinin videoya düşən "sifarişçi Vaqifdir” etirafından o tərəfə keçmir. Sifarişçinin V.Məmişov olduğu şübhəsi isə azərbaycanlı milyarderin istintaqa çağırılması ilə məhdudlaşır.
 
 
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook