SON XƏBƏR

Laçınlı gənc kinorejissor: Filmimdə müsbət erməni obrazı yaradacam

Avqust 09
14:02 2016
Son illər Azərbaycanda kino sənəti yeni inkişaf mərhələsinə qədəm qoyub. Artıq kino sənətinin hər bir sahəsində yeni istedadlı gənc nəsil yetişib. Bu gənclərdən biri də kinorejissor Amil Məmiyevdir. Amil Məmiyevin müəllifi olduğu "Qara bağ" filmi vətənpərvərliklə bağlı ən uğurlu filmlərdəndir. Bir çox beynəlxalq festivallarda iştirak etmiş "Qara bağ" filmi 2 avqustda "Milli Kino Günü"ndə Nizami Kino Mərkəzində nümayiş olundu. 
 
Qlobal.az gənc kinorejissor Amil Məmiyevlə müsahibəni təqdim edir:
 
- Amil bir az özün haqqında məlumat ver, necə oldu ki, rejissorluq sənətini seçdin?
 
- Mən əslən Laçın şəhərində anadan olmuşam. Xırdalanda yerləşən Laçın şəhər 1 saylı orta məktəbi bitirmişəm. Artıq 11-ci sinfin sonlarına yaxın qərar verdim  ki, kinorejissor olacağam. Bu zamana kimi ikinci qrupa hazırlaşırdım. İmtahana bir-iki ay qalmış üçüncü qrupa hazırlaşmağa başladım. Düzdür, evdən heç kim razı deyildi bu sahəni seçim. Ancaq qərarımın qətiliyini görüb razılaşmağa məcbur oldular. 2007-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsinə qəbul oldum. Universitetdə əməkdar incəsənət xadimi, kinorejissor Cəmil Quliyevin kino kursları marağımı cəlb etdi. Rejissorluq başqadır, kinorejissorluq başqa. Cəmil Quliyevin  müəllimlik etdiyi kino kurslarına 2 il getdikdən sonra artıq hiss etdim ki, kinorejissorluq həyatımın ayrılmaz hissəsinə çevrilir.Bu kurslardan sonra məndə həm maraq, həm də ehtiyac yaranmışdı ki, kinorejissorluğun incəliklərini, yeni inkişaf mərhələsini mənimsəməkdən ötəri mütləq Moskvaya oxumağa getməliyəm. İncəsənət universitetini bitirdikdən sonra hərbi xidmətə getdim. Hərbi xidmətimi başa vurduqdan sonra Ümumrusiya Dövlət Kinematoqrafiya Universitetinə (ВГИК) imtahan verdim və qəbul oldum.
 
 
 
Bildiyiniz kimi ÜDKU dünyanın  ən birinci kinematoqrafiya  universitetidir. Düzdür, ADMİU da yaxşı universitetdir və tanınmış kinorejissorlar dərs deyirlər, ancaq ÜDKU beynəlmiləldir. Burda sənət mübadiləsi var və İncəsənət Universitetində bizə dərs deyən müəllimlərin əksəriyyəti Moskvada təhsil alıblar. Böyük çətinliklərlə olsa da, ÜDKU-də təhsilimi 2013-2015 ci illərdə davam etdirdim. Qeyd edim ki, Moskvada universitetə özüm qəbul olsam da, oxumağım dövlət hesabına oldu. Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının sərəncamı əsasında Azərbaycan Kinematoqrafiyasının inkişafı ilə bağlı 2013- 2018-ci illəri əhatə edən dövlət proqramı var. Proqrama uyğun olaraq  xarici ölkələrə təhsil almağa gedən gənclərin maddi xərclərini dövlət ödəyir. Mən də ÜDMU-nə qəbul olduqdan sonra Mədəniyyət və Turizm Nazirliyinin kino şöbəsinə müraciət etdim. Çox sağ olsunlar ki, mənim təhsil xərcimə kömək etdilər. Təhsilimə göstərdikləri dəstəyə görə dövlətimizin başçısı İlham Əliyev cənablarına, Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev cənablarına bir daha təşəkkür edirəm.
 
- Bayaq sənət mübadiləsindən danışdınız, ÜDMU-də necədir sənət mübadiləsi?
 
- ÜDMU-i çox zəngin universitetdir. Burada görkəmli kino mütəxəssisləri çalışır. Hər bir şəxs üçün olduqca geniş perspektivlər var. Ancaq qəribçilik də var. Daima istəyirsən ki, vətəndə olasan. Moskvada ermənilər hədsiz dərəcədə çoxdurlar.
 
- Müəllimlər yoxsa tələbələr?
 
- Xeyr, müəllimlər az idi. Universitetin prorektoru Karapetyan soyadlı erməni idi. Düzdür onun bizimlə işi yox idi. Burada əsas prinsip sənətdir. Hamı öz işini görür. Ancaq müəyyən zamanda əlbəttə ki, "qırağaçıxmalar” da olurdu. Erməni qrup yoldaşım var idi , o da Qarabağ haqqında film çəkmişdi. Mən də Qarabağ haqqında film çəkmişdim. Diplom işimə "Kann” mükafatının qalibi olan ssenarist Arabov rəhbərlik edirdi. Diplomumda imzası var. Bundan başqa masterlərim Denis Rodimin və Vladimir Alekseyeviç Fençenko Rusiyanın çox tanınmış pedaqoqları və kino adamlarıdı.
Rejissoru olduğum "Qara bağ” filminin ssenarisi də mənə aiddir. İlk olaraq Azərbaycanfilm kinostudiyasının keçirdiyi müsabiqədə iki ssenarim qalib oldu və "Qara bağ” ssenarisi də qalib ssenarilərdən biri idi. Müsabiqənin şərti də belə idi ki, qalib olan ssenariyə dövlətin maliyyəsi hesabına  film çəkiləcəkdi.
 
- "Qara bağ” filmi ilk filminizdir?
 
- İncəsənət universitetində oxuyanda öz hesabıma "Qara bağ” filmindən əvvəl 10 qısametrajlı film çəkmişəm. Ancaq Moskvada oxuduğum ərəfədə diplom işi olaraq professional film lazım idi. "Qara bağ” filmi mənim ilk debüt professional filmimdir.
 
- Prorektorunuz Karapetyan "Qara bağ”-a baxıb?
 
- Karapetyan bizim imtahanlarda iştirak etmirdi. Sonralar Karapetyanın bu filmə baxıb-baxmadığından xəbərim olmadı. Bilirsiz, ÜDMU-i beynəlmiləl universitetdir. Burada siyasi məsələlər, millətlərarası milli maraqları əsas meyar kimi götürülmür . Əsas olan sənətdir,kinodur. Kinonun bir ali məqsədi var.İnsani dəyərləri insanlara çatdırmaq və dünyanı yaxşı mənada dəyişmək.
 
- "Qara bağ” filminin digər vətənpərvərliklə bağlı olan filmlərdən fərqi nədədir?
 
- Azərbaycanda vətənpərvərliklə bağlı son zamanlar kifayət qədər film çəkilib. Müəllif olaraq çalışmışam ki, metaforalardan, simvolikalardan istifadə edərək  fərqli bir film ortaya qoyum. Düzdür, buna nə qədər nail olduğumu tamaşaçılar deyə bilər. Bu film həm də mənim yaşantılarımdır. Çünki mən özüm də Qarabağlıyam- Laçınlıyam. Mənim doğulduğum torpaqları ermənilər işğal edib. "Qara bağ” filmindəki baş qəhrəmanın Vidadi Əliyevin oynadığı baba obrazı mənim babamın prototipidir. Yeri gəlmişkən qeyd edim ki, Vidadi Əliyevi doğma babam kimi sevirəm. O, teatrımızın nəhənglərindəndir. Uzun illər İrəvan Dövlət Dram teatrında çalışıb. "Qara bağ”dakı "baba”nın oğulları da öz əmilərimdir, atamdır. Bu film ancaq özümün və eləcə də mənim kimi yüz minlərlə həmvətənimin yaşadıqlarıdır. Bu filmin bəlkə də uğurlu alınmağının ən başlıca səbəblərindən biri də budur ki, hər bir tamaşaçı özünü, yaxud  ən yaxınını o filmdə görə bilir.
 

 
- "Qara bağ”ın digər vətənpərvərliklə bağlı olan filmlərdən bir fərqi də budur ki, burada ermənilərin xalqımıza etdikləri zülmün sonrakı sonrakı təzahürləri göstərilir.
 
- Bəli. Əlbəttə obrazı erməni olmadan, güllə atmadan da Qarabağla bağlı uğurlu film çəkmək olar.
 
- "Qara bağ” filminin çəkilişləri harada aparıldı?
 
- Yaradıcı heyət olaraq məkan seçimində Azərbaycanın xeyli bölgəsində olduq. Qaçqınlar və məcburi köçkünlər üçün dövlətimizin inşa etdiyi bir çox qəsəbələrə baxış keçirtdik. Sonda Hacıqabul rayonunda məcburi köçkünlər üçün salınmış qəsəbəni seçdik. "Azərbaycanfilm kinostudiyası”nın direktoru Müşfiq müəllim bizə, demək olar ki, bütün mərhələlərdə yardımçı oldu. Düzdür, o, həm də filmin baş prodüseri idi, ancaq prodüserlikdən əlavə də bizə filmimizin yaxşı alınması üçün özünü bu işə səfərbər etdi.
 
- Filmi niyə Laçınlıların yaşadığı qəsəbələrdə çəkmədiniz?
 
- Biz əslində Laçınlıların yaşadıqları qəsəbələrə gedib baxdıq. Ancaq...
 
- Yol uzaq idi?
 
- Xeyr. Hacıqabulda olan qəsəbə daha yaxşı idi. Səliqəli, qırmızı evlər...
 
- Yox, bu qəsəbələr hər yerdə standartdır...
 
- Ağcabədidə Laçınlılar üçün inşa edilən qəsəbə çoxdan tikilib. Sakinlər tərəfindən əlavə yardımçı tikililər tikilib. Əkilən ağaclar böyüyüb. Qəsəbənin forması belə deyək itib. Qəsəbədən çox kənd ruhu var burada. Faktura pozulmuşdu.
 
- Qəsəbənin fakturasını çatdırmaq bu qədərmi vacib idi?
 
- Tamaşaçı üçün və kinematoqrafiq kompozisiyalar üçün maraqlıdır...
 
- Yoxsa Azərbaycan dövlətinin vətəndaşlarına qayğısını, iqtisadi gücünü göstərmək istəyirdin Moskvada?
 
- (Gülür) Yox, əslində Moskvada Ermənistandan fərqli olaraq Azərbaycanın iqtisadi gücünün nəyə qadir olduğundan kifayət qədər xəbərdardılar. Əslində rejissor kimi qəsəbədə çəkilən kadrlarda təbiiliyi saxlamışam.
 
- Filmdə bir süjet var. Xəbərlərlə bağlı olan süjeti deyirəm. Bu süjet üçün ATV-nin diktorunun- Lalə Azərtaşın seçilməsinin səbəbi nədir?
 
- Bu süjet ötən ilin yayında çəkildi.  Bu kadr mediaya da sızdırıldı. Qalmaqallar oldu. Ajiotaj yarandı. Ancaq bunu həll edə bildik. Azərbaycan xalqı ən azından "Qara bağ” filminin 15 saniyəsinə baxıb. Bu süjet çox həyəcanlı süjetdir. O zaman bir çox təkliflər oldu. Başqa kanallar da təklif olundu. Ancaq ATV-yə üstünlük verdik...
 
- Niyə Lalə Azərtaşı seçdiniz, bu reytinq üçün idi?
 
- Xeyr. Əslində diktor rolunda hansısa aktyorun çəkilməyi də gündəmdə idi. Ancaq biz Lalə Azərtaşa üstünlük verdik.
 
- Niyə ANS-i, Mirşahini seçmədiniz? Səngərdə yaranan TV-dir, daima Qarabağdan danışıb. Məncə Mirşahinin Qarabağın azad edilməsini efirdə elan etməyə daha çox haqqı var.
 
- Bilirsiz, ANS mənə çox doğma kanaldı.Məhz ANS-in rəhbərliyi "Qara bağ” filminə baxdıqdan sonra ANS-də çalışmağa başladım və hətta Abşeron adlı serialın rejissorluğu mənə həvalə olundu.Şəxsən telekanalın rəhbəri hörmətli Vahid Mustafayev mənə bir gənc rejissor olaraq həmişə dəstək olub və işlərimdə mənə yardımçı olub. Hətta xarici festivalların birinə gedəndə mənim bütün xərcimi öz üzərinə götürmüşdü. Bunların heç birini unuda bilmərəm. Bir sözlə ANS televiziyası, "Bakıfilm” kinostudiyası mənim üçün bir məktəb olub və fəxr edirəm ki, qısa da olsa o məktəbi mən də keçmişəm. Elə bağlanana kimi də orada çalışmışam. İnanıram və ümid edirəm ki, ANS yenidən efirə qayıdacaq. Film məsələsinə gəldikdə onu deyim ki, o zaman ilk müraciət etdiyimiz Tv ATV oldu və onlar da çox sağ olsunlar ki, razılıq verdilər. O epizodu başqa pavilyonda da çəkmək olardı. Ancaq düşündüm ki, indiki qədər effekt olmayacaqdı. Qarabağ mövzusu real olduğu üçün bu filmdə də olanların hamısı real olmalı idi. Diktor olaraq Lalə Azərtacın seçilməyinin reytinqə hesablanma məsələsi isə məncə bu normal bir şeydir. Lalə xanım gözəl və peşəkar aparıcıdı.Hətta o Qarabağın alınma xəbəri oxuyanda neçə dublda ağladı hətta.
 
 
 
 
- Rejissor olaraq sonradan öz filminizdə tənqidi baxış keçirdinizmi?
 
- Əlbəttə, artıq 1 il keçib filmin çəkilişlərindən. Filmə baxdıqca hərdən düşünürəm ki, başqa cür də çəkə bilərdim. Belə şeylər təbii ki, olur. Texniki tərəfdən səhvlər var idi. Gələcəkdə çalışacam ki bu kimi səhvlər olmasın. İlk film olduğundan məncə tamaşaçılar bağışlayar səhvimizi.
 
- Filmdə bir epizod var. Həkimlə xəstənin oğullarının dialoqu. Bu dialoqdakı emosiyadan razısınızmı?
 
- Məncə bu dialoqda kifayət qədər emosiya var. Burada acı xəbəri eşidən övladlar özlərini təmkinli aparmağa məcburdurlar, çünki hər şeydən xəbərsiz qoca ataları maşında onları gözləyir. Əslində bu övladlar əvvəlcədən özlərini psixoloji cəhətdən pis xəbərə hazırlamışdırlar. Həkimə gəldikdə isə bu cür emosiya daha dəqiq desəm emosiyasızlıq reallıqda hər bir həkimə xasdır. Onlar " sənin xəstəliyin xərçəngdir” və yaxud "sənin bir həftə ömrün qalıb” sözünü insanlara çox asan formada deyə bilirlər.
 
- Filmin finalında bir səhnə var. "Dilək ağacı”nın baltalanmaq səhnəsi. O ağac doğrudanmı baltalandı?
 
- O "dilək ağacı” gilas agacıdı. Bəli, doğrudan baltalandı...
 
- Bəs ekologiya nazirliyindən qorxmadınız, onlar başqaları ağac kəsəndə cərimələyirlər...
 
- Əslində o ağac böyük bir budaqdır. Özümüzlə qəsəbəyə aparmışdıq. Quyu qazıb basdırdıq. O ağacın üzərindəki qara lentlərin hər birini  rəssam işləyib. Yəni ağac dekor kimi bir şey idi və heç bir cərimədən söhbət gedə bilməzdi.
 
- 2 avqust kino günündə "Qara bağ” filmi Nizami adına Kino Mərkəzində nümayiş olundu. Bu tamaşaçılarla filmin ilk görüşü idi?
 
- Xeyr, bundan əvvəl Şuşanın işğalı günündə "Qara bağ” filmi Nizami Kino Mərkəzinin kiçik zalında nümayiş olundu. Gənc və istedadlı rejissor dostum Ayşad Səfərəliyevin İnikas filmi ilə birgə. Tamaşaçılar demək olar ki, kino adamlarını əhatə edirdi. Geniş tamaşaçı auditoriyası yoxuydu. Film bu nümayişdən sonra Almanaxa salındı və avqust ayında Azərbaycan Kino Günündə nümayiş olundu.
 
- "Qara bağ”ı qarşıda hansı festival gözləyir?
 
- "Qara bağ” filmi indi nümayiş olunsa da artıq hər şeyi qabaqlayıb həm yerli həm də xarici festivalda qalib olub. Azərbaycanda Heydər Əliyev Fondunun və Ailə, Qadın və Uşaq Komitəsinin birgə keçirdiyi "Azərbaycan ailəsi 2015" Film Festivalında Ən yaxşı film nominasiyaı üzrə qalib oldu. Bundan sonra isə təbii ki istəyirdim ki, filmim həm də xarici festivallarda iştirak etsin və belə də oldu. Çində keçirilən Birinci Asiya Beynəlxalq Qısametrajlı Filmlər Festivalında "Qara bağ” filmi xüsusi mükafata layiq görüldü. Bu isə "Qara bağ” filminin beynəlxalq müstəvidə ilk mükafatı idi. Bundan əlavə Türkiyə keçirilən Rotary film festivalında və İranda keçirilən Beynəlxalq Fəcr Film Festivalında ölkəmizi gənc rejissor olaraq təmsil etmişəm.
 
İndi sentyabrdan festivallar başlayır. Özüm də diqqətlə maraqlanıram, izləyirəm. Düzdür, bu festivallarda məhdudiyyətlər, şərtlər çoxdur. Filmim siyasi çalarlıdır deyə bir çox festivala gedə bilmir. Bu film deyərdim ki, sırf Azərbaycanlı tamaşaçısı üçün çəkilib. Azərbaycan tamaşaçısının diqqəti bu filmə daha böyükdür. Əlavə olaraq onu da deyim ki, bu cür festivallarda ən çox 20 dəqiqəlik filmlərə yer verilir. "Qara bağ” filmi isə 26 dəqiqədir. Bu da bizim müəyyən mənada işimizi əngəlləyir. Ancaq ən çox Dağlıq Qarabağ məsələsinə görə maneçiliklər olur. Festivallarda siyasi münaqişələr müstəvisindən bəhs edən filmlərə maraqlı deyillər. Ancaq yenə də çalışırıq.
 
- Yaradıcılığınızda başqa nə yeniliklər var?
 
- Ssenarilərim çoxdur. Hazırda yeddi ssenarim var. Bunların içərisində kommersiya xarakterli olanlar da var. Müntəzəm olaraq ayrı-ayrılıqda üzərlərində işləyirəm. Vətənpərvərlik, idman, sevgi, melodrama və müəllif filmləri... Ümid edirəm ki, onlar da nə vaxtsa filmə çevriləcəklər.
 
- Azərbaycanda "yeni istedadlı kinorejissorlar nəsli yetişir” demək olarmı?
 
- Əlbəttə, Azərbaycanda kifayət qədər istedadlı gənc rejissorlar var. Misal üçün elə bayaq adını çəkdiyim Ayşad Səfərəliyev. Ayşad Səfərəliyev mistika janrında Qarabağ mövzusuna özünəməxsus şəkildə toxunub. Filmi Qırğızıstanda mükafata da layiq görülüb. Yetərincə potensialı olan rejissordu. O da mənim kimi Moskvada təhsil alıb. Bundan savayı aktyor dostumuz Ülvi Carçıyevin adını çəkə bilərəm. Moskvada və bir neçə ölkədə  filmlərə çəkilib.Perspektivi və texnikası olan və kamera ilə işləməyi bacaran bir aktyordur. Başqa ssenarist Orxan Səmədovun adını çəkə bilərəm.Orxan da hal-hazırda Moskvada təhsil alır və ümid edirəm ki Orxan da Azərbaycanın gələcək tanınmış ssenaristlərindən biri olacaq. Dostum Ayşadla bir yerdə Ülvi baş rolda olmaqla yaxınlarda kommersiya filmimizin çəkilişlərinə başlamağı planlaşdırırıq. Kino komanda işidi. Öz düşündüyün kimi və öz zövqündə ola biləcək adamlarla çalışanda iş daha maraqlı və daha keyfiyyətli olur. İnanıram ki adlarını çəkdiyim dostlarımla çox uğurlu bir iş ortaya qoya biləcəyik.
 
- Bir rejissor kimi nə vaxtsa filmində müsbət erməni obrazı yaratmağı düşünmüsünüz?
 
- Müsbət erməni?
 
- Bəli.
 
- (Düşünür)... Mənim bu cür bir ssenarim var. Düzdür erməni mübət obraz deyil tam olaraq. Mən bu cür mövzulara- millətlərarası mübahisəli münasibətlərə bir az sənət nöqteyi- nəzərindən kospmopolit yanaşmağın tərəfdarıyam. Atamın iki əmisi oğlu Qarabağda şəhid olub. Xeyli qohum-əqrabam Qarabağ müharibəsində əlil olub.Torpaqlarımızda didərgin düşmüşük,vaxtı ilə hətta vaqonda da yaşamışıq. Bir insanın illərlə qurub yaratdığı evində indi başqalarının,aidiyyatı olmayan insanların yaşaması sadəcə dəhşətdir. Ancaq illər keçəcək. Xalqlar müharibəsiz yaşamağın gözəlliyini anlayacaqlar. Sülhsüz yaşamaq mümkün deyil. Moskvada oxuyanda universitetdə bəzən təsadüfən liftə erməni ilə birgə minirdim. Çox qəribə hisslər keçirirdim. Yazdığım bir ssenaridə açığını desəm müsbət erməni obrazı var. O obrazda erməni obrazı müsbət olsada o,məhz öz millətindən olan ermənilərin törətdiyi vəhşiliklərin qurbanı olur.
 
- Erməni öz "erməniliyinə” dözə bilmir, "partlayır”...
 
- Bəli, tamamilə doğrudur. O senarimdə bir erməni ailəsi var. Valideynləri türklərə qarşı amansızdırlar. Ancaq uşaq bunun əleyhinə çıxır...
 
- Deməli problemin həlli gələcək nəsilərə ötürülür?
 
- Qismən. Hər iki halda gələcək nəsillərin məsuliyyəti daha böyükdür!
 
Qlobal.az
loading...



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook