Yaşar Qurbanov: İlahiyyatçı yoxsa ...?
Aprel 02
08:08
2016
Rəşad Axundov interpolun axtarışına düşərkən, Polşaya qaçarkən Yaşar Qurbanov kimlərin himayədarlığı ilə istintaqdan yayına bilir?

Yaşar Qurbanov Səudiyyə Ərəbistanı Krallığında dini təhsil almış ilk şəxslərdən biridir. Azərbaycanda ilahiyyatçı kimi tanınan Qurbanov ölkədə nə şiə, nə də sünni dini verilişləri olmadığı halda uzun illərdir müxtəlif radio və televiziya kanallarında dini verilişlər aparır. Bu veriliş "İslam dünyası" adı altında Antenn FM, Araz FM kimi radiolarda, habelə, Xaçmaz və Yevlax regional televiziyalarda yayımlanır. Həmçinin, jurnalist fəaliyyəti göstərən ilahiyyatçı "islamevi.az" saytını idarə edir.

Azərbaycan reallıqlarını bilən hər bir kəsə gün kimi aydındır ki, bu insanın arxasında daxildə və xaricdə olan qüvvələr dayanır. Belə ki, mətbuatda ara-sıra onun arxasında yüksək vəzifəli bir generalın durduğu barədə yazılar dərc olunur. Qurbanova yaxın insanlar həmin generalı hətta onun xeyir-şər məclislərində gördüklərini belə deyirlər.

Xarici qüvvələrə gəldikdə isə, Yaşar Qurbanov ABŞ və başqa qərb ölkələrinin səfirlikləri ilə də yaxşı münasibətdədir. Buna sübut onun bu ölkələrdə müxtəlif konfranslarda iştirak etməsidir. Hətta məşhur "wikileaks" qalmaqalında amerikalı diplomatların Azərbaycan barədə verdiyi məlumatlarda xüsusi olaraq Yaşar Qurbanov barədə məlumat da yer alır.

Yaşar Qurbanovun Birləşmiş Ərəb Əmirlikləri ilə qaranlıq bağlar bağladığını isə hər kəs yaxşı bilir. Beləki, o, BƏƏ-nin Azərbaycandan qovulmuş "Dar al ber" təşkilatının Bakı filialının rəhbəri olub. Qeyd edək ki, adı çəkilən təşkilat xeyriyyə adı altında uzun illər Azərbaycanda sələfi təriqətinin Qamət Süleymanova yaxın olan qolunun maliyyələşdirilməsi ilə məşğul olub.
(Bunu və digər faktları sübut edən şəkilləri email-ə bərkidirəm).

Ən maraqlısı isə odur ki, "Dar al ber" təşkilatının Bakı filialı 2014-cü ildə bağlanıb və rəhbərlərindən biri, Rəşad Axundov, külli miqdarda vergidən yayınmada təqsirləndirilib və həbsdən canını qurtarmaq üçün Polşaya qaçıb, interpolda axtarışdadır. Lakin hansısa "möcüzəvi əl" sayəsində Yaşar Qurbanovun adı bir vaxtlar bütün medianı zəbt etmiş bu barədə xəbərlərdə yer almadı.


Media demişkən, Qurbanovun media ilə xüsusi münasibətinin olmasını onu tanıyan hər kəs bilir. (Burada konkret saytların və jurnalistlərin adları çəkilir- red)
İş o həddə gəlib çıxıb ki, onunla arasında mübahisəsi olduğu hər kəsi "səni mediada biabır edəcəm", "səni tutduracam" və s. təhdidlərlə hədələyir. Və edir də! Demək olar hər gün mediada, əsasən də Qamət Süleymanovla yola getməyən Mədinə tələbələri barədə, "radikalların başçısı filankəs", "Suriyaya adam göndərən filankəs", "Azərbaycanda xəvaric təbliğatı aparan filankəslər" kimi yalan və böhtanla dolu məlumatlar çıxır.

Qəribədir, Azərbaycanda əgər, doğurdan da, bu qədər radikal var idisə, insanları Suriyaya göndərirdilərsə, bu sahədə çox güclü çalışan hüquq-mühafizə orqanlarımız bu vaxtacan bundan xəbərsiz və hərəkətsiz qalardılarmı? Bu ərəblərin puluyla var-dövlət sahibi olan "şustrı" mollaya möhtacmı qalıblar?! Bu insana dövlətin adından danışmağa, insanları təhdid edərək, onlara torba tikərək qorxu içində yaşamağa vadar etməyə kim ixtiyar verib?!
Qarşı tərəfin də fikirlərini dərc etməyə hazırıq.
Qlobal.az





