SON XƏBƏR

“Taliban”dan inanılmaz açıqlama: “Hakimiyyəti ələ keçirmək istəyimiz yoxdur”

Avqust 05
10:48 2021
"Bu, onun şəxsi fikridir. Xəlilzadın şərhlərini eşitmişik, amma mövqeyimiz budur ki, biz insanların islami istəklərini nəzərə alan bir razılaşma istəyirik".

Qaynarinfo xəbər verir ki, bu fikirləri Taliban sözçüsü Zabihullah Mücahid 4 avqust çərşənbə günü ABŞ-ın xüsusi elçisi Zalmai Xəlilzadın taliblərin gələcək Əfqanıstan hökumətində "şir payı" əldə etmək istədikləri ilə bağlı iddiasından danışarkən Arab News-a bildirib. O, bu fikri rədd edərək bunu Xəlilzadın şəxsi fikri adlandırıb.

Taliban sözçüsü əlavə edib ki, onlar hakimiyyəti inhisara almağa can atmırlar.

"Biz özümüz üçün heç nə istəmirik; biz İslam üçün xeyli qurbanlar vermişik. Millət əldən düşüb. Əlbəttə ki, tam bir İslam hökuməti olacaq və bütün tərəflər bununla razılaşmalı olacaqlar... Bütün əfqanlara bundan pay veriləcək", - o deyib.

Əfqanıstan daxili danışıqlar 2001-ci ildə ABŞ-ın müdaxiləsində Taliban devrildikdən sonra başlayan onillərlə davam edən münaqişənin siyasi həlli yolunda ilk rəsmi addım olub. Xəlilzad Əfqanıstan Prezidenti Əşrəf Qəni və administrasiyasının kənarda qaldığı ABŞ və Taliban arasında mübahisəli pərdəarxası danışıqların əsas koordinatoru qismində iştirak edib.

Bu danışıqlar 29 fevralda Qətərdə ABŞ-ın keçmiş prezidenti Donald Trampın administrasiyası ilə Taliban rəsmiləri arasında ABŞ və NATO qüvvələrinin may ayında başlayan 14 aylıq bir müddətdə Əfqanıstandan çəkilməli olduğu şərti irəli sürülən bir müqavilənin imzalanması ilə nəticələnib. O vaxtdan Xəlilzad Taliban və Kabul hökuməti arasında Dohada danışıqların asanlaşdırılmasında böyük rol oynayıb və səlahiyyət müddəti 2024-cü ildə bitəcək Qəninin yerinə müvəqqəti hökumət qurmaqla bağlı mart ayında təklif verib.

Hər iki qrup çərşənbə axşamı günü ABŞ dövlət katibi Entoni Blinkenlə Qəni arasında telefon danışıqlarında sülh prosesini sürətləndirməyin vacibliyi ilə bağlı razılaşmaya baxmayaraq, Doha danışıqlarında irəliləyişə nail ola bilməyiblər.

Bu, Qəninin parlamentin xüsusi iclasında Əfqanıstanın bir neçə yerində əhəmiyyətli üstünlük qazanmış Talibanla ümummilli müharibəyə çağırışdan və Kabildə müdafiə nazirinin evinə edilən hücumdan bir gün sonra baş verib.

"Kabildə müdafiə naziri general Besmilla Xanın evinə edilən hücumda bir qadın da daxil olmaqla 8 nəfər ölüb”, - Daxili İşlər Nazirliyinin sözçüsü Mirvais Stanekzai jurnalistlərə verdiyi açıqlamada deyib. Taliban hücumun məsuliyyətini üzərinə götürüb.

Qəni ölkənin təhlükəsizliyinin pisləşməsini Vaşinqtonun qoşunlarını geri çəkmə qərarı ilə izah edib. Bazar ertəsi günü parlament qarşısında təhlükəsizlik planını təqdim edən Qəni müharibənin qurbanı olan ölkənin "altı ay ərzində nəzarət altına alınacağını" bildirib və ABŞ-ın hərtərəfli dəstəyə söz verdiyini açıqlayıb.

Geri çəkilən qüvvələrin buraxdığı boşluq may ayının əvvəlindən etibarən üsyanını gücləndirən, Əfqanıstan hökumət qüvvələrini hədəfə alan və qərbdə, Qəndəharda və Helmandın paytaxtı Laşkar Qaxa bitişik olan Helmand əyalətinə hücumları gücləndirən Taliban qüvvələrinə cəsarət verib. 

Həm Taliban, həm də hökumət rəsmiləri çərşənbə günü qrupun əhəmiyyətli addımlar atdığı Laşkar Qaxın müxtəlif bölgələrində şiddətli mübarizə aparıldığını bildirib.

Helmand millət vəkili Mirvais Xadəm qubernatorun iqamətgahı, polis və kəşfiyyat qərargahı və mərkəzi həbsxana kimi bir çox hökumət binaları istisna olmaqla, Talibanın şəhərin bütün hissələrini nəzarətdə saxladığını söyləyib.

"Deyə bilərəm ki, indi Laşkar Qaxda küçə döyüşləri gedir. Taliban insanların evlərində gizlənib. Əfqanıstan qüvvələri onlara cavab atəşi açır və həm hökumət, həm də ABŞ qüvvələrinin bombardmanları davam edir", - Xadəm Arab News-a deyib.

O, ordunun sakinlərin Taliban tərəfindən nəzarət edilən ərazilərdə evlərini tərk etmələrini istəməsini tənqid edib.

"Hökumətin bu qərarı yersizdir. Hökuməti bunun əvəzində yaşayış binalarının olmadığı səhraya yollanmağa çağırdıq. Həm Taliban, həm də hökumət orada döyüşə bilər və kimin qalib ya məğlub olacağına da orda qərar verilə bilər", - Xadəm əlavə edib.

"Ancaq hökumət bunu qəbul etmədi. Müharibənin ən qatı vaxtı sığınacaq, yemək və digər şeyləri olmayan vətəndaşlardan belə isti havalarda evlərini tərk etmələrini istəmək ədalətsizlikdir", - Xadəm deyib.

O, həm Laşkar Qaxa endirilən bombardman, həm də hava zərbələri nəticəsində mülki insan itkilərinin olduğunu bildirib, lakin dəqiq ölüm sayını deyə bilməyib.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook