“Zəngəzur koridoru açılmasa Laçın dəhlizini bağlamalıyıq” - Politoloq
Noyabr 24
15:36
2021
"Ermənistanın Baş naziri Nikol Paşinyanın mətbuat konfransında dedikləri həm daxili auditoriyaya hesablanıb, həm də Moskvaya yönələn mesajlardır. Amma onun fikirlərində məntiqsizlik var”.
Ekspert vurğulayıb ki, N.Paşinyanın dünən keçirdiyi mətbuat konfransında səsləndirdiyi fikirlər reallığa uyğun deyil: "O bildirir ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanacaq, lakin bu, Qarabağa aid olmayacaq. Bu, sadəcə mümkün deyil. Çünki sülh müqaviləsinin imzalanması ölkələrin bir-birilərinin ərazi bütövlüyünü tanıması deməkdir. Fikrimcə, Azərbaycan Prezidenti İlham Əliyev, Rusiyanın dövlət başçısı Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında noyabrın 26-da Soçidə keçiriləcək görüşdə sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı komissiya yaradılacaq”.
N.Paşinyan mətbuat konfransında Azərbaycanı Ermənistana münasibətdə aqressiv siyasət yürütməkdə və ya cəngəllik siyasəti aparmaqda ittiham edib. Əslində bu erməni həyasızlığının növbəti nümunəsidir. İrəvanda oturanlar bununla 30 il Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasətini ört-basdır etmək istəyirlər. Amma bunu bacarmayacaqlar, neçə ki işğal dövründə buna nail ola bilmədilər. Hələ bu gün də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində Ermənistan silahlı qüvvələrinin ünsürləri qalmaqdadır. Azərbaycan Qazax rayonunun kəndləri və Naxçıvanın Kərki kəndi Ermənistanın işğalı altındadır.
N.Paşinyan hökumətinin parlamentə çıxardığı və təsdiq olunduğu sənəddə Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları növbəti dəfə təsdiq olunub. Hökumət başçısı öz nitqində Qarabağı yenə də "Artsax” adlandıraraq Azərbaycanın bu bölgəsinin öz müqəddəratını təyin etmə statusuna malik olduğunu bildirib. Bütün bunlar Ermənistanın Azərbaycana qarşı yürütdüyü aqressiv siyasətinin açıq nümunələridir.