SON XƏBƏR

Türk Ağsaqqalları Birliyi ADAU ilə birgə Gəncədə Müstəqillik gününə həsr olunan tədbir keçirib - FOTO

May 27
00:19 2022
Türk Ağsaqqalları Birliyinin (TAİB) və  Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) birgə təşkilatçılığı ilə 28 May - Müstəqillik gününə həsr olunan konfrans keçirilib.   

Qlobal.Az Missiya.Az-a istinadla xəbər verir ki, Azərbaycan Dövlət Aqrar Universitetində keçirilən konfransda əvvəlcə Dövlət Himni səsləndirib, torpaqlarımızın azadlığı uğrunda canlarında keçən şəhidlərin əziz xatirəsi yad olunub.  

Tədbirdə ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov, Türk Ağsaqqalları Birliyinin sədri, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü, akademik Sudeif İmamverdiyev, Türkiyənin Gəncədəki Baş konsulu Zəki Öztürk, millət vəkili Pərvin Kərimzadə, YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov, Gəncə şəhər Ağsaqqallar Şurasının sədri Nurəddin Məmmədov, AMEA-nın nəznində Dünya Türkologiya Mərkəzinin rəhbəri, tarix elmləri doktoru Güllü Yoloğlu, ziyalılar, şəhər ictimaiyyəti, universitetin professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

Çıxış edən İbrahim Cəfərov deyib ki, Azərbaycan Xalq Cümhuriyyəti (AXC) 1920-ci ilin aprel ayında bolşevik işğalından sonra süquta uğrayıb. Süqut edən Xalq Cümhuriyyətinin üçrəngli bayrağını yenidən ucaldan və Azərbaycan xalqının əbədi müstəqilliyini təmin edən şəxsiyyət isə xalqımızın ümummilli lideri Heydər Əliyev oldu. Ümummilli Liderin sədrliyi ilə 1990-cı il noyabrın 17-də keçirilən Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sessiyasında alınmış tarixi qərara əsasən Azərbaycanın müstəqilliyinin əsas atributlarından olan AXC-in üçrəngli bayrağı qəbul olundu və bu bayraq ilk dəfə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin iclas salonunda yüksəldi.
 
Rektor deyib ki, bu gün Heydər Əliyevin əsasını qoyduğu siyasət Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə və reallıqlarına uyğun davam etdirilir. Azərbaycan beynəlxalq aləmdə turizm, tolerantlıq diyarı, idman ölkəsi olmaqla yanaşı, eyni zamanda innovasiyalar və informasiya-kommunikasiya texnologiyaları ölkəsi kimi də tanınmaqdadır.  

Türk Ağsaqqalları Birliyinin sədri, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü, akademik Sudeif İmamverdiyev çıxış edərək, zəngin dövlətçilik ənənələri olan Azərbaycan xalqının XX əsrin əvvəlində müsəlman Şərqində ilk demokratik respublika yaratmasının mühüm tarixi nailiyyət olduğunu qeyd edib. O, 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan xalqının tarixi qələbəsindən, işğaldan azad olunmuş torpaqlarda görülən tikinti-bərpa və quruculuq işlərindən də danışıb.

Türkiyənin Gəncədəki Baş konsulu Zəki Öztürk Xalq Cümhuriyyətinin mövcudluğunun uzun sürmədiyini və bolşevik işğalı nəticəsində Azərbaycanın uzun müddət Sovet İttifaqının tərkibində olduğunu qeyd edib.

O, 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyini çətinliklə və qurbanlar hesabına bərpa etdiyini, lakin müstəqilliyin ilk illərində siyasi və iqtisadi problemlərlə yanaşı, Ermənistanın hərbi təcavüzünə məruz qaldığını söyləyib. Konsul ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti və təcrübəsi sayəsində Azərbaycanın çətin vəziyyətdən xilas olduğunu və özünün inkişaf mərhələsinə qədəm qoyduğunu deyib.

AMEA-nın nəznində Dünya Türkologiya Mərkəzinin rəhbəri, tarix elmləri doktoru Güllü Yoloğlu isə Azərbaycan Xalq Cümhuriyyətinin ölkəmizdə ictimai-siyasi fikrin fomalaşmasında, xalqın özünütərk prosesində oynadığı roldan danışıb.  

Güllü Yoloğlu bildirib ki, Xalq Cümhuriyyətinin yaranması nəinki türk dünyasında, hətta ümumilikdə bütün müsəlman və şərq xalqları arasında müstəqillik ideologiyasını gücləndirdi. Müasir dövrdə türk xalqları arasında əlaqələrin sürətlə inkişaf etdiyini deyən Güllü Yoloğlu bildirib ki, Azərbaycan və Türkiyə bu birliyin möhkəmlənməsində mühüm rol oynayır.

Digər çıxış edən natiqlər 1918-ci il mayın 28-də yaradılan Azərbaycan Xalq Cümhuriyyətinin tariximizin şərəfli səhifələrdən biri olduğunu diqqətə çatdırıblar. Çıxışlardan sonra TAİB təmsilçilərinin müəllifi olduğu kitablar universitetin kitabxanasına hədiyyə edilib.

Bundan başqa, Südeif İmamverdiyev Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərova və Türkiyənin Gəncədəki konsulu Zəki Öztürkə TAİB-in xüsusi ploketlərini  təqdim edib.

Sonra tədbir bədii hissə ilə davam etdirilib. Tələbələrin ifasında vətənpərvər mahnılar oxunub, şeirlər söylənilib. Həmçinin, Azərbaycan və qardaş Türkiyənin milli rəqsləri nümayiş olunub, mahnıları səsləndirilib. Tələbələr vətənpərvər kompozisiya ilə çıxış edərək böyük coşğu yaradıblar. Sonda tədbir iştirakçıları Azərbaycan Xalq Cümhuriyyəti muzeyi ilə tanış olublar.  Burada onlara tarixi və maddi mədəniyyət örnəkləri, numizmatika nümunələri, rəsm əsərləri, xalça və xalça məmulatı, bədii tikmələr, bəzək əşyaları və digər sənət əsərləri haqqında məlumat verilib.
 
Sonda xatirə şəkili çəkdirilib.
 

 

 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook