SON XƏBƏR

Türkiyədə azərbaycanlıların daşınmaz əmlak alması niyə artır?

İyul 04
07:09 2021
"Türkiyə lirəsinin kəskin ucuzlaşması orada daşınmaz əmlak alan azərbaycanlıların sayının artmasına rəvac verib”.

Qlobal.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənov Türkiyədə daşınmaz əmlak almağa azərbaycanlıların daha çox maraq götərməsi səbəblərindən danışarkən deyib. Onun fikrincə, prosesə ənənəvi səbəblər təsir göstərib:

"Türkiyədə daşınmaz əmlak alan azərbaycanlıların sayının artmasında bir sıra amillər öz sözünü deyib. Başlıca olaraq bu prosesə ənənəvi mövcud olan səbəblər təsir göstərib. Türkiyədə daşınmaz əmlakın gəlirlilik əmsalı daha yüksəkdir. Məsələn, 100 minlik mənzili Azərbaycanda alan onu aylıq cəmi 300-400 manata kirayəyə verə biləcək. Türkiyədə isə bu qədər pula alınan mənzili 1200 manata kirayəyə vermək mümkündür. Bu da onu gösətrir ki, Azərbaycanla müqayisədə Türkiyədə belə vəziyyətdə mənzilin mənfəət norması 3-4 dəfə yüksəkdir”.

Ekspertin dediyinə görə, sözügedən tendensiyanın yaranmasında Azərbaycandan olan məmurlar da müəyyən dərəcədə rol oynayıb:

"Əsasən məmurlar gələcək yaşayış üçün özlərinə daha təhlükəsiz yerlər yaratmaqda maraqlıdır. Bu səbəbdən də əsasən Türkiyədə daşınmaz əmlak almağa meyil edirlər”.

Həmsöhbətimiz bununla belə düşünür ki, mövcud durumda əsas rol Türkiyə lirəsinə məxsusdur. Daha doğrusu, lirənin kəskin ucuzlaşması azərbaycanlıları qardaş ölkədə daha çox daşınmaz əmlak almağa həvəsləndirib:

"Prosesdə əsas katalizator rolunda türk lirəsinin dəyərsizləşməsindən yaranan fürsətdən istifadə çıxış edir. 100 dollar yarım il bundan qabaq təxminən 650 lirə idisə, bu gün artıq 850 lirəyə satılır. Lirənin belə sürətlə ucuzlaşması dövründə inflyasiya onunla ayaqlaşa bilmir. Belə şəraitdə isə xidmət və məhsulların istehlakı sahəsində əlverişli şərait yarandığı kimi, anoloji situasiya daşınmaz əmlak sahəsində də özünü göstərir. Belədə biznes təfəkkürlü insanlar bu vəziyyətdən yararlanmağa çalışır. Bunun nəticəsində də müvafiq statistika ilə üzləşmiş oluruq”.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook