SON XƏBƏR

Tələt Xanlarov: İzi yaşayan memar...

İyun 25
13:15 2021
Tələt Xanlarov 26 avqust 1927-ci ildə Bakı şəhərində anadan olub. Atası Bakı əsilzadələri nəslindən olan Peterburq Universitetinin hüquq fakültəsinin məzunu Аğasıbəy Əli Qulu bəy oğlu Xanlarov, anası Sara xanım Azərbaycan Tibb Universitetinin ilk məzunlarından biri idi.

Tələt Xanlarov 1956-cı ildə Azərbaycan Politexnik İnstitutunu bitirib.

O, 1956-1992-ci illərdə Dövlət Tikinti və Arxitektura Komitəsinin "Azərdövlətlayihə" Baş Dövlət Layihə İnstitutunda memar, layihənin baş memarı, 2 nömrəli memarlıq-layihələndirmə şöbəsinin rəhbəri, institutun Baş memarı vəzifələrində işləyərək əsas müəllif əsərlərini yaratmışdır.

1992-ci ildən "Akademik T.A.Xanlarovun yaradıcılıq emalatxanası"na başçılıq edib.

Tələt Xanlarov "İmam Rza" məscidi, Qafqaz İslam Universitetinin kompleksi, Nərimanov rayonunda Cümə məscidi, prokurorluq işçilərinin yaşayış binası, onlarla inzibati və yaşayış binalarının, fərdi bağ evlərinin layihələrini tərtib etmişdir.

Bununla bərabər Tələt Xanlarov Heydər Əliyev adına İdman Arenası, Memar Əcəmi metrostansiyası, Mərkəzi Statistika idarəsi, Baş Təchizat idarəsinin Hesablama mərkəzi, Nərimanov və Nizami rayonlarında icra hakimiyyətlərinin inzibati binaları, Mingəçevir şəhərində avarçəkənlərin Olimpik bazası, Sumqayıt şəhərində Üzeyir Hacıbəyov adına "Kimyaçı" Mədəniyyət Sarayı, Naxçıvan şəhərində Təbriz mehmanxanası kimi möhtəşəm əsərlərin müəllifidir.

1967-2002-ci illər ərzində Bakı Şəhər İcra Hakimiyyətinin Baş Memarlıq İdarəsinin Şəhərsalma Şurasının üzvü kimi fəaliyyət göstərib.

O, Qara Qarayev, Hüseyn Cavid, Tofiq Əliyev, Əlövsət Quliyev və digər tanınmış şəxsiyyətlərin yaşadıqları binalarda xatirə lövhələrinin və qəbirüstü abidələrin müəllifidir. 

"Şöhrət" və "Şərəf" ordenləri ilə təltif edilib.

Prezident təqaüdçüsü olub. 

1975-ci ildə AMEA-nın akademiki, Azərbaycan SSR əməkdar memarı fəxri adına layiq görülüb.

Tələt Xanlarov 2004-cü ildə vəfat edib.
 
(Mənbə: Yeni Evim)
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook