SON XƏBƏR

“Türk ədəbiyyatı”ndan Nizami dünyasına töhfə

Avqust 24
22:45 2021
Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun təşəbbüsü və yaxından iştirakı ilə Türk dünyasının ən məşhur və nüfuzlu ədəbiyyat dərgilərindən olan, qədim ənənələrə malik elmi-publisist "Türk ədəbiyyatı” jurnalının Sentyabr (Eylül) sayında dahi Azərbaycan şairi Nizami Gəncəvinin yaradıcılığına geniş yer verilib.

Qaynarinfo xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin 5 yanvar 2021-ci il tarixli Sərəncmı ilə bu ilin "Nizami Gəncəvi ili” elan edilməsi mütəfəkkir şairin irsi ilə bağlı tədqiqat və araşdırmalara yeni rəvac verib. Dünyanın Azərbaycan sevdalısı və Azərbaycan ədəbiyyatı həvəskarı olan hər bir guşəsində məlum sərəncamdan irəli gələn tədbirlərlə əlaqədar görülən işlər hər kəsin bu ilə töhfə vermək istəyinin gözəl ifadəsidir. 

50 ildən artıqdır ki, Türk ədəbiyyatının, o cümlədən onun ən böyük qolu olan Azərbaycan ədəbiyyatının təbliği və tədqiqi işində əhəmiyyətli xidmətləri olmuş "Türk ədəbiyyatı” dərgisinin bu sahədəki fəaliyyəti şair, yazar və tərcüməçi İmdat Avşarın dərgiyə redaktorluğa başladığı dönəmdəm xüsusi istiqamət alıb.

Hər sayda Azərbaycan ədəbiyyatına ayrıca yer ayıran, öz sözlərilə desək, Azərbaycan ədəbiyyatına sevə-sevə xidmət göstərməsi ilə şərəf duyan və haqlı olaraq "Azərbaycan ədəbiyyatının dostu” adlandırılan İmdat Afşar bu sayın giriş sözündə yazır: "Bu il Türkiyədə həm "Yunus Əmrə və Türk dili ili”, həm də "Mehmet Akif və İstiqlal Marşı İli”, qardaş Azərbaycanda isə "Nizami Gəncəvi ili” elan edilib. Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ilə keçən il bağlanmış iki ölkə arasındakı ədəbi əlaqələri inkişaf etdirmək haqqındakı anlaşmaya əsasən bu sayımızda Nizami Gəncəvi yaradıcılığına yer verməyi uyğun gördük. Bu sayda Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli "Azərbaycan ədəbiyyatının dünya gözəli Nizami Gəncəvinin "Yeddi gözəl”i”, dosentlər Zəhra Allahverdiyeva "Nizami Gəncəvinin həyatı və dövrü haqqında araşdırma”, Siracəddin Hacı "Nizami Gəncəvinin "Yeddi gözəl” məsnəvisində dövlətçilik prinsiplərinin təsviri və təşviqi”, Təhminə Bədəlova isə "Nizami Gəncəvinin "Məxzənül-əsrar” məsnəvisində tarixi şəxsiyyətlər” məqalələri ilə önəmli məsələlərə toxunublar. Bu məqalələrin Şərqin klassik ədəbi zirvələrindən olan Nizami Gəncəvinin həyatı, sənəti, düşüncələri, şeirlərində istifadə etdiyi dil və əsərlərinə xas fərqli baxış yaradacağına üçmid edirəm”. 

Bu sayıda Talip Mert, Barış Berhem Acar, Rahid Ulusel, Ahmet Duran Arslan, Necati Tonga, Harun Ceylan, Hakan Kaya, Derya Çetin, Zekeriya Şimşekin məqalə, müsahibə və hekayələri, Mustafa Kubur, Ağacafer Hasanlı, Bülent Sayak, Vahdettin Oktay Beyazlı, M. Faruk Habiboğlu, Kazım Bal, Burhan Kazım Çalık, Şahnaz Şahin, Akşın Yenisey və Əjdər Olun şeirləri də yer alıb.

Ümidvarıq ki, "Türk ədəbiyyatı” dərgisinin hər sayı kimi Sentyabr (Eylül) sayı da oxucular tərəfindən maraqla qarşılanacaq və sevə-sevə oxunacaq.



Təhminə Bədəlova, dosent



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook