Vüqar Rəhimzadə: "Prezidentin 2022-ci ili “Şuşa İli” elan etməsi xalqımızı qürurlandırdı"
Yanvar 05
14:07
2022
"2022-ci ilin ilk günlərini yaşayırıq. Yeni il hər zaman yeni hədəflərin, vəzifələrin müəyyənləşdirilməsi kimi xarakterizə olunduğundan ötən ilə baxış bir zərurət kimi qarşıda dayanır. Dövlət başçısı İlham Əliyevin 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciəti 2021-ci ilin uğurları fonunda cari ildə görüləcək işlərin, hədəflərin aydın mənzərəsini təqdim edir. "Azərbaycan uğurla inkişaf etdi və bu gün daha güclü Azərbaycan dünyada tanınır” söyləyən möhtərəm Prezidentimiz İlham Əliyev ölkəmizin iqtisadi, siyasi, diplomatik uğurlarını əsaslı şəkildə, statistik rəqəmlərlə açıqladı. 2021-ci ili Azərbaycanın tarixi Zəfərinin yaratdığı reallıqların təsdiqi və qəbulu ili kimi qeyd etməyə mühüm əsaslar var. Atdığı hər addımında ədaləti və beynəlxalq hüququ əsas prinsip kimi öndə saxlayan Azərbaycan 44 gündə 30 ilin işğalına, ədalətsizliyinə, Dağlıq Qarabağ münaqişəsinə ikili standartlara əsaslanan yanaşmaya son qoymaqla hansı gücə, imkanlara malik olduğunu işğalçı Ermənistana və ona havadarlıq edən dövlətlərə göstərdi. Heç şübhəsiz ki, beynəlxalq hüquqa, ədalətə əsaslanan mövqeyimiz döyüş meydanında üstünlüyümüzə geniş imkanlar açdı. Azərbaycan ötən il istər işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa və quruculuq işləri, istərsə də 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın müddəalarının icrası istiqamətində göstərdiyi səyləri və əldə etdiyi uğurları ilə diqqətdə oldu. Ölkə Prezidentinin qeyd etdiyi kimi, bütün dünya İkinci Qarabağ müharibəsinin nəticələrini qəbul etdi. Müharibədən sonra cərəyan edən proseslər haqlı olduğumuzu bütün dünyaya bir daha sübut etdi. Vətən müharibəsi dövründə ölkəmizə qarşı səsləndirilən ittihamların əsassızlığı təsdiqləndi. Həmin reallıqların dünyada qəbul olunması Azərbaycanın diplomatik uğurlarının miqyasını daha da genişləndirdi.”
Bu fikirləri Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
Vüqar Rəhimzadə vurğulayıb ki, bu gün işğaldan azad edilmiş ərazilərimiz quruculuq meydanını xatırladır: "Bunun üçün son bir ildə görülən işlərin miqyasına diqqət yetirmək kifayətdir. Təkcə bir faktı qeyd edək ki, 2021-ci ildə ölkə Prezidentinin regionlara 47 səfəri olub ki, onların 32-si işğaldan azad edilmiş ərazilərimizədir. Hər bir səfər özlüyündə Böyük Qayıdışa doğru bir addımdır. Yeni sosial obyektlərin təməlinin qoyulması, qısa müddət ərzində bir çoxunun istifadəyə verilməsi Azərbaycanın iqtisadi gücünü nümayiş etdirir. Dövlət başçısının vurğuladığı kimi, dünya müharibələrinin tarixində müharibələrdən sonra bu sürətlə heç bir yerdə quruculuq-bərpa işləri aparılmayıb. Əsas vəzifəmiz keçmiş köçkünləri tezliklə dədə-baba torpaqlarına qaytarmaqdır.”
YAP Xətai rayon təşkilatının sədri bildirib ki, dövlət başçısı prioritetləri açıqlayarkən bütün bu işlərə nail olmaq üçün iqtisadiyyatın uğurla inkişaf etdirilməsini qarşıya əsas vəzifə kimi qoydu: "Ölkəmiz bərpa və quruculuq işlərini təkbaşına, heç kimdən yardım almadan həyata keçirir. 2022-ci ilin dövlət büdcəsində də bu işlərə kifayət qədər maliyyə vəsaiti ayrılıb. 2021-ci ilin 11 ayının sosial-iqtisadi göstəricilərinə diqqət yetirək. İqtisadiyyat 5,3 faiz, qeyri-neft iqtisadiyyatı 6,4 faiz, sənaye istehsalı 5,5 faiz, qeyri-neft sektorunda sənaye 20,7 faiz artıb. Valyuta ehtiyatlarımız 2,2 milyard dollar artıb. Xarici dövlət borcumuz ümumi daxili məhsulumuzun cəmi 17 faizini təşkil edir. Bu uğurlar ölkəmiz üçün təbiidir. Bu baxımdan ki, iqtisadiyyatın inkişafı dövlət siyasətinin əsasını təşkil edir. Azərbaycanın dayanıqlı inkişafı beynəlxalq maliyyə qurumlarının hesabatlarında da öz əksini tapır. İqtisadiyyatın inkişafında neft amilinə verilən önəm ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsi idi. Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələrinin uğurla icra edilməsi nəticəsində dövlət büdcəsinə milyardlarla dollar vəsait daxil olur ki, bu da öz növbəsində iqtisadi tərəqqiyə, əhalinin sosial müdafiəsinin gücləndirilməsinə yönəldilir. 2003-cü ildən iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını qarşıya mühüm vəzifə kimi qoyan dövlət başçısı İlham Əliyev bununla ölkəmizin bütün çətinlikləri uğurla aradan qaldıraraq davamlı inkişafını təmin etməsinə şərait yaratdı. Enerji sektorundan asılılıq artıq minimuma endirilib. İşğaldan azad edilmiş ərazilərimizin malik olduğu potensialdan səmərəli istifadəni təmin etmək üçün təsdiqlənən Milli Prioritetlər də gələcək inkişfın yol xəritəsidir.”
"2022-ci ilin ilk sosial paketi təqdim edildi” söyləyən Vüqar Rəhimzadə bildirib ki, yanvarın 1-dən maaşlar, pensiyalar, təqaüdlər əhəmiyyətli dərəcədə artırılıb. İki milyon yüz min insanı əhatə edən bu sosial paketin ümumi həcmi 1,5 milyard manatdır. Azad edilmiş torpaqlarda görülən işlər də sosialyönümlü işlərdir. Çünki o işlərin mütləq əksəriyyəti sosial xarakter daşıyır, keçmiş məcburi köçkünlərin tezliklə o ərazilərə qaytarılmasına hesablanıb.
Qlobal.az